22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi, “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır...

Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bunu nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan etmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və kəşməkəşli tarixi inkişaf yolu keçmişdir. Vaxtı ilə coğrafi cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhədi ərazi ləğv olunmuşdur. İri kapitalist dövlətlərinin, xüsusilə Rusiyanın məqsədi Naxçıvanı Ermənistana vermək, bununla, türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Erməni daşnakları isə yaranmış şəraitdən istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını “böyük Ermənistan”a qatmaq siyasəti aparırdılar. Onların bu niyyətlərində Naxçıvanın zəbt edilməsi ilk planda dururdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ingilislərin və amerikalıların dəstək və yardımlarından istifadə edən erməni millətçiləri Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin arzularının reallaşmasına imkan vermə­mişdir. Naxçıvanın qəhrəman əhalisi Naxçıvan diyarını Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmiş, Azərbaycanla birləşmək uğrunda inadla mübarizə aparmışdır. Naxçıvanlıların qəhrəmanlığından bəhs edən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli Azərbaycan parlamentindəki çıxışında demişdir: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını... riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.
Ermənistanın Naxçıvana olan iddialarının artdığı bir dövrdə – 1918-ci il iyulun 7-də  Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını aldı. Lakin Birinci Dünya müharibəsində məğlub olan türk qoşunları Mudros müqaviləsinin şərtlərinə görə, Azərbaycanı, eləcə də Naxçıvanı tərk etdi. Bu zaman naxçıvanlılar qarşısında çıxış edən Kazım Qarabəkir Paşa bildirdi ki, “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”.
Naxçıvanlılar Naxçıvanı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikasını yaratdılar. Araz-Türk Respublikası hökumətinin tərkibi sədrdən və 6 üzvdən ibarət idi. Hökumətin sədri Əmir bəy Əkbərzadə idi. Bu respublikanın ərazisinə Naxçıvan qəzası, Ordubad dairəsi, Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad, İrəvan qəzasının bir hissəsi – Uluxanlı, Qəmərli, Vedi – Şərur-Dərələyəz qəzası, Mehri bölgəsi daxil idi. Sahəsi 8696 kvadratkilometrə çatırdı. Əhalisi bir milyon nəfərdən artıq idi.
Araz-Türk Respublikasının yaradılmasında ən başlıca məqsəd bölgənin erməni işğalına düşməsinə imkan verməmək idi. Hökumətin rəhbərliyi bu istiqamətdə fəal iş aparırdı. Araz-Türk Respublikasının hərbi qüvvələrinin yaradılması və formalaşdırılmasında hərbi nazir İbrahim bəy Cahangiroğlunun böyük əməyi olmuşdur. Onun köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil olunur, 500 nəfərlik süvari alayının yaradılmasına başlanılır. Yaradılan könüllü xalq dəstələri, təxminən, 20 tabordan ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi. Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən taborlara Həsən Şahverdioğlu, Ordubaddakı tabora İbrahimxəlil Axundov, Nehrəm taboruna Kəlbə Muxtar, Cəhri taboruna Kəlbə Kərim, Qulu bəy Dizə taboruna Məmmədrza bəy, şəhər taboruna Hüseyn Əliyev komandanlıq edirdi. Respublika əhalisinin öz müstəqilliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqlarını müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, həm də İrəvanın özünü qorxuya salırdı.
Respublika ərazisində milis idarələri və onların sahə şöbələri yaradılmışdı. Bütün qüvvələr Naxçıvanın qorunmasına və idarə olunmasına yönəldilmişdi. Yaradılan könüllü müqavimət dəstələri erməni daşnaklarına layiqli cavab verirdi. Xüsusilə Şərur-Dərələyəz mahalındakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə Kalbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər.
Aralarında müəyyən fikir ayrılıqlarına baxmayaraq, Naxçıvanın müdafiəsində Cəfərqulu xan, onun oğlu Kalbalı xan, Kərim xan, Rəhim xan, Kamran xan və yerli ziyalılar çox böyük xidmətlər göstərmişlər. Kalbalı xan respublika silahlı dəstələrinə komandanlıq edir, erməni hücumlarının qarşısını alırdı.
1919-cu ilin yanvarında ingilislər Naxçıvana gəldi və burada general-qubernatorluq yaratdılar. Bir ay sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri də Naxçıvana gəlib çıxdılar. Keçirilən müzakirələrdə siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələləri özündə birləşdirən akt tərtib edildi. Bu akt Naxçıvanın könüllü surətdə AXC-yə birləşməsi haqqında idi.
Naxçıvan əhalisi diyarın ingilislər tərəfindən Ermənistana verilməsinə qarşı mübarizəyə qalxdı.
Bununla əlaqədar Naxçıvan Müsəlman Milli Şurası üzvlərinin imzası ilə ingilis general qubernatoruna məktub göndərdilər və öz qəti etirazlarını bildirdilər. Məktubda Araz-Türk Respublikası əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə  gəlməsi faktı və səbəbləri öz əksini tapmışdır.
Naxçıvandakı ingilis missiyası ermənilərin respublika hüdudlarına hücumuna mane olmurdu və onların fəaliyyətində ikili siyasət özünü açıq-aşkar göstərirdi. Onlar bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifi ilə çıxış edirdilər. Naxçıvan əhalisi bu siyasətə qarşı inadla mübarizə aparırdı.
Naxçıvan Milli Şurasının sədri Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məktubda bildirdi ki, biz özümüzü Azərbaycanın ayrılmaz hissəsi hesab edirik və əminik ki, hər hansı səbəbdən hərbi qüvvə ilə kömək edə bilməsə də, heç olmasa top, tüfəng və patronla Azərbaycan bizə kömək edəcəkdir. Və hətta Azərbaycan bundan da imtina etsə, biz bu yolda canımızdan keçəsi olsaq belə, müqəddəs vədimizi yerinə yetirəcəyik.
İngilis nümayəndələri çox canfəşanlıqla Naxçıvanı erməni “idarəçiliyinə” vermək istəyirdi. Müsəlman Milli Şurası və Naxçıvan əhalisi buna qəti etiraz edirdilər. Əhalinin bir müraciətində deyilirdi: “Ermənilərə tabe olmaqla biz təkcə özümüzü yox, həm də ömrü boyu bizə lənətlər oxuyacaq nəslimizi alçaltmağa və təhqirə məruz qoyuruq. Buna görə də əlahəzrət general Devinin bizim Naxçıvan, Şərur və Vedibasar rayonlarımızın müvəqqəti də olsa, erməni hökumətinin idarəsinə verməsinə biz Allah tərəfindən bütün diyarın əhalisinə bəxş edilmiş azadlıq, arzu və meyillər üzərində zorakılıq faktı kimi baxırıq”.
İngilis komandanlığının və Ermənistan hökumətinin qərarlarına tabe olmayan naxçıvanlılar erməni işğalçılarına qarşı silahlı mübarizə aparırdı. Respublikada süvari, top və pulemyotları olan 6 min əsgərdən ibarət yarınizami qoşun yaradılmışdı. Hərbi əməliyyatlar zamanı naxçıvanlılar onların sayını, təxminən, on min əsgərə və silahlı könüllülərə çatdırdılar.
Erməni qoşunları dəfələrlə Naxçıvana hücum etmiş və layiqli cavablarını almışlar. Naxçıvanın şəhər və kəndlərinə hücumlarda təkcə erməni nizami qoşunları deyil, erməni əhalisi də iştirak edirdi.
(ardı var)

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR