22 Dekabr 2024, Bazar

Gömrük əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha iki cəhdin qarşısı alınıb. Hər iki fakt üzrə araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşları narkotik vasitələri yenə də İran İslam Respublikasından əldə ediblər və hər iki fakt üzrə gizlətmə üsulu eyni olub.
Belə ki, 1975-ci il təvəllüdlü Babək rayon Qahab kənd sakini Fərzəliyev Mayis Atakişi oğlu anasına dərman almaq adı ilə evdən çıxıb və əvvəlcədən tanıdığı “iranlı tanış”ı ilə görüşüb narkotik vasitə əldə etmək üçün Culfa gömrük sərhəd-buraxılış məntəqəsindən keçərək Mərənd şəhərinə gedib. Əvvəllər “quş alveri” elədiyi şəxsdən bu dəfə göyərçin əvəzinə narkotik maddə alan Mayis Fərzəliyev elə həmin gün də geri qayıdıb. O, Culfa gömrük sərhəd-buraxılış məntəqəsində şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Şəxsi yoxlama zamanı vətəndaş Fərzəliyev Mayis Atakişi oğlunun corablarında gizlətdiyi xalis çəkisi 131 qram olan marixuana və xalis çəkisi 20 qram olan həşiş, ümumilikdə, 151 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Vətəndaş Fərzəliyev Mayis Atakişi oğlu ifadəsində bildirib ki, hərbi xidmət dövründə də cinayət əməli törədərək ömrünün bir il səkkiz ayını həbsdə keçirib. Özünün dediyinə görə, narkotik maddə qəbul etdiyini ailədə və qohum-əqrəba arasında bilən olmayıb. Müəyyən yollarla əldə etdiyi narkotik vasitəni, əsasən, gizli yerlərdə qəbul edib.
Digər bir cinayət əməlini isə 1982-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, Xudat şəhər sakini Cavadov Xəyal Şaban oğlu törədib. O, əvvəlcədən əlbir olduğu İran vətəndaşı ilə telefon əlaqəsi saxlayaraq Biləsuvar gömrük sərhəd-buraxılış məntəqəsindən keçərək Təbriz şəhərinə gedib. Adı istintaqa məlum olan şəxslə Təbriz şəhərindəki “gürcü bazarı” deyilən yerdə görüşüb. Narkotik vasitə səhəri gün ona çatdırılacağından bir gecə oteldə qalmalı olub. 500 manatın müqabilində aldığı narkotik vasitəni elə qaldığı otaqda təhvil götürən Xəyal Cavadov Azərbaycan Respublikası ərazisinə keçmək üçün Culfa gömrük sərhəd-buraxılış məntəqəsinə gəlib. Onun üzərində aparılan şəxsi yoxlama zamanı corablarında gizlətdiyi xalis çəkisi 191,6 qram narkotik vasitə – tiryək aşkarlanaraq götürülüb.
Vətəndaş Cavadov Xəyal Şaban oğlunun planı İrandan əldə etdiyi narkotik maddəni Naxçıvan ərazisinə keçirib buradan hava yolu ilə Bakıya aparmaq olub. Xatırladaq ki, ötən il də iki belə fakt üzrə üç Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq həbs edilib.
Qeyd edək ki, hər iki fakt üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb. Qanunvericiliyə əsasən, Cinayət Məcəlləsinin bu maddəsi ilə təqsirləndirilən şəxs üçün üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR