22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilib.
“Muxtariyyət ili” ilə əlaqədar keçilən açıq dərsdə məktəbin tarix müəllimi Arzu Babayeva ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqda şagirdlərə məlumat verərək bildirib ki, ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərdi. 1990-cı ilin iyul ayında – Naxçıvanın çətin günlərində xalqımızın böyük oğlu Heydər Əliyevin muxtar respublikaya gəlişi bu qədim torpağı xilas etdi. Dahi rəhbər yaxşı bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə, türk dünyası üçün nə deməkdir.

1990-cı il noyabrın 17-də muxtar respublika Ali Məclisinin I sessiyası keçirildi. Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyanın tariximizdə mühüm əhəmiyyət kəsb etməsi Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarların qəbul edilməsi ilə bağlıdır. Sessiyada, ilk növbədə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Naxçıvan Ali Sovetinin də adı dəyişdirildi, onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul olundu. SSRİ-nin hələ mövcud olduğu bir dövrdə belə qərarların qəbulu, həqiqətən, böyük cəsarət tələb edirdi. Sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə olundu.
Bildirilib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və qəbul edilən “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə Qanlı Yanvar hadisələrinə siyasi qiymət verilib, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilib və onların adları açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olunub. 1991-ci il sen­tyabrın əvvəllərində Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında mühüm hadisələr baş verdi. Sen­tyabrın ilk günündə muxtar respublikanın bütün sakinləri ayağa qalxıb qüdrətli siyasətçi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öz üzərinə götürməsini təkidlə tələb etdilər. Şəhərdə bir neçə gün ara vermədən davam edən və 60-70 min nəfərin iştirak etdiyi mitinqlərdə xalq öz qəti tələbindən dönmürdü. Nəhayət, bu təkidli tələb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sen­tyabrın 3-də keçirilən və tariximizdə mühüm hadisə olan fövqəladə sessiyasında yerinə yetirildi.
Qeyd edilib ki, bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən sayılan, Azərbaycan Respublikasının ayrılmaz  tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkəmizin müstəqilliyi dövründə böyük inkişaf yolu  keçibdir. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən blokada şəraitində olan Naxçıvanı  erməni hücumlarından, işğaldan qoruyub, muxtar respublikada sosial-iqtisadi və mədəni quruculuq  sahəsində geniş, çoxşaxəli tədbirlər həyata keçiribdir. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra muxtar respublika yeni yüksəliş yoluna qədəm qoyub. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçılarından olan Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 1995-ci ildə Naxçıvan  Muxtar Respublikası Ali Məclisinə Sədr seçiləndən sonra muxtar respublikada bütün sahələrdə güclü irəliləyiş baş verib, sənayedə, tikintidə, nəqliyyatda, kənd təsərrüfatında, təhsildə, mədəniyyətdə böyük quruculuq işləri həyata keçirilibdir. Bu gün Naxçıvan özünün əsl intibah dövrünü yaşayır.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR