22 Dekabr 2024, Bazar

Havasına, suyuna, torpağına , daşına  vurğun olanlar bilər bu yurdun necə cənnət məkan olduğunu. Torpağında bitən bitkilər, köksündən qaynayıb çıxan mineral sular  necə min dərdin dərmanıdırsa elə havası da elədir gözəl yudumuzun. Dünyanın çox yerini gəzib dərdinə dərman tapa bilməyənlər çarəni burada Naxçıvanda tapırlar. Dərin,ürəkdən  bir nəfəs almaq üçün ildə bir neçə Naxçıvana üz tuturlar.

      Övladını şəfa tapması ümidi ilə uzaq Sibirdən buraya gətirən Vəfa Məmmədova da onlardan biridir. O, bir ana kimi çox sevinclidir və deyir ki, yurdunzun havası övladına yeni həyat bəxş etdi.

  – Allahın ən gözəl hədiyyəsi də, sınağı da övladdır. Hər bir valideyn üçün dünyanın  ən əziz neməti də  onun övladıdır. Yaradan mənə də bu şirin paydan bəxş edib. Uzun illərdi 15 ildir ki, Azərbaycana gəlməmişdim. Bəzən insanın başı  işə –  gücə elə qarışır  ki, vaxt tapıb Vətənə gələ bilmirsən. Bir zaman başını qaldıranda illərin keçdiyini görürsən. Və bəzən də ailə üzvlərinin birinin Vətənin havasına ehtiyyac duyduğunu görəndə. Qızımın 13 yaşı var o, Naxçıvanı ilk dəfədir görürdü. Elə təyyarədən enən kimi onun əhvalının dəyişdiyini nəfəs almasının asanlaşdığını gördüm. Həmin gün qədim yurdda yerləşən Duzdağ Fizioterapiya Mərkəzində oduq. Həkimlər qızımı müayinə edib bir neçə gün burada qalmalı olacağımızı dedilər. İndiyə kimi çox yerlərə üz tutsaq da, müalicənin müsbət effektini görə bilməmişdik. Naxçıvana gəldikdə isə  ilahi möcüzənin şahidi olduq. Artıq az bir zaman keçməsinə baxmayaraq, müsbət nəticələr əldə etmişik. Burada Naxçıvandan olmayan bir çox insanla tanış oldum hər kəs yurdumun insanlarının, təbiətinin gözəlliyindən,möcüzələrindən danışır. Və bu məni çox sevindirir. Qurub yaradan əllərə alqış deyirəm. 

 Cəmilə Məmmədova təqaütdə olan tarix müəliməsidir.  Gəncə şəhərindən qədim yurdumuza gəlib.

– İllər öncə tutulduğum bronxial-astma xəstəliyindən uzun müddət müalicə alsam da, heç bir müsbət nəticə əldə olunmadı. İllər keçdikcə  isə vəziyyətim daha da ağırlaşdı və ürəyimdə bir ümidlə Naxçıvana üz tutdum. Duzdağ Fizioterapiya Mərkəzinə ilk ayaq basdığım andan ciyərlərimdə açılma, nəfəsimdə rahatlıq hiss etdim. Bu, mənim sevincimə səbəb oldu. İlk dəfədir ki, müalicə üçün buraya gəlməyimə baxmayaraq buradakı tibb işçilərinin səmimi münasibəti öz evimdə kimi hiss etməyimə səbəb oldu. Naxçıvanın bir çox görməli yerlərini də gəzmək fürsətim olub. Qədim torpağın hansı səmtinə yolumuz düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşmışam. Ulu Tanrı səxavətini bu torpaqdan əsirgəməyib, buranı cənnətməkana çevirib.

Qardaş Türkiyədən qonaq ələn Atılay Aygör İstanbul şəhərində yaşayır. Naxçıvana ilk gəlişidir.Deyir ki, gömrük-keçid məntəqəsindən keçib Naxçıvan şəhərinə çatana kimi Tanrının bəxş etdiyi gözəlliyin insan əli ilə daha da gözəlləşdirdiyinin şahidi olmaq çox sevindiricidir. Biz qardaşıq bir birimizin xoş gününü görəndə sevinir pis günündə isə kədərlənirik. Nuhun yurdunun bu gözəlliyi məni valeh etdi və sevindirdi. Yol boyu gördüyüm hər kənd, rayon mərkəzi bir birindən səliqəli və yaraşıqlıdır. Burada əsas diqqətimi çəkən isə insanların hər işdə öz səylərini göstərmələridir. Gəlişim həftə sonuna təsadüf etdiyi  üçün yol kənarında ağaclara qulluq edən insanları görürəm. Öyrənirəm ki, onlar dövlət idarələrinin əməkdaşlarıdır və istirahət günlərində yol kənarlarındakı yaşıllıqlara qulluq edirlər. Bunun özü bir vətəndaşın dövlətinin, övladının  gələcəyi üçün qoyduğu ən böyük sərmayədir. Bir çox yerlərdə olmuşam və çoxunda vətəndaş hər işi dövlətdən gözləyir. Burda isə hər kəs əlbir olub dövlətinə arxa-dayaq olur.  Hərə öz işini bilir və vicdanla öhdəsindən gəlməyə səy göstərir. Bundan böyük Vətən sevgisi ola bilməz. Duzdağ mağaraları haqqında da fikirlərini bildirən müsahibim deyir ki, burda insan dərin-dərin nəfəs ala bilir. Sanki oksigen balonuna bağlanmış kimi hiss edir özünü. İnsan əllərinin yaratdığı bu gözəl məkana Tanrı da öz sığalını çəkib. Buranı gəzməyə gəlmişdim amma o qədər yaxşı oldu ki mənim üçün bir neçə gecə bu mərkəzdə qalmağı düşünürəm.

          Dərat Akdağı əslən istanbulludur.  Həmsöhbətim İqdıra bir ildir ki, təyinatla gəlib.  Naxçıvana onuncu gəlişidir. Deyir ki son dəfə bu il qurban bayramında ata, anası ilə gəlib. Naxçıvanı o qədər yaxşı tanıyıram öz yurdum kimidir, deyən müsahibim bildirir ki, bu diyarı qarış- qarış gəzib. Əlincəsi, Asabu-Kəfi, Mömünəxatun, Qarabağlar  türbəsi hərəsi bir gözəllik, bir tarix, bir vətənsevərlik nümunəsidir.  Naxçıvan şəhərini gəzdikcə, onun təmiz, səliqəli küçə və prospektlərini seyr etdikcə düşünürəm ki, burada Vətəninin hər qarışını sevən gözəl insanlar yaşayır. Keçmişi zənginliklərlə dolu olan xalqınızın ürəyi tarixindən də zəngindir. Təbiət gözəlliklərini tamamlayan da elə insanın özüdür. Dünyanın bir çox ölkələrində turistlər o qədər də rahat gəzib dolaşa bilmirlər. Burada elə əmin-amanlıqdır ki, insan gecə yarısı belə küçəyə rahatca çıxır, dolaşır. Duzdağ isə bu bir Tanrı möcüzəsidir. Duz mağaralarının içərisində belə bir şəfa ocağının yaradılması dövlət qayğısından xəbər verir. Tanrı öz möcüzələrini bu torpaqdan əsirgəməməklə, yanaşı, buranın insanlarının qoluna güc, ürəyinə təpər də  verib ki, belə bir yüksək səviyyəli bir şəfa ocağı yaratsınlar. Buranı muzeyə də bənzədirəm tunellərlə içəriyə doğru getdikcə insan yaşadığı aləmdən bir anlıq ayrılır sehirli bir dünyada gəzintiyə başlayır. Burda cənnət havası var sanki. Qədim diyarın təbiəti insanı xəyallar aləminə qərq edir, füsunkar gözəlliklərə heyran qalmaya bilmirsən. Buranın  qədim tarixi, müasir inkişafı və qonaqpərvərliyi ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Buradakı xalqın keçmişinə işıqsalan tarixi abidələr, mənəvi irsimizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri, milli memarlıq elementlərinin bərq vurduğu müasir binalar, səliqə-sahmanı ilə gözoxşayan abad, geniş küçələr məni valeh etdi. Bir sözlə, Naxçıvanı gəzmək insanın ruhunu dincəldir, könlünü oxşayır

Bu yerlərdə olan bilər,        

 Necə qəşəngdir Naxçıvan.

Cənnət kimi başdan-başa

Güldür, çiçəkdir Naxçıvan.

Bu misraların sahibi Zərdad rayon sakini aşıq Müttəlif Əliyev qızı və nəvəsi ilə qonaq gəlib yurdumuza. Deyir ki, çox eşitmişdim amma bu qədər gözəl ola biləcəyini təsəvvür etmirdim Naxçıvanın. Elə ilk addımda qonaqpərvərlik, xoş niyyət, səmimiliklə qarşılaşdım. Bundan gözəl nə ola bilər ki. Ürəyim dağa dönür bu gözəl insanları gördükcə. Taksiyə əyləşirsən, yeməkxanaya, bazara gedib əlini bir nemətə atırsan buralı olmadığı  bilən kimi “qonağımız olun”, – deyirlər. Bu kəlməni elə çox yerdə eşidə bilməzsiniz.  Şəfa axtarmağa gəlmişdik tapdıq da. Şair qəlbim vəsv etmək istəyir bu yurdu hər an  hər saat misralar gəlbimdən süzülüb dodağıma axır. Ulu öndərin şah əsəri Azərbaycanın tacıdır Naxçıvan. Onun xoş əməlindən, yaranan xoş çağlar Naxçıvandadır.

Xəzinə axtaran tapar bu yerdə

Nazlı gözəlləri axtar bu yerdə.

 İgidlər at minib çapar bu yerdə,

Cəsurlar, qoçaqlar Naxçıvandadır

Sərvanə xanım da atasının sözlərinə qoşulur O deyir:

Oğlum Raufun cəmi səkkiz yaşı var. O asma xəstəliyinin astanasındadır. Və buna görə də buraya gəlməyimizi məsləhət bildilər. Hələ bir neçə gündür buradayıq xeyrini görürük. Oğlumun nəfəs alması çox yaxşılaşıb. Ümid edirəm ki, bu ocaqda mənim də övladım şəfa tapacaq. O bu xəstəliyin cəngindən qurtaracaq. Ömür boyu bu yurda minnətdar olacağam. 

 Bəzən biz yurdumuzun gözəlliyini görmədən, kəşf etmədən gözəllik, şəfa axtarmaq  ardınca uzaq ölkələrə gedirik. Amma yaşadığımız yer ilə heç bir bağlılığı olmayan insanların dilindən elimiz-obamız, insanlarımız haqqında belə gözəl sözlər eşidəndə əmin oluruq ki, elə əsl cənnətin adı Naxçıvandır.

 

Ramiyyə ƏKBƏROVA

.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR