Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında 191 litrə yaxın psixotrop maddə – metamfetamin aşkarlanıb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti