22 Dekabr 2024, Bazar

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Vətənimizin bütövlüyünə göz dikən amansız düşmənlərə qarşı mübarizədə şərəfli bir yol keçmiş, öz varlığını təsdiqləmişdir. Muxtar respublikamız XX əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb siyasi-iqtisadi vəziyyətdən uğurla çıxaraq zəfərini davam etdirməkdədir. Naxçıvan bu zəfərlərə imza atmaq üçün mübarizələrlə dolu yol keçmişdir.

Rusiyada çar hakimiyyətinin devrilməsi əsarət altına alınmış xalqlar arasında, o cümlədən Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvanda azadlıq hərəkatını genişləndirmiş, milli istiqlala ümidləri artırmışdı. Bu dövrdə Naxçıvan, Culfa və Ordubad şəhərlərində milli komitələr yaradılmasına başlanmışdı. Milli komitələrin əsas vəzifəsi milli hərəkatın qarşısında duran vəzifələri müəyyən etməklə bərabər, seçkili orqanların və digər yerli hakimiyyət orqanlarının fəaliyyətinə köməklik göstərməkdən ibarət idi.

Bədxah ermənilərin bəd niyyətlərindən xəbərdar olan milli komitələr silahlı qüvvələrin yaradılmasını da unutmamışdılar. Milli komitələrdə bolşeviklərin heç bir rolu yox idi. 1918-ci ilin fevralında Zaqafqaziya Komissarlığını əvəz edən Zaqafqaziya Seyminin anti-Azərbaycan və anti-türk siyasəti Zaqafqaziyanın müstəqil dövlətlərə parçalanmasını gücləndirdi. Belə bir vəziyyətdə Naxçıvan ciddi təhlükə qarşısında qaldı. Türklərə qarşı mübarizə aparmaq pərdəsi altında daşnakların silahlı dəstələri Naxçıvana soxularaq kəndləri yerlə yeksan edir, dinc əhaliyə divan tuturdular.
Azərbaycanın həm siyasi, həm də iqtisadi mərkəzi olan Bakıda daşnakların və eserlərin hökmranlıq etdiyi bir şəraitdə Naxçıvan Milli Komitəsi yalnız özünə arxalana bilərdi. Tarix dəfələrlə göstərmişdir ki, ən çətin vaxtlarda xalq yalnız özünə arxalanmalıdır. Naxçıvandakı silahlı qüvvələrin silah və sursat təchizatı yaxşı olmadığından 1918-ci ilin yazında Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xan Naxçıvanski türklərin tabeliyində olan Maku xanının vasitəsilə türk komandanlığından hərbi yardım istəmişdi. Cəfərqulu xanın fəaliyyətini separatçılıq kimi dəyərləndirən Zaqafqaziya Seyminin narazılığına baxmayaraq, Naxçıvan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Cəfərqulu xan öz fəaliyyətini davam etdirmişdi.
1918-ci ilin mayında Zaqafqaziya Seymində ziddiyyətlərin kəskinləşməsi seymin  dağılmasına və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına səbəb oldu. Naxçıvan Milli Komitəsi Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən onunla birləşməyə hazır olduğunu bildirsə də, yaranmış siyasi və beynəlxalq vəziyyət xalqın bu arzusunu həyata keçirməyə imkan verməmişdi.
1918-ci ilin yayında daşnaklar Naxçıvanı Ermənistana birləşdirmək üçün hər cür fitnəkarlıqlar törədir, ingilislərdən yardım alaraq Andranikin başçılığı ilə Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qırırdılar. Süst, Çeşməbasar, Tumbul və sair kəndlər tamamilə dağıdılmışdı. Daşnakların bu azğınlıqlarına müttəfiq dövlətlər – İngiltərə və Fransa hərtərəfli yardım edirdi. Qafqaza dair fitnəkar planlarını həyata keçirməyə və Türkiyəni bu regionda sıxışdırmağa çalışan müttəfiqlər daşnak qüvvələrindən istədikləri kimi istifadə edirdilər.
Naxçıvanın bu çətin günlərində Türkiyə ordusu Şərur-Dərələyəz və İrəvan-Culfa dəmir yolunu öz əllərinə keçirərək Naxçıvana doğru irəliləyirdilər. Kazım Qarabəkir paşanın rəhbərlik etdiyi türk qoşunları Şərur qəzasına daxil olduqdan sonra daşnaklar hücumu müvəqqəti olaraq dayandırdılar. Fürsətdən istifadə edən Andranik Naxçıvanın ələ keçirilməsi üçün yeni planlar qurmağa başladı. Naxçıvan Milli Komitəsi daşnakların üstün qüvvələri qarşısında geri çəkilmək taktikası seçmişdi. Naxçıvanlılar müdafiə tədbirləri görərək torpaqlarımızın müdafiəsinə qalxdılar. Nehrəm kəndində bütün qonşu kəndlərin nümayəndələrinin iştirakı ilə xalq qoşunu dəstələri yaradıldı. Xalq qoşunu 1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq onu əzdi. Andranik xalq qoşununun təqibindən qorxaraq Qarabağa qaçdı. Daşnaklarla döyüşdə qətiyyət göstərməməsi ilk vaxtlar türklərlə Naxçıvan Milli Komitəsi arasında münasibətlərin soyumasına səbəb olmuşdu. Lakin bu, Türkiyənin yox, Türkiyəyə hər vasitə ilə təzyiq edərək onları regiondan sıxışdırmaq istəyən müttəfiqlərin siyasəti ilə bağlı idi. Lakin bu soyuq münasibət uzun zaman davam etmədi. Naxçıvan Milli Komitəsi Türkiyə ordusu ilə münasibətləri qaydasına qoyaraq silahlı dəstələrini gücləndirməyə başladı.
I Dünya müharibəsindəki məğlubiyyətlə əlaqədar olaraq, Türkiyə ordusu Cənubi Qafqazdan, o cümlədən Naxçıvandan çıxmalı idi. Belə bir vəziyyətdə Naxçıvanda ingilislərin nüfuzu artmağa başlamışdı. Britaniya hökuməti 1919-cu ildə Dəvəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda qoşun hissələri yerləşdirmək istəyir, bu ərazilərin ingilis hakimiyyət orqanları tərəfindən idarə edilməsinə cəhd edirdi. Naxçıvan rəhbərləri bu çətin vəziyyətə yerli muxtariyyəti saxlamaq şərti ilə ingilislərin təkliflərini qəbul etməyə razı olduqlarını bildirmişdilər. Bu çətin günlərdə AXC hökuməti Naxçıvana birbaşa yardım edə bilməsə də, Bəhram xan Naxçıvanskinin Bakıya səfərindən sonra zabit heyəti göndərməklə və hərbi təlimlər vasitəsi ilə Naxçıvana köməklik göstərirdi. Bakıda aparılan danışıqlar zamanı Naxçıvanın AXC-nin tərkibinə daxil olunması məsələlərinə də toxunulmuşdu. Lakin beynəlxalq vəziyyət, hələlik, buna imkan vermirdi.
1919-cu ilin yayında ingilislər tərəfindən ruhlandırılan daşnak qüvvələri yenidən Naxçıvana qarşı hücumlara başladılar. Naxçıvan, Şərur və Ordubaddan gələn məlumatlara görə, Ermənistan hökuməti müsəlman xadimləri həbs edir, hər addımda axtarışlar aparır, müsəlmanların əmlakını müsadirə edirdi. Ermənistan hökumətinin nizami hissələri Naxçıvan yaxınlığındakı müsəlmanların yaşadıqları Bulqan kəndini atəşə tutmuşdu, əhali vahimə içərisində evlərini tərk etməkdə idi. Əlbəttə, Naxçıvan torpağında özlərini əsl qəsbkar kimi aparan ingilislər və daşnaklar hər an xalqın qəzəbinə düçar ola biləcəklərini də unutmurdular. Məhz xalqın intiqamından qorxduqları üçün ingilis nümayəndəsi və daşnak general-qubernatoru şəhərdə deyil, Naxçıvandan üç kilometrlik məsafədə yerləşən hərbi düşərgədə lövbər salmağı daha məqsədəuyğun hesab etmişdilər.
Düşmənin özbaşınalığı ilə barışmayan xalq etiraz və çıxışlara başladı. 1919-cu ilin yazında Ordubadda, Şahbuzda, Zeynəddin, Bulqan və digər kəndlərdə ingilislərin müdafiə etdiyi daşnaklara qarşı çıxışlar olmuş, əhali işğalçılardan Naxçıvan torpaqlarını tərk etməyi tələb etmişdi. Düşmən özbaşınalığı uzun sürə bilməzdi. Milli azadlıq hərəkatının artmaqda olan dalğaları 1919-cu il iyunun sonu, iyulun əvvəllərində ingilisləri öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur etdi. Onlar getdikdən sonra Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnakların nizami qoşununu əzərək onları Naxçıvan ərazisindən kənarlaşdırmağa müvəffəq oldu.
1919-cu ilin ikinci yarısında Cənubi Qafqazda Paris Sülh Konfransının əsas təşkilatçılarından biri olan Amerika Birləşmiş Ştatlarının rolu artmağa başladı. ABŞ hökuməti Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xanla apardığı danışıqlarda Naxçıvanda ABŞ-ın general-qubernatorluğunu yaratmaq istədiklərini bildirmişdi. Onlar Paris Sülh Konfransı və Antantanın ittifaq şurası adından AXC hökumətinə bildirmişdilər ki, Naxçıvan və Şərur-Dərələyəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika general-qubernatorluğu təşkil olunacaqdır. Lakin ABŞ-ın bu mövqeyi AXC hökuməti və Naxçıvan Milli Komitəsi tərəfindən qəbul edilməmişdir. Naxçıvan Milli Komitəsinin rəhbərləri Cəfərqulu xan və Kalbalı xan ABŞ nümayəndəsi Haskeli inandırmaq istəyirdilər ki, bu şərtlərlə Naxçıvanda general-qubernatorluq yaradılması məqsədəuyğun deyildir. AXC hökuməti isə Naxçıvanda Azərbaycanın general-qubernatorluğunun yaradılmasında israr edirdi. AXC hökuməti altı min nəfərlik qoşun hissəsini silahlandırmağı Naxçıvan Milli Komitəsinə vəd etmişdi. Öz məqsədinə nail ola bilməyən ABŞ nümayəndəsi daşnakları Naxçıvana qarşı hücuma təhrik etdi və bu yolla onları tabe etməyə çalışdı.

Lakin döyüş qabiliyyətini çoxdan itirmiş Ermənistan ordusu heç bir əhəmiyyətli müvəffəqiyyət qazanmadı. Amerikalıların gözlədiklərinin əksinə olaraq hərbi toqquşmalar, azərbaycanlı əhaliyə qarşı törədilən qanlı cinayətlər Naxçıvan Milli Komitəsinin başçısı Kalbalı xanın hərbi, inzibati və siyasi hakimiyyətini daha da möhkəmlətdi. O həmçinin xəzinəyə, dəmir yoluna, poçt-teleqrafa və vergilərin qoyulmasına nəzarəti ələ keçirdi. Milli Komitə Naxçıvanda Sovet hakimiyyəti qurulanadək Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini davam etdirərək daşnak hücumlarına müvəffəqiyyətlə sinə gərdi. Naxçıvan əhalisinin mübarizliyi onun ərazi bütövlüyünün qorunmasını təmin etdi.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR