22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixli Sərəncamından

Tarixdən gələn səslər

Coğrafi baxımdan kiçik, mənəviyyatca böyük olan Naxçıvanda min illərdən boylanan Əshabi-Kəhf mağarası, Nuhun məzarı, Haçadağ, Əlincə qalası kimi tarixi izlər onun ən qədim insanla yaşıdlığından, igidlər, ərənlər oylağı olmasından xəbər verir.

Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan həm də öz iqlimi və möcüzəli yerləri ilə həmişə diqqəti cəlb etmişdir. Xan Araza axıb tökülən çayların şırıltısı, hər qayanın dibindən qaynayan bulaqlar, bütün dünyada tanınan “Darıdağ”, “Badamlı”, “Sirab”, “Vayxır”, “Şor su” kimi mineral sular, “təbiət muzeyləri” adlanan məşhur “Batabat gölü”, “Zor bulaq”, “Südlü bulaq”, “Əlincə”, “Gəmiqaya”, “Oğlanqala”, “Ağ qaya”, “Gəlinqaya”, “Heykəlli qaya” əsrarəngizliyi ilə insanları özünə cəlb edir.
Bu müqəddəs torpağın yetişdirdiyi övladların səsi-sorağı dünyanın hər yerindən gəlir.
“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyimi ilə öz xalqının şərəfini uca tutan, tarixin yeni səhifələrinə öz imzasını atan ümummilli lider Heydər Əliyevin doğma yurdudur Naxçıvan.

Hansı fatehin nəzərindən uzaqda qalıb Naxçıvan? Bu torpaq yadellilər tərəfindən zaman-zaman zəbt edilmiş, dağıdılmış, lakin övladlarının əlləri ilə yenidən abadlaşdırılmışdır. Nuh Peyğəmbərin uyuduğu bu torpaq qədimdən Şərqlə Qərb arasında karvan yollarının kəsişdiyi yerdə qərar tutduğuna görə regiondakı güclü dövlətlərin zərbələrinə tuş gəlmişdir. Naxçıvan İran-Bizans müharibələri zamanı xarabaya çevrilmişdir. Sonra bura gələn ərəblər onu özlərinə istehkama çevirmişlər. Babəkin rəhbərliyi ilə Xürrəmilərin 20 ildən çox davam edən hərəkatında Naxçıvan dayaq nöqtəsi olmuşdur.
Zaman ötdükcə Naxçıvan Sacilər, sonra Salarilər dövlətinin tərkibinə qatılmışdır. XII əsrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı olmuş, bölgənin inkişaf, tərəqqi dövrü başlanmışdır. Bu dövrdə Naxçıvan həm mədəni, həm də iqtisadi cəhətdən inkişaf etmişdir. Məhz həmin dövrdən qalan və bu günə qədər qorunub saxlanan möhtəşəm tarixi abidələr – Möminə xatın və Yusif Küseyiroğlu türbələri və digər abidələr bu gün də Naxçıvanın o vaxtkı ehtişamına şahidlik edir. Bu abidələrin çoxunda Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəkasının izləri var...

Naxçıvanı ulu öndərin dəmir iradəsi qorudu

1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də sovet dövrü Naxçıvan tarixində yeni səhifələr açmışdır. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Tarixdə azadlıq bayrağının dəfələrlə ucaldıldığı Naxçıvanda 1990-cı il yanvarın 19-da SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul edilmişdir. Bu cəsarətli addım sovet imperiyasının ölümünə verilən ilk “fərman” idi. 1990-cı il noyabrın 17-də görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözləri çıxarılmış və Azərbaycanın üçrəngli milli bayrağı ilk dəfə olaraq Naxçıvanda dövlət bayrağı kimi qaldırılmışdır. Məhz ulu öndər Heydər Əliyevin sayəsində 1990-1993-cü illərdə Naxçıvan qorunub saxlanmışdır. Ulu öndər Azərbaycanda hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə Naxçıvan muxtar dövlətinin də tarixin yeni mərhələsində mövcudluğunu, dirçəlişini və tərəqqisini təmin etmişdir.
Bu gün Naxçıvan torpağına kimin ayağı dəyirsə, heyrətlənməyə bilmir. Naxçıvanın hər yerində quruculuq, gözəllik, abadlıq göz oxşayır. Tərtəmiz, yaraşıqlı küçələr, insanların bir-birinə mehriban münasibəti, bolluq və xoş güzəran bu yurda başqa bir ahəng verir. Tarix, mədəniyyət abidələrinin qorunmasında, iqtisadi inkişafda, sosial tərəqqidə, idman və turizmin inkişafında, bir sözlə, hər sahədə yüksəliş var.

Yol düzgün seçiləndə...

Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürür. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş cənab Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf yolunun ağır blokada şəraitində yaşayan, nəqliyyat əlaqələrinin maksimum məhdudluğu səbəbindən ciddi problemlərlə üzləşən muxtar respublikada davam etdiriləcəyini, öz fəaliyyətini bu proqram əsasında quracağını bəyan etmişdir. Ötən dövr ərzində Ali Məclisin Sədri bu yolu muxtar respublikada böyük əzmlə, yüksək dinamizmlə davam etdirmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Bu dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikanın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikada tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuşdur. Şəhər və rayonlarda, qəsəbə və kəndlərdə canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektləri yaradılmışdır.

Son illərin yüksəliş salnaməsi

Son 18 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər, həqiqətən də, yolun düzgün seçilməsi, dəqiq düşünülmüş icra intizamının və Heydər Əliyev yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmiş, muxtar respublikada iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir.
Son on ildə Prezident cənab İlham Əliyev muxtar respublikamıza 10 dəfə səfər etmişdir. Bu müddətdə dövlət başçısı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalamışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin son 10 ilin uğurlarını ümumiləşdirən geniş hesabatında bildirilir ki, iqtisadiyyat real ifadədə 12,5 dəfə, dövlət büdcəsi 11,7 dəfə artmışdır. İqtisadiyyata 3 milyard 704 milyon manat sərmayə qoyulmuşdur. Sənaye sahəsində 45,4 dəfə, kənd təsərrüfatında 4,5 dəfə, tikinti sekto­runda 14,2 dəfə, nəqliyyat sektorunda gəlirlər üzrə 3,3 dəfə, informasiya və rabitə sektorunda 9,7 dəfə, xarici ticarət dövriyyəsində 12,2 dəfə artım olmuşdur. 1 beynəlxalq hava limanı, 5 avtovağzal kompleksi tikilib istifadəyə verilmişdir. 50 körpü, 797 kilometr uzunluğunda yeni avtomobil yolları, 7,3 min kilometrlik qaz kəmərləri çəkilmişdir. Bu dövrdə 4 elektrik stansiyası işə salınmışdır. 954 istehsal və xidmət müəssisəsi yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2 dəfə çoxalmışdır. 58 min 460 yeni iş yeri açılmış, işsizliyin səviyyəsi sıfra enmişdir.
Dövlət büdcəsindən elmin inkişafına sərf olunan xərclər 10 dəfə artmışdır. Təhsilə yönəldilən xərclər 5,1 dəfə artmış, 27 min 284 şagird yerlik 84 ümumtəhsil məktəbi, 226 yerlik 11 məktəbəqədər təhsil müəssisəsi tikilmiş, məktəblər kompüter və digər informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur.
Səhiyyəyə sərf olunan xərclər 5,5 dəfə artmışdır. Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, 2 bərpa mərkəzi, 1147 çarpayılıq 21 xəstəxana, növbədə 2234 xəstə qəbul edə bilən 60 ambulatoriya-poliklinika müəssisəsi tikilib istifadəyə verilmişdir. Muzeylərin sayı 15 faiz, mədəniyyət və istirahət parklarının sayı 2,8 dəfə çoxalmışdır.
Əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55,1 dəfə artmışdır. Əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlmişdir. Yoxsulluğun səviyyəsi 35,1 faizdən 4,5 faizə enmiş, yoxsul əhalinin sayı 6,8 dəfə azalmışdır. Ümumi sahəsi 1 milyon 451 min kvadratmetr olan yeni evlər inşa edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası və 116 fərdi ev tikilmişdir. 1941-1945-ci illər müharibəsi veteranları, Qarabağ müharibəsi və Çernobıl əlillərinə 298 minik avtomobili verilmişdir.
İdman qurğularının sayı 988-ə çatmış, 1 Olimpiya İdman Kompleksi, 2 üzgüçülük mərkəzi, 1 stadion, 7 şahmat məktəbi tikilib istifadəyə verilmişdir.
Bəli, ötən 10 ilin ümumiləşdirilmiş xarakteristikası ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə əsaslı nailiyyətlər qazanılmış, hərtərəfli yüksəliş təmin olunmuşdur.
Bu təkcə son 10 ilin göstəriciləridir. Son 18 ilin nailiyyətləri daha böyük rəqəmlərlə ifadə olunur. Beş minillik şəhərsalma tarixi olan Naxçıvanın taleyində belə inkişaf və yeniləşmə böyük bir təntənədir. Məhz buna görədir ki, Naxçıvan Muxtar Respublikası Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın digər bölgələri ilə, xüsusilə də paytaxtla, hava nəqliyyatı istisna olmaqla, nəqliyyat-kommunikasiya əlaqələrindən təcrid olunmuş vəziyyətdə olsa da belə, pozitiv inkişafını davam etdirməyə qadir olan bir diyar kimi diqqət mərkəzində durur.
Ötən il dekabrın 28-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası tariximizə həm də 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan edilməsi ilə yazıldı. Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaq.
2014-cü il yanvarın 14-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika dövlət pro­qramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.

Tarix boyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrü yaşamış, torpağın üstündə və altında zəngin mədəni irs qoymuş qədim Naxçıvan bugünkü intibahı ilə sanki çəkdiyi müsibətlərin əvəzini çıxır, ulu köklər üstündə qol-qanad atıb daha xoş sabahına doğru inamla irəliləyir. Tarixin yeni Naxçıvanı dostlarımızı sevindirir, düşmənlərə gözdağı verir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR