(Əvvəli qəzetimizin 25 yanvar 2014-cü il tarixli sayında)
Ermənilər general-qubernatorluq elan etsələr də, nə ingilis nümayəndələri, nə də general-qubernator şəhərdə yerləşə bilməmiş, onlar şəhərdən 3 kilometr uzaqda hərbi kazarmada yerləşmişdilər. Kalbalı xanın başçılığı ilə Naxçıvan xalq qoşunu daşnak qüvvələrini darmadağın edib Naxçıvan və onun ətraflarından qovdular. Bu zaman ermənilər bir neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800 erməni əsgəri və 8 zabiti əsir alınmışdı. Bundan istifadə edən respublika hökuməti öz nümayəndəsi Səməd bəy Cəmillinskini buranın müvəqqəti general-qubernatoru təyin etdi. Bundan sonra diyarı idarə etmək üçün zəruri olan dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy diyar qoşunlarının baş komandanı, Kalbalı xan isə onun köməkçisi (eyni zamanda Naxçıvan qoşun dəstəsinin komandiri) təyin olundu.
1919-cu ilin yayında Naxçıvanda olan amerikalı polkovnik Rey Naxçıvan Milli Şurasının sədri Cəfərqulu xanla danışıqlar apardı. Polkovnik V.Haskel Naxçıvan, Şərur və Dərələyəz qəzalarında xüsusi zona və bu ərazidə Amerika general-qubernatorluğu yaratmaq istəyirdi. Bununla əlaqədar V.Haskel öz layihəsini N.Yusifbəyliyə təqdim etdi. Bunu eşidən cənub-qərbi Azərbaycan müsəlmanlarının ümumi iclasının sədri Əli Səbri Qasımov, yerlilər cəmiyyətinin sədri Z.Məmmədov və nümayəndə heyətinin üzvü A.Nəcəfov hazırladıqları 10 maddəlik tələbnaməni N.Yusifbəyliyə təqdim etdilər. Bu tələblərin əsasında Naxçıvanı Azərbaycanın tərkibində saxlamaq fikri dayanırdı.
1919-cu il sentyabrın əvvəllərində Naxçıvan nümayəndələri Ə.S.Qasımov və K.M.Əsgərov polkovnik V.Haskelə 10 bəndlik memorandum təqdim etdilər. Görüş zamanı V.Haskel Ə.S.Qasımovdan soruşmuşdur ki, Naxçıvanın və digər regionların əhalisi bu regionların erməni hökumətinə verilməsinə necə baxar? Əli Səbri Qasımov bildirmişdir ki, əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti bütün qüvvələri ilə rədd edərlər.
Naxçıvan əhalisi polkovnik Reyə bildirmişdir ki, onlar azərbaycanlı general-qubernatordan başqa, heç kimi tanımaq istəmir. Əhalisi Azərbaycan türkləri olan Naxçıvan, Şərur, Dərələyəz rayonları, Vedibasar və Milistan Azərbaycanın ayrılmaz hissəsidir.
Delli və Reyin missiyası süquta uğramış, amerikalıların Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmamışdır.
1920-ci ilin martında türk hərbi dəstələri Naxçıvana gəldi. Kalbalı xan Türkiyənin yüksək hərbi ordeni ilə təltif edildi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi idarəsi isə daşnaklarla döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verdi.
1920-ci ilin aprelində Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal edildi, Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Azərbaycanda Sovet hakimiyyəti bərqərar olundu. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edildi və Hərbi İnqilab Komitəsi yaradıldı. Bir neçə gündən sonra – avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri M.Bektaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanova məktubla müraciət etdi: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir”.
Çox qəribədir ki, Naxçıvanda olan bolşevik ordusu Ermənistanla müharibə aparır, həm də onlarla siyasi və diplomatik danışıqları davam etdirirdi. Bu danışıqlarda Azərbaycanın hətta mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi müzakirə olunurdu. Bunu bilən N.Nərimanov V.İ.Leninə göndərdiyi məktubda yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...”
Naxçıvanın əhalisinin qətiyyətli mövqeyi və mübarizəsi ermənilərin Naxçıvan barəsindəki planlarını pozur. Bu işdə iri dövlətlər də onlara kömək göstərə bilmirlər. Məkrli niyyətlərini, hələlik, pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil (Azərbaycanın tərkibində yox – İ.H.) Sovet Respublikası kimi tanımış və bu diyar ilə əlaqədar iddialarından imtina etmişdir.
Beləliklə, bölgə əhalisi 1918-1920-ci illərdə misilsiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti uca tutmuş, diz çökməmiş, erməni silahlı quldur dəstələrinə layiqli cavab vermişdir. Bu məsələdən bəhs edən Ermənistanın birinci baş naziri O.Kaçaznuni 1923-cü ildə etiraf edirdi ki, “Müsəlman Naxçıvanı və Şərurunda,... müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.
Naxçıvan diyarının əhalisi heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmişdir. Naxçıvanlılar hələ o vaxt öz qəti fikirlərini belə ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”.
1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin keçirdikləri rəy sorğusunda Naxçıvanın 90 faiz əhalisi mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasında B.Şahtaxtinskinin də böyük əməyi və tarixi xidməti olmuşdur. O, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı bildirmiş, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdir. Bu zaman Türkiyə nümayəndələrinin Rusiya ilə apardığı danışıqlarda Naxçıvan məsələsinə də önəm verilirdi. Beləliklə, referendumun nəticəsi, B.Şahtaxtinskinin təklifi, Türkiyə tərəfinin tələbi ilə Naxçıvan üzərində Azərbaycanın suverenliyinin təmin edilməsinə və ən nəhayət, Naxçıvan əhalisinin neçə illər apardığı inadlı mübarizə Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səbəb oldu. 1921-ci il martın 16-da Siyasi Büro Azərbaycanın himayəsində Naxçıvan Sovet Sosialist Respublikasının təşkili barədə qərar qəbul etdi və həmin gün imzalanan Moskva müqaviləsinin 3-cü maddəsində də bu cəhət öz əksini tapdı: “Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.
Güney Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi (1921, 13 oktyabr) Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi və onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi.
Beləliklə, 1917-ci ildən mübarizə aparan naxçıvanlıların arzuları gerçəkləşdi, bölgənin ərazi mənsubiyyəti məsələsi Azərbaycan üçün qanuni qaydada həll olundu.
1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi xeyli müzakirələr getmişdir. Bu müzakirələrdə bir cəhət aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan aralı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi.
1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar (ölkə) adlandırıldı. 1924-cü il yanvarın 4-də Zaqafqaziya MİK Naxçıvan diyarını Naxçıvan MSSR elan etdi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-nın Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar respublika kimi göstərilmişdir.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu olmuşdur. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi göstərilmiş və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50 illik yubileyləri keçirilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirlərində iştirak edən və təntənəli yubiley iclasında nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Ulu öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 9 fevral 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə 85 illik yubileylərinin ölkəmizdə geniş qeyd olunması bunun bariz ifadəsidir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2014-cü il tarixli Sərəncamında göstərilir ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir.
Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi tədbirlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirərək demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.
Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıyan məqam əks olunmuşdur. Həmin hissə Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanmış və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilmişdir. Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, habelə hazırda qüvvədə olan 2 beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd olunmuşdur ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunmuşdur. Maddənin sənədə salınması Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyuk siyasi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən və 1921-ci ildə imzalanan Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənın hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, ölkə və muxtar respublika rəhbərinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası son 18 il ərzində hərtərəfli inkişaf etmiş, əsl intibah dövrünü yaşamaqdadır.
Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik