2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması ilə əlaqədar dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Naxçıvanşünaslıq Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Emin Məmmədov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvanşünaslıq Mərkəzi 9 fevral 2013-cü il tarixdə istifadəyə verilmişdir. Müasir avadanlıqlarla təmin olunmuş mərkəzdə kitabxana, elektron oxu zalı və arxiv fondu fəaliyyət göstərir. İndiyədək burada 1962 kitabın elektron kataloqu yaradılmış, 548 adda çap məhsulunun isə elektron variantı hazırlanaraq mərkəzin saytına yerləşdirilmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvanın qədim tarixinin, mədəniyyətinin, dövlətçilik əsaslarının öyrənilməsində mərkəzin böyük əhəmiyyəti vardır. 2014-cü ilin muxtar respublikada “Muxtariyyət ili” elan olunması qarşıya böyük vəzifələr qoymuşdur.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Məhəmməd Qəribovun, kollecin müəllimləri Xəzər Hüseynov və Sürəyya Ələkbərovanın məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki, Naxçıvanın əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərində yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə müharibə meydanına çevrilsə də, Naxçıvan heç zaman əyilməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlamışdır. Hələ XII əsrdə Naxçıvan şəhəri qüdrətli Atabəylər dövlətinin paytaxtı olmaqla bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermiş, milli dövlətçilik tariximizdə mühüm rol oynamışdır.
Bildirilmişdir ki, ötən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana birləşdirmək üçün bütün vasitələrə əl atmışlar. Bölgə əhalisinin inadlı müqaviməti nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə, ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırmışdır. Tarixi proseslərin inkişafının nəticəsi olaraq, Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Vurğulanmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində – bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasında, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Həmin dövrdə muxtar respublika müxtəlif çətinliklərə düçar olsa da, xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Naxçıvan bu vəziyyətdən çıxa bilmiş və bugünkü dinamik inkişaf yoluna qədəm qoymuşdur. Blokada şəraitində olan muxtar diyarın hərtərəfli və sürətli inkişafı bu gün hər elə nümunədir.
Sonra tədbir iştirakçıları Naxçıvanşünaslıq Mərkəzi ilə yaxından tanış olmuşlar.
Xəbərlər şöbəsi