22 Dekabr 2024, Bazar

Avqustun 17-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin iştirakçısı olmuş qadınlarla görüşü keçirilib.


Görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi 2021-ci ilin aprel-avqust aylarında reallaşdırılıb. Layihə çərçivəsində 20 qadına maksimum 500 ABŞ dolları dəyərində sərmayə kapitalı verilməsi nəzərdə tutulmuşdu. Lakin qadınların sahibkarlığa maraqları nəzərə alınaraq 26 qadına sərmayə kapitalı verilib. Ümumilikdə, verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil edib. Layihə çərçivəsində müxtəlif təlimlər də keçirilib. Təlimlərdə, ümumilikdə, 28 qadınının, o cümlədən sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadınların iştirakı təmin olunub. Keçirilən təlimlərin sonunda iştirakçılar tərəfindən biznes planları hazırlanıb, ən uğurlu biznes planı hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilib. Sərmayə kapitalı almış qadınlar üçün VÖEN-lər açılıb və alacaqları vəsaitlər bank hesablarına köçürülüb.

Bildirilib ki, layihə çərçivəsində sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ-tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün verilib. Tədbirdə çıxış edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib ki, bu layihənin icrasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mühüm rolu olsa da, ən böyük məsuliyyət və zəhmət layihə iştirakçısı olan qadınların üzərlərinə düşür. Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında bu sahəyə göstərilən diqqət böyükdür. Qadın sahibkarların öz ailələrinə gösərdikləri yardımı yüksək qiymətləndirən səfir qeyd edib ki, icra olunmuş bu layihələr də qadınların məşğulluqlarının artırılması ilə yanaşı, onların özünəinamlarının artmasına, psixoloji vəziyyətlərinin yaxşılaşmasına da əsaslı təsir göstərəcəkdir. Bu gün tədbirdə iştirak edən qadınların bəzilərinin bir neçə ildən sonra uğurlu sahibkar kimi özünü sübut edəcəyinə əminliyini bildirən qonaq atılan bu addımların gələcəkdə biznes sahələrinin artmasına öz töhfələrini verəcəyinə inamını ifadə edib.
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə çərçivəsində keçirilən təlimlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, 2019-cu ildən icra olunmağa başlanılan belə layihələrin nəticəsində bu günədək muxtar respublikada 400 qadına sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaları üçün təlim keçirilib.
Səmimi diskussiya şəraitində keçən görüş zamanı layihə iştirakçıları olan qadınlardan bir neçəsi öz fəaliyyət sahələri ilə əlaqədar geniş məlumat verib. Səfir görülən işləri yüksək qiymətləndirib və qadınlara işlərində uğurlar arzulayıb.
Komitənin foyesində layihə çərçivəsində keçirilən tədbirlərdən, sərmayə kapitalı əldə etmiş qadınların qurduqları təsərrüfat sahələrinin fotolarından, qadınların aldıqları sərmayə kapitalı dəyərində əldə etdikləri aktivlərin bəzilərinin, qadınların əl işlərindən ibarət sərgi maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR