Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Azərbaycanın ən yeni tarixində Naxçıvan” mövzusunda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Məktəbin tarix müəllimi Nərminə Cəfərova bildirib ki, seçilmiş insanlar, bir qayda olaraq, fərqli missiya yerinə yetirirlər. Tarixin mənzərəsini yaratmaq onların üzərinə qoyulmuş vəzifədir. Xalqımızın böyük oğlu Heydər Əliyev də seçilmiş şəxsiyyətlərdəndir. Onun həyatının mənası da, tükənməz enerjisi də, qətiyyəti və müdrikliyi də seçilmiş insan olmasından irəli gəlir. Buna görə də Azərbaycanın tarixində ümummilli lider Heydər Əliyevin ayrıca rolu və yeri vardır. Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir. Ulu öndər Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaradıb. Və heç şübhəsiz, bu dövrə, bu tarixə onun adı əbədi həkk olunub.
Azərbaycanın ən yeni tarixində Naxçıvanın yeri və rolu haqqında danışan Nərminə Cəfərova bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Üçrəngli bayrağımız ilk dəfə ümummilli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb. Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Azərbaycan dövlətçiliyinə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi kimi Azərbaycan parçalanmalı və nəticə etibarilə, iri dövlətlərdən asılı vəziyyətə düşməli idi. Xarici dairələrin təsiri altına düşən sapı özümüzdən olan baltaların rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Amma onlar ən mühüm məqamı – Azərbaycan xalqının böyük inam bəslədiyi ulu öndərin ətrafında birləşmək istəyini nəzərə almamışdılar. Xalq görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişini vəziyyətdən yeganə çıxış yolu kimi görmüş və vaxtında öz böyük oğlunu Bakıya dəvət etməklə çox düzgün bir addım atmışdır.
Bildirilib ki, Azərbaycanımızın ayrılmaz hissəsi olan qədim Naxçıvan bu gün sürətli inkişaf yolundadır. Muxtar respublikamızda Heydər Əliyev yolunun bütün sahələrdə böyük uğurla davam etdirilməsi nəticəsində diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən nəhəng quruculuq tədbirləri Naxçıvanın hərtərəfli inkişafını təmin edir. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın bugünkü hərtərəfli inkişafı Heydər Əliyev yoluna sədaqətin bəhrəsidir.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
Səbuhi HÜSEYNOV