22 Dekabr 2024, Bazar

Müasir hərbi infrastrukturun yaradılması muxtar respublikada ordu quruculuğunun əsasını təşkil edir


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, eləcə də onun Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş hazır­lığının yüksəldilməsi və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə başçısı cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır”.

 

Yaxın günlərdə Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə keçirilən taktiki-xüsusi təlimdə “BAYRAQDAR-TB2” silahlı pilotsuz uçuş aparatının uğurla tətbiq edilməsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksinin, yeni xidməti avtomobillərin istifadəyə verilməsi qədim diyarın təhlükəsizliyinin təmin olunmasına töhfədir.
Muxtar respublikada ordu qurucu­luğu istiqamətində görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verildi. Həmin kompleksdə hər biri 3 mərtəbəli olmaqla, 1 qərargah binası, 2 əsgər yataqxanası və 1 bölmələrin əşya saxlancı binası tikilib. 3 mərtəbəli qərargah binasında komandir və rəislər üçün xidməti, istirahət və növbətçi otaqları, stasionar rabitə qovşağı və taktiki siniflər olmaqla, ümumilikdə, 52 otaq yerləşir. Hərbi qulluqçular üçün müasir xidmət infrastrukturunun yaradıldığı yaşayış kompleksində olub, hərbçilərimizin də fikirlərini öyrəndik:
Zabit Aysiman Əsədov: – Silahlı Qüvvələrimiz daim inkişaf etməkdədir. Ordumuzun maddi-texniki bazası hər zaman gücləndirilir. Bunun nəticəsidir ki, ordumuz 44 günlük Vətən müharibəsində qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Ordu quruculuğu istiqamətində görülən işlər hər zaman davam etdirilir. Bir neçə gün əvvəl hərbi hissəmiz üçün istifadəyə verilən binalarda da müasir xidməti şərait yaradılıb.

Yataqxanalarda əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq otaqları lazımi avadanlıqlarla təchiz olunub. Binalarda növbətçi, silah, məişət, tibb, ideoloji və komandirlər üçün iş otaqları yerləşir. İdeoloji otaqlarda əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, stendlər, qəzet və jurnallar qoyulub. Biz də söz veririk ki, daim şəxsi heyəti döyüşə hazır vəziyyətdə saxlayacaq, bilik və bacarıqlarımızı onlara aşılayacağıq. Yaradılan şəraitə görə hərbi qulluqçular adından dövlətimizə minnətdarlığımı bildirirəm.

Əsgər Zahid Hüseynov: – Xidmət etdiyim hərbi hissə üçün tikilmiş yeni binalardakı yataqxana, siniflər və digər otaqlar müasir avadanlıqlarla təmin edilib. Burada asudə vaxtlarımızı səmərəli keçirməyə və qidalanmağımıza xüsusi diqqət yetirilir. Müasir sinif otaqlarında komandirlərimiz tərəfindən ixtisas dərsləri keçilir. Biz əsgərlərin vəzifəsidir ki, keçilən dərslərə xüsusi diqqətlə yanaşaq, bizə öyrədilənləri dərindən mənimsəyək, bilik və bacarıqlarımızı artıraraq xidmətimizi nümunəvi yerinə yetirək.

Ordunun gücü və qüdrəti maddi-texniki bazadan və hərbi qulluqçuların döyüş hazırlığından asılıdır. Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Peşəkar zabitlərimiz bütün imkanlardan istifadə edərək şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı ilə məşğul olur, daim hərbi-vətənpərvərlik tərbiyəsi aşılayırlar. Qalib ordunun qalib əsgəri olaraq xidmətimlə qürur duyuram.
Zabit Yusif İsgəndərov: – Hərbi hissədə biz zabitlərin üzərinə düşən əsas vəzifə şəxsi heyətin döyüş qabiliyyətini daim yüksək vəziyyətdə saxlamaqdan ibarətdir. Biz zabitlər şəxsi heyətə ixtisaslarına uyğun olaraq nəzəri bilikləri çatdırırıq. Şəxsi heyət qazandığı bilik və bacarıqları təlim meydanlarında praktik olaraq nümayiş etdirir. Bu fəaliyyətlərin yerinə yetirilməsində yeni istifadəyə verilən müasir sinif otaqlarının böyük rolu var.

Bölmələr üçün nəzərdə tutulmuş əşya saxlancı binası, ümumilikdə, 74 otaqdan ibarətdir. Burada bölmələrin maddi-tədris bazaları komp­lekt və səliqəli şəkildə yerləşir. Bu da şəxsi heyətin həmin əşyalardan səmərəli istifadəsinə şərait yaradır.
Müasir xidmət şəraiti yaradılan hərbi hissədə daimi istilik, su, elektrik və dayanıqlı rabitə sistemi quraşdırılıb. Burada abadlıq işləri aparılaraq istirahət guşələri və sıra meydanı salınıb, dekorativ ağac və güllər əkilib, ərazi işıqlandırma sistemi ilə təmin edilib. Bütün bunlar əsgərlərin həm peşəkarlığının artırılmasına, həm də asudə vaxtlarının səmərəli təşkilinə hesablanıb.
Göründüyü kimi, Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsinə və şəxsi heyətin döyüş ruhunun artırılmasına hesablanmış tədbirlər mütəmadi olaraq davam etdirilir. Elə ordumuzun şəxsi heyəti də dövlətimizin bu qayğısını əməli işi ilə sübuta yetirir. Şuşaya qədər döyüş yolu keçmiş ordumuz cənab Ali Baş Komandanın tapşırıqlarını yerinə yetirməyə daim hazırdır.

Kənan CƏLİLOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR