Artıq 24 ildir, yeni ilin ilk ayında böyük qürur hissi ilə qeyd etdiyimiz bir tarix var – 20 Yanvar tarixi. Bu tarix xalqımızın uzun illərdən bəri uğrunda mübarizə apardığı azadlıq duyğularını ifadə və təsdiq etdiyi gün kimi yaddaşımıza yazılıb. 20 Yanvar faciəsi yaddaşımızda qara və hüznlü bir səhifə kimi xatırlansa da, bu səhifənin digər üzü qürur, şərəf və fəxarət güzgüsüdür. Bu güzgüdə yaşından, cinsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, ölkəmizin azadlığı uğrunda canını VƏTƏN adlı müqəddəs məmləkət üçün fəda etmiş bu insanları xatırladıqca, elə AZADLIĞın özünü görürük.
24 il bundan əvvəl Cənubi Qafqazın hazırkı lider ölkəsinin məhvi üçün hər şey ölçülüb-biçilmişdi: paytaxtına qoşun yeridilmiş, vətəndaşları gülləbarana tutulmuş, iki muxtar regionuna hücumlar başlamış, şimal və cənub ərazilərinin zəbti üçün bütün “yararlı planlar” işə salınmışdı. Bir ölkəyə hücumun bu cür rahat və qarşısıalınmaz olması, istənilən hərbi gedişlərin “mükəmməl” şəkildə yerinə yetirilməsi o zaman mümkün olur ki, həmin ölkənin keşiyində duracaq ordusu olmasın. Necə deyərlər, ordun yoxsa, yurdun da yoxdur!
Tarixdən məlumdur ki, müasir dövrümüzə xalqımız enişli-yoxuşlu yollar keçərək gəlib çıxıb. Bu həyat təqvimində elə tarixi dövrlər də olub ki, həmin dövrlərə yazılmış hadisələr qan yaddaşımız kimi xatırlanır. Tarix boyu Azərbaycana edilən hücumlarda əsas məqsəd bu ölkənin yeraltı və yerüstü sərvətləri, əlverişli iqlimi, strateji ərazidə yerləşməsi və sair olub. Ancaq bu hücumlardan daha çox zərbə aldığımız üç tarixi gün, qeyd etdiyimiz kimi, qan yaddaşımıza yazılıb və hər üçü ötən əsrdə baş verib. 1918-ci ilin 31 Mart Soyqırımı dünya tarixində ən ağır və kütləvi soyqırımı kimi xatırlanır. O zaman ölkəmizin paytaxtı da daxil olmaqla bütün böyük şəhərlərin əksəriyyətində kütləvi qırğınlar təşkil edilmiş, onminlərlə insan soyqırımına məruz qalmışdır. Hadisədən 3 ay sonra yeni müstəqilliyini elan etmiş Azərbaycanda Milli Ordu yaradılmasına başlanmışdır. Yəni işğalçı qüvvələr ordusu olmayan bir məmləkətdə soyqırımı törətmişdilər. İstər 1990-cı ilin yanvar, istərsə də 1992-ci ildə Xocalıda baş vermiş soyqırımı hadisələrinin törədilməsi bu hadisələrin qarşısını alacaq mükəmməl ordu birləşmələrinin olmaması ilə mümkün olmuşdu.
1990-cı ilin 20 Yanvar hadisələri sovet dövlətinin xalqımıza qarşı həyata keçirdiyi hərbi cinayət idi. Bu vəhşi terror aktı ona görə törədilmişdir ki, xalq öz milli kimliyinə qayıtmasın, öz müstəqilliyini və azadlığını tələb etməsin. O xalq ki, II Dünya müharibəsində “topdağıtmaz imperiya”nın hərbi texnikalarının yanacaq ehtiyacının 70 faizini təmin edirdi, yüzminlərlə nümayəndəsi bu müharibədə iştirak edərək canını fəda edirdi. Və imperiya bütün bunların əvəzini xüsusi təyinatlı dəstələrin və daxili qoşunların Bakıya yeridilməsi ilə “ödədi”. Kommunist diktaturası o zamankı Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Sovet rəhbərliyi tarixən mövcud olan erməni kartından burada da istifadə etməyi bacardı. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən digər ermənilər daxil edilmişdi. Sonralar məlum olacaqdı ki, Bakıya yeridilmiş qoşun kontingentinə “döyüş tapşırığını” yerinə yetirmək üçün xüsusi psixoloji hazırlıq da keçilibmiş. Bu psixoloji hazırlıqda qadınlara, uşaqlara, qocalara rəhm edilməmək kimi vəhşi təlimatlar xüsusi yer tuturdu. Millətçilik ədavətinin qızışdırılmasında böyük təcrübəyə malik sovet rəhbərliyi bu əməlini həm də belə sığortalayırdı ki, guya qoşun birləşmələri Bakıda rus və erməni hərbi qulluqçularının ailələrinin “təhlükəsizliyini” qoruyacaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını alacaqdı. Əslində isə bu, açıq riyakarlıq və ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada SSRİ Müdafiə Nazirliyinin Bakı Qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi, eyni zamanda 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Bu faktın özü bir daha onu sübut edir ki, Azərbaycanda ordu birləşmələri olsa da, bu ordu çörəyini yediyi xalqın yox, marağını qoruduğu imperiyanın planlarını həyata keçirirdi. Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da sovet rəhbəri Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının isə 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin yanvarın 19-da gecə ilə qoşun şəhərə yeridilərək hərbi cinayət törədildi. Fövqəladə vəziyyətin elan edilməsi haqqında məlumat isə növbəti gün radio vasitəsilə əhaliyə çatdırıldı. Artıq gec idi, sovet rəhbərliyinin rəzil və qəddar siması özünü göstərmişdi: tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzmiş, hərbçilər hər yanı amansız atəşə tutmuşdular. Hətta müharibə qanunlarına da məhəl qoyulmayaraq yaralıları aparmağa gələn təcili yardım maşınları və tibb işçiləri atəşə məruz qalmış, böyük bəşəri cinayət törədilmişdir.
Qeyd etmək yerinə düşər ki, həmin vaxt Azərbaycan “böyük Ermənistan” adlı axmaq ideya ilə nəfəs alan mənfur ermənilərin də hücumuna məruz qalmışdı. Sərhəd bölgələri mütəmadi atəş altında saxlanılırdı. Həmin dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına da hücumlar çoxalmış, regionun əsas strateji ərazilərindən biri olan Sədərək rayonu düşmənin əsas hədəf nöqtələrindən birinə çevrilmişdi. 1990-cı il yanvarın 18-də ərazi baxımından muxtar respublikadan aralı düşmüş Kərki kəndi erməni silahlı dəstələri tərəfindən işğal edilmişdi. Yeri düşmüşkən, qeyd edək ki, kəndin işğal edilməsində Ermənistanda dislokasiya olunmuş 7-ci sovet ordusunun hissələrinin də böyük rolu olmuşdu. Burada bir haşiyə çıxaraq qeyd edim ki, Ermənistan mətbuatının yazdığına görə, Sədərək-İrəvan avtomobil yolunun kənarında yerləşən Kərki kəndi hələ də Ermənistanda rəsmi inzibati ərazi kimi qeydiyyata alınmayıb. Bununsa səbəbi ondan ibarətdir ki, düşmənlərimiz Azərbaycanın öz torpaqlarına sahib çıxacağı günün çox da uzaqda olmadığını bilirlər.
Məhz həmin dövrdə muxtar respublikada əhalinin yüksək həmrəylik və vətənpərvərlik nümayiş etdirərək Sədərəyi, ümumilikdə isə Naxçıvanı qoruması əsl qəhrəmanlıq idi. Çünki sadə vətəndaşlar hərtərəfli təminata malik hərbi birləşmələrin qarşısına ov tüfəngləri ilə çıxmışdılar. Sonralar Azərbaycan xalqının dahi oğlu, ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi, onun təşəbbüsü ilə ilk dəfə Milli Ordumuzun yaradılması istiqamətində atılan tarixi addımlar muxtar respublikanın təhlükəsizliyini təmin etdi, onu qorudu və bugünkü inkişafına vəsilə oldu.
Ümumiyyətlə, onu vurğulamaq yerinə düşər ki, istər keçmişdə, istərsə də indi bir ölkənin təhlükəsizliyi təmin olunmadan heç bir inkişafdan söhbət gedə bilməz. Azərbaycan tarixində baş vermiş bu hadisələri təhlil etdikcə bir daha onu düşünürsən ki, əgər həmin dövrlərdə Milli Ordumuz olsaydı, bu cür hadisələr də baş verməyəcəkdi. Əlbəttə ki, müharibənin öz qanunları var. Müharibədə yaralanmaq da, ölmək də qaçılmazdır. Ancaq Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə, eləcə də 1990-cı ilin yanvar hadisələri zamanı həyata keçirilmiş əməliyyatlar hərbi cinayətdir. Cinayət isə cəzasız qalmır. Bu gün düşmənlərimizə ən böyük cəza gündən-günə inkişaf edən Azərbaycan Silahlı Qüvvələridir. Silahlı Qüvvələrimiz indi ölkəmizin azadlığına, müstəqilliyinə, ərazi bütövlüyünə uzanan istənilən əli kəsməyə qadirdir. Şəhidlərimizin qanı bahasına qazandığımız MÜSTƏQİL AZƏRBAYCANIN ərazi bütövlüyü isə Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, nəyin bahasına olursa-olsun, təmin ediləcəkdir.
Səbuhi HƏSƏNOV