22 Dekabr 2024, Bazar

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Rusiyanın məşhur batalist (döyüş mənzərələrini təsvir edən) rəssamlarından biri olan Viktor Vikentyeviç Mazurovskinin (1859-1917) çəkdiyi rəsmlər ötüb-gedən tarixi hadisələri əks etdirən əsərlərdir.  Qeyd edək ki, rəssam Polşanın tanınmış mazurlar nəslindəndir. O, ilk təhsilini 1876-1877-ci illərdə Varşava şəhərindəki rəssamlıq məktəbində almış, 1877-ci ildən isə Peterburqdakı Rəssamlıq Akademiyasında professor B.P.Villevoldenin sinfində təhsilini davam etdirmişdir.
1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak edən batalist rəssam V.V.Mazurovski həmyerlimiz, süvari generalı Hüseyn xan Naxçıvanskinin süvariləri ilə birgə döyüş zamanı maraq doğuran bir rəsm əsəri çəkmişdir. Elə döyüş vaxtı – canlı olaraq.

Bu rəsm əsəri ilə bağlı bir sıra axtarışlarımız oldu və nəticələri qəzetimizin oxucuları ilə bölüşmək istəyirik. Kəngərli nəslinə mənsub olan xan Naxçıvanskilər ailəsinin taleyi Rusiya imperiyasının Qafqazda apardığı siyasətlə sıx bağlı olmuşdur. Hərbçi Naxçıvanskilərin fəaliyyəti Rusiya imperiyasına hökmdarlıq etmiş Romonovlar sülaləsinin dörd nümayəndəsinin (I Nikolay, II Nikolay, II Aleksandr, III Aleksandr) hakimiyyəti dövrlərinə təsadüf edir.
Kəngərli tayfasının bir sıra nümayəndələri XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Rusiyanın hərb tarixində silinməz izlər qoymuş, həmçinin 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılmasında fəal iştirak etmişlər.
Həmin nəslin məşhur hərbçilərindən biri olan Hüseyn xan Naxçıvanskinin fəaliyyətinin bəzi məqamlarının yada salınması batalist rəssam V.V.Mazurovskinin çəkdiyi rəsm əsəri ilə bağlı bəzi tədqiqatlar aparılmasına kömək edə bilər. Ona görə də həmin illərin tarixinə xroniki olaraq ekskurs etməyimiz zəruridir.
23 fevral 1904-cü ildə Hüseyn xan Naxçıvanski hərbi xidmətdə fərqləndiyinə görə Bolqarıstanın dördüncü dərəcəli “Müqəddəs Aleksandr” ordeni ilə təltif olundu. Artıq bu zaman, necə deyərlər, Yaponiya ilə müharibə qapının astanasında idi. Port-Artur şəhəri uğrundakı  siyasi çəkişmə artıq rus-yapon müharibəsinə gətirib çıxarmışdı. Rusiyanın mötəbər dairələrində və hərbi nazirliklərdə başlayacaq müharibəyə ciddi hazırlıq gedirdi. Əlahəzrətin saray qvardiyasında xidmət edən polkovnik Hüseyn xanı Qafqaza, birbaşa Dağıstana göndərməyi qərara aldılar. Məqsəd orada yaşayan döyüşkən dağlı xalqlarından ibarət süvari polku yaratmaq idi.
Bu məsələ Rusiyanın hərbi nazirliyində geniş müzakirə edildi, əsasnamələr və əmrlər hazırlandı. 1 mart 1904-cü ildə polkovnik Hüseyn xan Naxçıvanski təcili olaraq Qafqaz hərbi dairəsinin sərəncamına göndərilir. Arxiv sənədində olan qeydlərdən məlum olur ki, o, 16 martda Dağıstanın paytaxtı Petrovska (indiki Mahaçqala) gəlir və İkinci Dağıstan Süvari Polkunu təşkil etməyə başlayır.
Rusiyanın hərbi nazirinin əmrinə əsasən, həm də Qafqaz süvari briqadası yaradılmalı və Qafqazın müsəlman xalqlarından yaradılan ikinci Dağıstan polku və Tersk-Kuban kazaklarından ibarət olan alay yuxarıda adıçəkilən briqadanın tərkibində birlikdə fəaliyyət göstərməliydi.
Əmrə əsasən, İkinci Dağıstan Süvari Polkunda 744 süvari olmalıydı. Altı sotnya (yüzlük), hər bir yüzlükdə 4 rota təşkil edilməliydi. Hətta yaş həddi də qeyd edilmişdi: 21-40 yaş.
Könüllü olaraq yaradılan bu qeyri-nizami süvari qoşun polkuna gələnlərin çoxluğu Hüseyn xanın işini çətinləşdirmişdi. Hətta ortayaşlı hərbçilər də gəlirdilər. Hüseyn xanın Sankt-Peterburqda tanış olduğu 84 yaşlı Surxay xan Qazıqumuxlu da fəxri bayraqdar kimi müharibəyə gedənlərin siyahısında idi. Surxay xanın bu hünərini görən gənclərin axını o qədər oldu ki, polk bir ay müddətində tam formalaşdı.
Əslində, bu polkun adı sənədlərdə “Avar-Dargin Süvari Polku” kimi yazılmışdır. Bu haqda o dövrün populyar hərbi qəzeti olan “Russkiy invalid” qəzetində məlumat verilmişdir (20 iyun 1906, № 133).
Çarın fərmanı ilə 25 mart 1904-cü ildə Sankt-Peterburq Qafqaz Süvari Briqadası yaradıldı. Briqadanın tərkibinə İkinci Dağıstan və Tersk-Kuban Süvari polkları da daxil edildi; general-mayor Q.İ.Orbeliani Qafqaz Süvari Briqadasının rəisi vəzifəsinə təyin olundu. Saray qvardiyasının süvari polkunun polkovniki Hüseyn xan Naxçıvanski İkinci Dağıstan Süvari Polkunun komandiri, polkovnik Plautin isə Tersk-Kuban Polkunun komandiri vəzifələrinə təyin edildilər.
Qeyd edək ki, yaradılan polklarda könüllülük prinsipi daha ciddi qanunlarla əvəzləndi. Çünki müharibənin öz sərt qanun-qaydaları var. Belə olmasa, fərariliyin qarşısını almaq çətin olar. İkinci Dağıstan Süvari Polkunun sıralarında Hüseyn xanın özü ilə Tiflisdən gətirdiyi zabitlərin çoxu əvvəllər Qafqaz Süvari Diviziyasının tərkibində olan Draqun Polkunun döyüşçüləri idilər. Onlar at üstündə əla döyüşməyi bacarırdılar.
Avarlardan ibarət olan yüzlükdə vaxtı ilə Avar xanı olmuş Əli xanın oğlu general-mayor Maqsud Əlixan­ov, qardaşları süvari döyüşçü Qayıtmaz və yasovul Umalat bəylər də var idi. Maraq üçün deyək ki, general-mayor Maqsud Əlixanov Hüseyn xanın bacısı Zərintac bəyimin həyat yoldaşı idi.
Hüseyn xanın qardaşı Rəhim xanın kürəkəni Feyzulla Mirzə Qacar da (məşhur opera müğənnisi Xurşid xanım Naxçıvanskayanın həyat yoldaşı) bu polkun tərkibində müharibəyə gedirdi. Hüseyn xan Naxçıvanski özünə köməkçi kimi Araz xan Hacı Muradı təyin etmişdi. Araz xan əfsanəvi döyüşçü Hacı Muradın nəvəsidir. Müharibəyə gedəndə podpolkovnik rütbəsində olan Araz xan sonralar, 1916-cı ildə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninin kavaleri olmuşdur.
İndi gələk əsas mətləbə, yəni V.V.Mazurovskinin çəkdiyi döyüş rəsm əsərinə. Bu rəsm əsəri belə adlanır: “İz nabeqa qenerala Mişenko. Ataka 2-qo Daqestanskoqo Polka u d. Lindanqau na yaponskuyu pexotu i artilleriyu pod komandoy Xana Naxiçevanskoqo. 14 yanvarya 1905 q” (General Mişenkonun qəfil həmlələrindən biri. İkinci Dağıstan Polkunun Xan Naxçıvanskinin komandirliyi altında Lindanqau kəndi yaxınlığında yapon piyada və artilleriyasına hücumu. 14 yanvar 1905-ci il)”.
Ecazkar rəsm əsəridir. Ölümün üzərinə qorxmadan gedən bu müsəlman süvarilərinin üz-gözlərində cəsurluq apaydın görünür. Döyüşçülər hamısı dağlıların süvari geyimindədirlər. Polkovnik Hüseyn xan irəlidədir. Onun döyüş atı şahə qalxıb. Hüseyn xanın solundakı ağ atın üstündə oturan Araz xan Hacı Muraddır. Burada müxtəlif bayraqlar – ağ, qırmızı, sarı, yaşıl, mavi ştandartlar (döyüş bayraqları) görünür. Döyüşçülər hamısı vəznəli çuxadadırlar. Hüseyn xan da milli süvari geyimindədir. Onun arxasınca bayraqdar qırmızı rəngli döyüş bayrağını tutub. Ancaq bütün polkun döyüşçülərinin kürəyinə qırmızı qanovuz parça bağlanıb. İllərlə axtardığımız bir suala bu rəsm əsərində cavab tapdıq. Bu işdə bizə gənc şair Elnur Kəlbizadənin yazdığı şeirdən bir misra yardımçı oldu: “Babəkimin qaldırdığı qanlı kəfən bayrağımdır”.
İlk dəfə müharibədə döyüşən Hüseyn xan Kəngərli ulu babalarından qalma bir döyüş adətinə əməl etmişdir. Çox uzaq tarixlərdə Kəngərli cəngavərləri döyüşə gedəndə özləri qorxmazlıq kəfənini bax beləcə kürəklərinə bağlayırdılar, hətta atlarının başlarına da bağlayırdılar. Onlar Şah İsmayılın döyüşlərində də belə fərqlənirdilər. 1905-ci ilin 14 yanvarında da Kəngərli varisi olan Hüseyn xan bu ənənəyə sadiq qalaraq döyüşçülərini də belə bir qayda ilə ruhlandırmışdır. Bu rəsm əsərində döyüşçülərin çiyin-çiyinə dostcasına irəlilədikləri və hünərləri məharətlə təsvir olunmuşdur.
Hüseyn xan Naxçıvanskinin komandirlik etdiyi İkinci Dağıstan Süvari Polku həmin gün böyük şücaət göstərmişdir. Bu döyüş – müsəlman süvarilərinin qeyri-adi cəsurluğu çarın 27 yanvar 1907-ci ildəki əmrindən çıxarışında təsvir edilmişdir: “... İkinci Dağıstan Süvari Polkunun komandiri olarkən birinci Zabaykalsk kazak batareyası bütün patronlarını atıb qurtardıqdan sonra yapon piyadalarının hücumuna məruz qalanda o, general-adyutant Mişenkodan düşmənə həmlə etmək əmri alıb, polkla yaponların cinahına girmiş və iki verstlikdən hücuma keçmişdir ki, bununla da, yaponların piyadalarını hücumu dayandırmağa və gizlənməyə məcbur etmişdir.
Yapon batareyası topu çevirib bütün atəşi dağıstanlılar üzərində cəmləşdirsə də, yaponların piyadaları polkun gizləndikləri yerə atəş açsalar da, Hüseyn xan hücumu davam etdirmiş və yalnız 300-400 metrlik keçilməz dərəyə çatdıqdan sonra geri dönməyə məcbur olmuşdur. Həm də ki, polk tam qaydasında, döyüş meydanında ölü və yaralı qoymadan geri çəkilmişdir”.
Elə bu döyüş hünərinə görə Hüseyn xan Naxçıvanski dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Və o vaxtlar Rusiya imperiyasında noyabrın 26-da “Müqəddəs Georgi” ordeninin təsis edilməsi ilə bağlı təntənəli bayram keçiriləndə İkinci Dağıstan Süvari Polkunun ünvanına aşağıdakı şüarlar səsləndirilmişdir: “Bu gün cəsurların bayramıdır, qəhrəmanların bayramıdır.
Eşq olsun onlara, eşq olsun!”

Həmin rəsm əsərinin çəkilməsindən 109 il ötür. Yağılar bu tarixi şəkli də özününküləşdirmək istəyirlər. Yox, bunu bacara bilməzlər. Çünki o süvari polkunu uzaq Mancuriyada döyüşə aparan əfsanəvi qəhrəman Xan Naxçıvanski – Hüseyn xan Kəngərli Qafqazın “ürəyi” olan oğuz yurdu Naxçıvanın yetirməsidir, unudulmaz övladıdır.
Eşq olsun ona!  

Musa QULİYEV,
Elnur KƏLBİZADƏ
AMEA Naxçıvan Bölməsinin əməkdaşları

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR