Azərbaycan ekoloji standart sahəsində irəliyə doğru daha bir addım atıb. Belə ki, respublika ərazisində dövriyyəyə buraxılan (idxal və ya Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Avro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli Qərarına əsasən, bu il aprel ayının 1-dən etibarən respublika ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-4” ekoloji normaları tətbiq ediləcək. Azərbaycanın müşahidə olunan sürətli inkişafı fonunda ölkə avtoparkının müasir avtomobillərlə əvəzlənməsində, ekoloji durumun yaxşılaşdırılmasında, insanların sağlamlığının qorunmasında, yanacaq sərfiyyatına qənaət olunmasında “Avro-4” standartı mühüm rol oynayacaq. “Avro-4” standartına cavab verməyən avtomobillərin isə ölkəyə idxalı dayandırılacaq. Bu barədə məlumat qəzetimizə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən daxil olub.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsini rəhbər tutaraq avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti bu qərarı verib. AZS 447-2010 dövlət standartına əsasən, növbəti ekoloji sinfə keçdikdən sonra daha aşağı sinfə aid olan avtonəqliyyat vasitələrinin və daxili yanma mühərriklərinin dövriyyəyə buraxılması qadağan ediləcək. Bu standarta əsasən, Azərbaycan Respublikasına gətirilən və ya respublikada istehsal olunan yeni avtonəqliyyat vasitələrinin bu standartın tələblərinə uyğunluğu sertifikatlaşdırma orqanı tərəfindən avtonəqliyyat vasitələrinin tipinin təsdiqi vasitəsilə müəyyən olunacaq.
Xatırladaq ki, avro ekoloji standartları (“Avro 0-6”) avtomobillərin atmosferə atdığı işlənmiş qazların (karbohidrogenlər, karbon monooksid, azot oksidi və sair) normasını müəyyən edir. İlk dəfə bu standartların tətbiqinə 1991-ci ildən Avropada başlanılıb. “Avro-0” adlanan ilk standart 1992-ci ildə “Avro-1” standartı ilə əvəz olunub. Əgər “Avro-0” standartı atmosferə 10 q/saat normasından artıq işlənmiş qaz atmağı qadağan etmişdisə, “Avro-1” ekoloji standartı bundan, təqribən, iki dəfə az – 4,9 q/saat normasından artıq işlənmiş qaz atmağı qadağan edib. 1995-ci ildə isə atmosferə 2,5 q/saat normasından artıq işlənmiş qaz atmağı qadağan edən “Avro-2” ekoloji standartı qəbul olunub. Elə həmin ildən başlayaraq Avropa ölkələri, ABŞ və Yaponiya “Avro-2” standartına keçib. 2000-ci ildən 1,5 q/saat normanı müəyyən edən “Avro-3” standartı, 2005-ci ildən 0,80 q/saat normanı müəyyən edən “Avro-4” standartı, 2009-cu ilin sentyabr ayından etibarən isə 0,60 q/saat normanı müəyyən edən “Avro-5” standartı qüvvəyə minib. “Avro-5” standartı 2014-cü ildən öz yerini “Avro-6” standartına verəcək.
“Avro-4” standartının tətbiqi yeni avtomobillərin idxalında məhdudiyyətə səbəb olmayacaq. Belə ki, ölkəmizdə fəaliyyət göstərən avtomobil markalarının rəsmi distribüter və dilerlərin təklif etdikləri bütün modellər “Avro-4” və “Avro-5” standartlarının tələblərinə cavab verir.
Xəbərlər şöbəsi