Avqustun 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
İkitərəfli görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov nümayəndə heyətinin ali təhsil ocağında olmasından məmnunluq duyduğunu ifadə edib. Prorektor universitetin maddi-texniki bazası, müasir tədris üsulları, fakültələri və mövcud ixtisasları, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar və ali təhsil ocaqları ilə qurulmuş əlaqələri diqqətə çatdırıb. Qeyd edilib ki, bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 61 ixtisas üzrə 5588 tələbə, magistratura təhsil səviyyəsində 81 ixtisaslaşma üzrə 348 magistrant, doktorantura səviyyəsində 52 ixtisas üzrə 107 doktorant və rezidenturada 24 ixtisas üzrə 52 rezident təhsil alır. Ali təhsil ocağında 9 ölkədən mindən çox xarici tələbə təhsil almaqdadır. Tələbələrin təlimi ilə 451 professor müəllim heyəti məşğul olur. Naxçıvan Dövlət Universiteti iki dəfə yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan Respublikası ali məktəblərinin reytinq cədvəlində birinci yerə layiq görülüb.
Səmimi görüşə və ali təhsil ocağı ilə bağlı verilən dolğun informasiyaya görə təşəkkürünü bildirən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib ki, bu onun Naxçıvana ilk səfəridir. Naxçıvan Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirən Örl Litzenberqer qeyd edib ki, Amerika səfirliyi Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq edir, müəllimlər, idarə heyəti üçün təlimlər, mübadilə proqramları həyata keçirilir. Reallaşdırılan layihələr çərçivəsində əsas məqsədlərdən biri də Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarında və orta məktəblərdə ingilis dilinin tədrisinin, həm bakalavr, həm də magistr pillələri üzrə mübadilə proqramlarının keyfiyyətini artırmaqdır.
Səfir qeyd edib ki, ali təhsil ocağında keçirilən görüşün məqsədi odur ki, gələcəkdə Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıq gücləndirilsin, pedaqoji heyətin və tələbələrin də təşkil olunan proqramlara qoşulması təmin olunsun.
Görüş zamanı birgə əməkdaşlığın gələcək perspektivləri ətraflı şəkildə müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səfir Örl Litzenberqer universitetin xatirə kitabına ürək sözlərini yazıb.
“Şərq qapısı”