22 Dekabr 2024, Bazar

Nə qədər Azərbaycan var, istiqlal fədailəri unudulmayacaq!!!
…Yaxın və uzaq keçmişdə, xüsusilə də böyük imperiyaların tarixində bu dövlətlərin “şərəf dəftəri”nə qara hərflərlə yazıla biləcək tarixlər çoxdur. Bu gün elə dövlətlər var ki, imperiya sistemi darmadağın olsa da, həmin o tarixlər silinmir, imperiyanın varislərini əbədi qınaq obyektinə çevirir. Çox çətinlik çəkmədən elə əlimizin altında olan kitablardan onlarla belə misal gətirmək olar.  Ancaq məqsədimiz oxucularımızın diqqətini bu hadisələrin xronoloji ardıcıllığına yox, əliyalın əhaliyə qarşı törədilən qanlı qətliam­ların mahiyyətinə çəkməkdir.
Tarixi fürsətlərdən, hiylələrdən və hərbi gücdən yararlanılaraq qurulan bir ölkəni xalqlar məhbəsinə, azad fikir həbsxanasına çevirən imperiyalar üçün bir xalqın ayağa qalxması xüsusən o zaman təhlükəli olur ki, bu xalq çörək yox, azadlıq, hürriyyət istəyir. Xalqlar həbsxanasında məhbus həyatı yaşayan bir xalq üçün azadlığı təmin etmək fövqəldövlətlər üçün arzuolunmazdır. Bu tələb qarşısında imperiyaların atacağı yeganə addım hərbi gücdən istifadə edib azadlıq hərəkatını boğmaq, xalqı azadlığa aparacaq ideologiyanı yayanları barmaqlıqlar arxasına göndərmək, regionda saxta münaqişə ocaqları yaratmaqdır. Bu münaqişə bir ölkənin vətəndaşları arasında da ola bilər, xalqlar arasında da. Yetər ki, azadlığını istəyən xalq buxovlardan, qollarına vurulmuş köləlik zəncirlərindən azad olub öz haqqını tələb edə bilməsin. Qısası, bu, klassik imperiya üsuludur.

    Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
    Qolumdaki zəncirləri qıram gərək
    Qıram! Qıram!

Bir xalq üçün azadlıq qismən, dirhəm-dirhəm, qram-qram ola bilməz. Azadlıq qeyd-şərtsiz, heç bir güzəştə gedilmədən tam əldə edilməlidir. 20-ci əsrin sonlarında çürük təməllər, yalançı kommunizm ideologiyası üzərində qurulan sovet imperiyası öz istiqlaliyyəti uğrunda  mübarizəyə qalxan Azərbaycan xalqının azadlıq arzusuna tank-topla, pulemyot atəşləriylə cavab verdi. Tanklar üzrərində qurulan pulemyotların nişangahında meydanlara çıxaraq xalqının tarixi haqqını tələb edən insanlar deyil, Azərbaycanın parlaq gələcəyi, müstəqilliyi, xalqın özünə inamı, dönməz iradəsi vardı. Əgər həmin gün xalqın iradəsini qırmaq mümkün olsaydı, bir neçə ildən sonra Azərbaycan deyilən ölkənin varlığı da şübhə altına düşəcəkdi. 200 illik imperiya əsarəti dövründə ölkə tarixi torpaqlarının böyük bir hissəsini itirmişdi və əsarət davam edəcəyi təqdirdə yenə də itirəcəkdi. Azərbaycan bölgə-bölgə paylanacaqdı, xalq köçəri vəziyyətə düşəcəkdi. Bu xalqın varlığı həmişə imperiyanı narahat etmişdi. Ancaq əliyalın güllə qabağına çıxanlar hansı tarixi missiyanı daşıdıqlarını yaxşı bilirdilər. Azərbaycan nə olursa-olsun, azad bir ölkəyə çevrilməliydi, xalqın əl-qolunu bağlayan zəncirlər qırılmalıydı. Bu yolda meydanlara çıxan hər  kəs ölümə hazır idi.
    
    Yolumuza işıq saçan şəhidlərim,       
    Azadlığa cığır acan şəhidlərim...    

Milli qürur və fəxarət... Bu gün hər bir Azərbaycan vətəndaşına bu hissləri yaşadan şərəfli keçmişimiz, xalqımızın müstəqil Azərbaycan uğrundakı qətiyyətli, çoxəsrlik mübarizə yoludur.

   Millət yoludur, haqq yoludur tutduğumuz yol,
   Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!!!

Bu yola işıq saçanlar şəhidlik zirvəsinə ucalan millət fədailəridir. Azərbaycan naminə tarixin bütün dönəmlərində canlarını fəda edən şəhidlərimiz hər birimizin qəlbində sönməz, əbədi azadlıq məşəli yandırıb. 20 Yanvar şəhidləri də onlar sırasındadır. O şəhidlər ki, ölümün gözünə dik baxaraq azadlıq deyilən şirin nemətə çatmaq yolunu bizə göstərdilər, Vətən üçün ölməyin şərəfli, müqəddəs bir amal olduğunu anlatdılar, azadlığın verilmədiyini, alındığını sübuta yetirdilər. 20 Yanvar hadisələrində, eləcə də birinci Qarabağ müharibəsində, Sədərək uğrunda döyüşlərdə şəhid olanların gələcək nəsillərə mirası üstündə yaşadığımız  torpağı, sözün tam mənasında, Vətənə çevirmələridir. Çünki torpaq – uğrunda ölən varsa, Vətəndir! Biz millət yolunda, haqq yolundayıq. Yaşamaq, varlığımızı sürdürmək, azad olmaq əzəli və əbədi haqqımızdır. Qüdrətli dövlətimiz sayəsində indi heç bir qüvvə mənhus düşüncələrini həyata keçirib bizi bu haqdan məhrum edə bilməz. İndi hər bir Azərbaycan vətəndaşı daha qüdrətli, bütöv Azərbaycan naminə hərəkatda var qüvvəsi ilə çalışır, biliyini, bacarığını ortaya qoyur. Çünki gələcək nəsillərə, Azərbaycana bir ZƏFƏR borcumuz var. Əgər belə olmasa, sərhədləri dənizlərə çatan böyük bir ölkə miras qoymuş əcdadlarımızın, bu ölkə uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bizi bağışlamayacaq!

    Tarix danışacaq hünərimizdən,
    Alqış söyləyəcək nəsillər bizə.

...O qanlı hadisələrdən 24 il keçir. Azərbaycan indi azad, müstəqil bir dövlətdir. Güclü, düşmənin hər bir həmləsinə layiqli cavab verə biləcək ordumuz var. Azərbaycan səmalarında üçrəngli bayrağımız dalğalanır. O bayraq ki, ötən əsrin əvvəllərində qəhrəman Azərbaycan xalqı onu  başı üstə qaldırmışdı. Əsrin sonlarında isə yenə də Azərbaycan övladı onu enməmək üzrə bir daha qaldırdı, ucaltdıqca ucaltdı. O meydanlara toplaşanların hər biri bayrağımızı müqəddəs bilən bayraqdarlara çevrildi; ağır, qanlı-qadalı günlərdə düşmənə qarşı sinəsini sipərə çevirən bayraqdarlara. Onlar yaxşı bilirdilər ki, gec-tez bu bayraq Azərbaycanın ən yüksək zirvəsində dalğalanacaq, səmaların bəzəyinə çevriləcək. Və onu da bilirdilər ki, qədirbilən Azərbaycan xalqı onları, azadlıq fədailərini heç bir zaman unutmayacaq, qəlbində yaşadacaq; hər ilin 20 Yanvarında paytaxt Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, bir sözlə, ölkəmizin hər bir nöqtəsində insanlar onları yad etməyə gələcək,  qəhrəmanlıqları qarşısında baş əyəcək, göstərdikləri fədakarlığa alqış deyəcəklər.  

    Boy verir ürəkdə hünər nəğməsi,
    Nəsillər dinləyir bu məğrur səsi.
    Şəhidlər – Vətənin qələbə rəmzi,
    Şəhid oğulları Vətən yaşadır!

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR