22 Dekabr 2024, Bazar

Yanvarın 17-də Şərur Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2012-ci ildə də rayonda tikinti-quruculuq işləri geniş vüsət almış, Şərur Rayon Rabitə İdarəsi, Dərəkənd, Danyeri və Qorçulu kəndlərində kənd və xidmət mərkəzləri, Qarxun kəndində xidmət mərkəzi, Danyeri kəndində həkim ambulatoriyası inşa edilərək istifadəyə verilmişdir. Bundan başqa, Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414, Dərəkənd və Qorçulu kəndlərinin hər birində isə 216 şagird yerlik tam orta məktəb binalarının inşası başa çatdırılmış, Qarxun kəndində isə 504 şagird yerlik tam orta məktəb binası, həmçinin Yuxarı Daşarx kəndində Uşaq Musiqi Məktəbi, Danyeri kəndində məscid binaları əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hazırda rayon İcra Hakimiyyətinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur Rayon Şöbəsinin inzibati binasının və texnika parkının tikintisi davam etdirilir, Gümüşlü kəndində inşa edilən 20,5 meqavat gücündə olan Arpaçay Su Elektrik Stansiyasının tikintisində son tamamlama işləri aparılır.
Ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaqla təmin etmək, daxili tələbatın ödənilməsində idxaldan asılılığı azaltmaq və sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, 1766 torpaq mülkiyyətçisinə 7425 hektar ərazidə buğda əkininə görə 297 min manat məbləğində yardım verilmiş, 1145 ton mineral gübrə paylanmışdır. Aparılan tədbirlər nəticəsində payızlıq taxıl əkinləri də daxil olmaqla, 17 min 110,5 hektar torpaq sahəsində əkin keçirilmiş, rayon üzrə 17 min 971 ton meyvə, 1401 ton üzüm, 19 min 454 ton tərəvəz, 5218,2 ton bostan məhsulları, 2125 ton dən qarğıdalı, 76,3 ton günəbaxan, 9774 ton kartof istehsal olunmuşdur. Biçin keçirilmiş 9177 hektar taxıl sahəsindən 28 min 230 ton məhsul yığılmış, orta göstərici 30,8 sentner olmuşdur. 2012-ci ilin payızında 7425 hektar sahədə taxıl əkini keçirilmişdir ki, bunun 7312 hektarını buğda, 113 hektarını isə arpa təşkil edir.

“Rayonun Dərəkənd, Danyeri, Yuxarı Aralıq, Qarxun və Qorçulu kəndlərində rabitə şəbəkəsi tamamilə yenidən qurulmuşdur”, – deyən icra başçısı qeyd etmişdir ki, 2012-ci ildə rayon Rabitə İdarəsi tərəfindən əhaliyə 598 min 51 manatlıq poçt və rabitə xidməti göstərilmiş, 374 mənzilə yeni telefon xətti çəkilmişdir. 
Rayon Məşğulluq Mərkəzində 2012-ci ildə 604 nəfər işaxtaran qeydiyyata alınmış, həmin vətəndaşlardan 497 nəfər müxtəlif sahələrdə daimi işlə təmin olunmuş, 9 nəfər ahıl və əlil vətəndaş fərdi məşğulluğa cəlb edilmiş, onlar tərəfindən toxunmuş 963 cüt yun corab hərbi hissələrə göndərilmişdir.
İcra başçısı demişdir ki, 2013-ci ildə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunmaqla daha əzmlə çalışmalıyıq.
Sonra məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Sahib Musayev, Vergilər Şöbəsinin rəisi İsmayıl Fətullayev, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin müdiri Firuz Novruzov, Elekrtik Şəbəkəsinin direktoru Parlar Əsgərov və Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev çıxış etmişlər.

*   *   *

Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni icra başçısı Abbasqulu Abbasov açaraq geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunu da əhatə etmiş, Heydərabad qəsəbəsində Şahmat Məktəbi üçün bina, Sədərək kəndində Ticarət, xidmət mərkəzi və bazar kompleksi, 65 yerlik uşaq bağçası, kənd mərkəzi tikilərək istifadəyə verilmişdir. Hazırda içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
Ərzaq məhsulları istehsalını artırmaq məqsədilə həyata keçirilən tədbirlərdən danışan icra başçısı bildirmişdir ki, ötən il rayonda 3574 hektar sahədə əkin aparılmış, ümumilikdə, 18604,1 ton kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsi üçün suvarma işlərinin əsas rol oynadığı nəzərə alınaraq su itkisinin qarşısını almaq üçün 2500 metr uzunluğunda bəndbərkitmə işləri aparılmış, 58150 kubmetr həcmində ana arx və beton kanallarda lildən təmizləmə işləri görülmüş, 700 metr uzunluğunda suvarma xətti çəkilmişdir.
Əhalinin fasiləsiz elektrik enerjisindən istifadəsini yaxşılaşdırmaq məqsədilə 8740 metr məsafədə yeni elektrik xətti çəkilmişdir ki, bunun da 1240 metri yeraltı və 7500 metri hava xətti olmuşdur.
Payız-qış mövsümü ilə əlaqədar rayonda qazanxanalara baxış keçirilmiş, ehtiyat hissələri alınmış və yarana biləcək nasazlıqlar aradan qaldırılmışdır.
Rayonda fəaliyyət göstərən təşkilatların ötən il gördükləri işlərə diqqəti çəkən Abbas­qulu Abbasov bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsi tərəfindən 2003 nəfərə 3266408 manat pensiya, idarə və təşkilatlarda işləyənlərə müavinət olaraq 113102 manat, ümumilikdə, 3379510 manat vəsait ödənilmişdir. Həmin dövr ərzində 637688 manat məcburi sosial sığorta haqqı yığılmışdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən il ərzində 33 ailənin 121 nəfərinə sosial yardım, 18 nəfərə isə sosial pensiya təyin olunmuşdur. Qaraağac kəndində 1 ailəyə fərdi yaşayış evi tikilmiş, 4 müharibə əlilinə 4 ədəd “NAZ Lifan” markalı minik maşını verilmişdir.
Sədərək Rayon Vergilər Şöbəsi tərəfindən 2012-ci ildə 164000 manat plana qarşı 179000 manat vəsait yığılmışdır.
2012-ci ildə Sədərək Rayon Dövlət Sığorta Agentliyi tərəfindən 50395 manat sığorta pulu yığılmışdır. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2012-ci ildə 39185 manat artıq vəsait toplanmışdır. İl ərzində 12 nəfər zərərçəkənə 6350 manat ödəniş olmuşdur.
Qeyd olunmuşdur ki, rayonun təhsil, mədəniyyət, səhiyyə və digər təşkilatları da hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, hesabat ilində həmin qurumlar da öz vəzifələrini tələb olunan səviyyədə yerinə yetirməyə çalışmışlar.
Məruzə ətrafında müzakirələrdə rayon Maliyyə Şöbəsinin müdiri Məhərrəm Qədim­ovun, Vergilər Şöbəsinin rəisi Fəxrəddin Zamanovun, Dövlət Sosial Müdafiə Fondu Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyevin çıxışları olmuşdur.
Müşavirəyə icra başçısı Abbasqulu Abbasov yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR