Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində muxtar respublikada ilk ədliyyə orqanının yaradılmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Ədliyyə Nazirliyində davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılıb. Xalq Ədliyyə Komissarlığı adlanan bu qurum 30 mart 1946-cı ildən Ədliyyə Nazirliyinə çevrilib. Lakin qısa müddətdə nazirliyin səlahiyyətləri məhdudlaşdırılaraq başqa orqanlara verilib. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbər seçilməsindən sonra digər sahələrdə olduğu kimi, ədliyyə sisteminin inkişafına da xüsusi diqqət göstərilib, nazirlik yenidən təsis edilərək onun vahid strukturu formalaşdırılıb, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılıb.
Qeyd olunub ki, bu gün muxtar respublikada ədliyyə sahəsində sistemli və ardıcıl şəkildə həyata keçirilən islahatlar əhalinin yüksək hüquqi təminatına xidmət etməklə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində qurulmasını da şərtləndirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 25 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında” Əsasnamə təsdiq edilib. Əsasnaməyə əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Muxtar respublikanın ədliyyə sistemində həyata keçirilən islahatlar əhalinin yüksək hüquqi təminatına və ədliyyə orqanının fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində qurulmasına hesablanıb. 2007-ci ildə nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmət yaradılıb. 2011-ci il aprel ayının 18-də Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin yeni inzibati binaları istifadəyə verilib, hər iki binada müasir iş şəraiti yaradılıb.
Sonra nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun, Culfa Rayon Qeydiyyat Şöbəsinin rəisi Ramazan Nəcəfovun, Penitensiar Xidmətin mühafizə taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Rəşad Cəlilovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ədliyyə orqanlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. 90 yaşını qeyd edən ədliyyə orqanlarının kollektivi bundan sonrakı fəaliyyətində də öz işini muxtar respublika rəhbərinin müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində quracaqdır.
Sonda “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı oxunub. Bu sərəncam əsasında təltif edilən əməkdaşlara nişanlar təqdim olunub. Bir qrup əməkdaş isə nazirliyin fəxri fərmanı və pul mükafatları ilə təltif edilib.
Xəbərlər şöbəsi