“İqtisadi cəhətdən sürətlə inkişaf edən, beynəlxalq aləmdəki nüfuzu gündən-günə daha da artan, həyata keçirdiyi regional və qlobal layihələrlə dünyanın diqqətini özünə cəlb edən qüdrətli Azərbaycan Respublikası bu gün yüksək döyüş qabiliyyətinə malik mütəşəkkil, nizami və peşəkar silahlı qüvvələrə malikdir. Qürurla deyə bilərik ki, respublikamız iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə edib, Cənubi Qafqaz regionunun qüdrətli ordusuna malik güclü dövlətə çevrilib. Müasir texnika və silahlarla tam təchiz olunmuş ordumuz artıq qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazır möhtəşəm bir gücə malikdir”.
Bu fikirlər dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində keçirilən gənclərin hərbi xidmətə yola salınması mərasimində ifadə olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Mərasimi giriş sözü ilə idarənin rəis əvəzi, mayor Cəfər Hüseynov açaraq bildirib ki, hərbi xidmət keçmək, Vətəni qorumaq hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcudur. Milli Ordumuzun ilk yarandığı dövrlərdən fərqli olaraq, indi hərbi hissələrimizdə xidmət üçün hərtərəfli şərait yaradılıb. Dövlətimizin orduya böyük diqqət və qayğısının nəticəsidir ki, indi silahlı qüvvələrimiz müasir maddi-texniki baza ilə təmin olunub, şəxsi heyətin psixoloji hazırlığı yüksək səviyyədədir. Buna görə də hər il gənclərimiz böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanır, xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Unutmaq olmaz ki, qarşıda Azərbaycan əsgərini böyük sınaqlar gözləyir. Bu baxımdan hər bir əsgər hərbi xidmətdə özünü hərtərəfli hazırlamalı, texniki biliklərə dərindən yiyələnməlidir. Çünki işğal altında olan torpaqlarımızın azad edilməsi əsgərin əzmi, qətiyyəti və düşmənə layiqli cavabı sayəsində həyata keçəcək.
Mərasimdə Şərur Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Əli Qəribovun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Şərur Rayon Şöbəsinin sədri Elsevər Rüstəmovun, Şərur Rayon Prokurorluğunun baş müstəntiqi Abbas Hüseynəliyevin, Şərur Rayon Polis Şöbəsinin rəis müavini Nəzmi Vəliyevin çıxışları olub.
Valideyn Müseyib Hüseynov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yola salınmasının, bütün valideynlər kimi, ona da qürur hissi yaşatdığını deyib.
Çağırışçılar adından çıxış edən Vüsal Hüseynov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Qeyd edək ki, analoji tədbir Ordubad, Culfa və Kəngərli rayonlarında da keçirilib. Şəhər və rayonlarımızda yolasalma mərasimləri “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən keçirilir.
Xəbərlər şöbəsi