“Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov açıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı silahlı qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün ölkəmizin təhlükəsizliyini təmin edən müasir və güclü ordusu vardır. Ordu quruculuğuna ayrılan xərclərin ildən-ilə artırılması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir əsaslarla komplektləşdirilməsi işğal altında olan torpaqlarımızın da tezliklə azad olunmasına imkan verəcəkdir.
Görülən işlərin nəticəsidir ki, indi silahlı qüvvələrimizin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrində də xidmət üçün hərtərəfli şərait yaradılıb. Buna görə də gənc çağırışçılar böyük ruh yüksəkliyi ilə xidmətə yollanırlar.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Heydər Heydərov, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini Elnur İsmayılov, gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Məhərrəm Qənbərov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Mətləb Abbasi Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Qeyd edək ki, həmin gün Sədərək və Şahbuz rayonlarında da çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.
Səbuhi HƏSƏNOV