Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs keçilmişdir. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin və Naxçıvan Türk Liseyinin şagirdləri açıq dərsdə iştirak etmişlər.
Açıq dərsdə Naxçıvan Türk Liseyinin tarix müəllimi Muxtar Mehralıyev ümummilli liderimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqda danışaraq bildirmişdir ki, müstəqil Azərbaycan xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını ulu öndər hələ Sovet hakimiyyəti illərində formalaşdırmışdır. Ulu öndər Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı müstəqil dövlət yaratmış nadir şəxsiyyətdir.
Qeyd edilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və kəşməkəşli tərcümeyi-halında Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövr mühüm əhəmiyyətə malikdir. Bu dövrdə dahi rəhbər çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmışdır.
Ümummilli liderin Naxçıvan Muxtar Respublikasında yaşadığı və Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə Naxçıvan ölkəmizdə müstəqil dövlətçiliyin böyük laboratoriyası funksiyasını həyata keçirmişdir. Hələ Sovetlər İttifaqı dağılmamış və Azərbaycanda dövlət müstəqilliyi elan olunmamış üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul edilməsi səviyyəsində nadir hadisə (17 noyabr 1990-cı il) məhz cəsarətli və uzaqgörən dövlət xadimi Heydər Əliyev tərəfindən Naxçıvanda həyata keçirilmişdi. Dünyada bundan başqa, müstəqil dövlətlər yaranmamış onun milli bayrağının qəbul edilməsi hadisəsinə təsadüf edilməmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması hadisəsi də məhz müdrik rəhbər Heydər Əliyev tərəfindən Sovetlər İttifaqının mövcudluğu şəraitində həyata keçirilmişdir.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şəhla İbrahimova bildirmişdir ki, Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün müəyyən olunması ilə dünyada azərbaycanlılar anlayışı meydana çıxmış və geniş bir hərəkatın əsası qoyulmuşdur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasının işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması xalqımızın böyük oğlu Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da dahi rəhbər Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılması ölkəmizin milli istiqlalında böyük öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu bariz şəkildə göstərməkdədir.
Açıq dərsdə vurğulanmışdır ki, Azərbaycan Respublikası ulu öndər, görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirilməsi sayəsində böyük sabahlara doğru qətiyyətlə addımlayır.
Sonra açıq dərsin iştirakçıları muzeydəki eksponatlarla tanış olmuşlar.
Xəbərlər şöbəsi