Yanvarın 18-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda apardığı mübarizə və Qanlı Yanvar faciəsinin səbəblərindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində dinc əhaliyə qarşı sovet ordu hissələri tərəfindən görünməmiş vəhşiliklər törədilmiş, insanlar amansızcasına qətlə yetirilmişdir. Xalqımız üçün bu ağır günlərdə ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciəni törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ulu öndər Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir.
Baş konsul 20 Yanvar faciəsinin törədildiyi zaman qardaş Türkiyənin müxtəlif bölgələrində, eləcə də Qars və İğdır şəhərlərində keçirilən etiraz aksiyalarının mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuş, tədbir iştirakçıları faciə ilə bağlı fotostendlərə baxmış, ehsan süfrəsi açılmışdır.
Mərasimdə Qars valisinin müavini Hakan Alkan, bələdiyyə sədri Nevzat Bozkuş, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, Ədalət və İnkişaf Partiyasının, Milliyyətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının Qars vilayət rəhbərləri və üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”