25 Aprel 2024, Cümə axşamı

Əfsanəyə dönən ömürlər

Dünyada bir çox müharibələr və münaqişələr olur. Onların hər biri baş verdiyi ölkələrin tarixində müəyyən yer tutur. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfəri hələlik heç bir ölkənin ordusu əldə etməmişdir. Bu müharibədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. Azərbaycan Ordusu 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə güclü səbir, təmkin, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirdi, bütün döyüş əməliyyatlarını legitim hədəflər üzərində apardı, düşmənə dağıdıcı zərbələr vurdu, tarixi ədaləti bərpa etdi. Düşmən üzərində Böyük Qələbə qazandıq, xalqımız arzu və istəklərinə qovuşdu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında sübut etdi ki, Qarabağ Azərbaycandır!

 

Azərbaycanın keşiyində duran mərd, igid hərbçilərimiz canları bahasına işğal olunmuş ərazilərimizi son qarışına qədər azad etmək əzmi ilə 44 gün davam edən qanlı döyüşlərdə tarixi torpaqlarımızı işğaldan azad etdilər. Minlərlə igid qazi adını qazandı. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı. Həmin Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Budaqov Rufiz Şirzad oğludur.
12 iyul 1977-ci ildə Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olan şəhidimiz 1984-cü ildə orada birinci sinfə qəbul edilmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdi. Məktəb illərində Rufiz yüksək əxlaqi keyfiyyəti, vətənpərvərliyi, davranışı, fiziki cəhətdən hazırlığı ilə məktəb rəhbərliyinin, müəllimlərin, sinif yoldaşlarının hörmətini qazanmışdı. Erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi hamı kimi Rufizin də həyatına dərin təsir etmişdi. Vətənə məhəbbət, erməni vandallarına qarşı nifrət, torpaqlarımızın işğaldan azad edilməsi, günahsız soydaşlarımızın qisasını almaq arzusu bütün vətənpərvər gənclər kimi Rufizin də hərbçi olmasına gətirib çıxarır. Buna görə də o, 1995-1998-ci illərdə həqiqi hərbi xidmətdə olduqdan sonra 1998-1999-cu illərdə Tank Komandir məktəbində hərb sənətinə yiyələnir. 1999-cu ildən gizir rütbəsi alan Rufiz 2004-cü ilədək tank komandiri vəzifəsində çalışır. 2004-cü ildə səhhəti ilə əlaqədar təqaüdə göndərilsə də, qəlbində olan Vətən sevgisi 2012-ci ildə tam müalicədən sonra onu yenidən hərbiyə geri qaytarır. 2016-cı ilin Aprel döyüşlərində iştirak edir. Döyüşlərdə göstərdiyi igidliyə görə yoldaşları arasında “Alov” ləqəbli döyüşçü kimi sevilir, “Qüsursuz xidmətlərinə görə” 3-cü və 2-ci dərəcəli medallarla təltif olunur. İkinci Qarabağ müharibəsi başlayanda, şiddətli döyüşlərdə igidliklə vuruşaraq şəhidlik zirvəsinə ucalır. İkinci Fəxri Xiyabanda dəfn olunur. Ailəli idi. İki qız, bir oğlan övladı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Rufiz hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, döyüşlərdə igidlik və qəhrəmanlıq göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə, 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bəşər tarixində hər hansı bir zaman kəsiyində millətin başını göylərə ucaldan, onun şərəfini qoruyan insanlar həmin millətin tarixini yaradanlardır. Belə insanlar qısa bir ömür yaşasalar da, unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Bir anın içərisində ən böyük qəhrəmana çevrilir, insanlığa örnək olurlar. Özündən sonrakı nəsillərə, Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədirlər. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşirlər. Bütün şəhidlərimiz kimi gizir Rufiz Budaqov da belə qəhrəmanlarımızdandır.

Toğrul XƏLİLOV
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR