Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına əcnəbilərin marağının və müxtəlif məqsədlərlə səfər etmə niyyətinin hər ötən il daha da artması onu deməyə əsas verir ki, qədim və zəngin tarixi özündə yaşadan muxtar respublikanın dayanıqlı və tarazlı inkişafı ölkəmizin hüdudlarından kənarda da müsbət dəyərləndirilir.
Bu gün muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafı, habelə təhlükəsizliyin və ictimai-siyasi sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində reallaşdırılan məqsədyönlü tədbirlər, nəticə etibarilə, əcnəbi tələbələrin diyarımıza olan marağının və burada təhsil almaq niyyətinin daha da artmasına səbəb olur. Xüsusilə qeyd etmək lazımdır ki, Naxçıvan bu gün əcnəbilərin təhsil almaq üçün ən çox üz tutduğu şəhərlər sırasındadır.
Naxçıvan Muxtar Respublikasının müxtəlif ali təhsil ocaqlarında təhsil alan əcnəbi tələbələr muxtar respublika rəhbərinin davamlı qayğısı ilə əhatə olunublar. Belə ki, diyarımızda təhsil alan bütün xarici tələbələrə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bir neçə dəfə ərzaq, Ramazan bayramında isə iftar payı verilib. Bu istiqamətdə reallaşdırılan tədbirlərin məntiqi davamı kimi əcnəbi tələbələrə maddi yardım da ayrılıb.
Bu gün muxtar respublikanın digər ali təhsil müəssisələrində olduğu kimi, “Naxçıvan” Universitetində də peşəkar kadrların hazırlığı üçün yaradılan hərtərəfli və müasir şərait, elektron idarəetmə və keyfiyyətli tədris sistemi, o cümlədən informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiq olunması sayəsində bu təhsil ocağını seçən əcnəbilərin sayı heç də az deyil. 2020-2021-ci tədris ili üzrə “Naxçıvan” Universitetində təhsil alan 90-dan artıq əcnəbi tələbəyə müraciətləri əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilib. Təhsil alan əcnəbilər sırasında İran, Nigeriya və Türkiyə Respublikasının vətəndaşları xüsusi üstünlük təşkil edir. Peşə fəaliyyətimlə əlaqədar olaraq müxtəlif məqsədlərlə səfər edən əcnəbilərin qədim və ulu diyarımızla bağlı təəssüratlarını öyrənmək mənim üçün hər zaman xüsusi maraq kəsb edib və qürurlandırıb. Bu baxımdan “Naxçıvan” Universitetində təhsil alan Türkiyə Respublikasının vətəndaşı Bərfin Dilan Aslan ilə görüşərək onun ali təhsil ocağı, eləcə də muxtar respublikamız haqqında təəssüratını öyrənmək qərarına gəldim.
– Muxtar respublikamızda təhsil alan çoxsaylı əcnəbi tələbələrdən biri də sizsiniz. İstərdim, əvvəlcə, bu qədim diyarı, eyni zamanda “Naxçıvan” Universitetini seçməyinizə səbəb olan amillər barədə oxucularımıza məlumat verəsiniz.
– Bildiyiniz kimi, bu gün dostluq və qardaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bütün dünyaya örnəkdir. Diqqətinizə çatdırım ki, bu gün xalqlarımızın eyni soykökə, dilə, dinə və ortaq mədəniyyətə malik olması Türkiyə Respublikasından olan tələbələrin muxtar respublikanın müxtəlif ali təhsil müəssisələrini seçməsi üçün çox geniş imkanlar yaradıb.
Yaxın qohumum hazırda “Naxçıvan” Universitetində təhsil alır. Onun Türkiyədə olarkən muxtar respublika və burada təhsilin keyfiyyəti haqqında yüksək təəssüratları Naxçıvan haqqında məndə də böyük maraq oyatmışdı. İnternet üzərindən Naxçıvan haqqında araşdırma da aparıb təhsilimi Azərbaycanın bu qədim diyarında davam etdirməyi qərara aldım. Cari ilin fevral ayından etibarən burada hazırlıq kursu üzrə təhsil alıram.
Atamla birgə muxtar respublikaya ilk səfərimiz zamanı gələcəkdə qeyri-qanuni miqrasiya problemləri ilə üzləşməmək üçün Sədərək sərhəd-keçid məntəqəsində miqrasiya bölməsinə yaxınlaşaraq köməklik istədik. Burada bizə miqrasiya qanunvericiliyini əhatə edən mühüm məlumatlar şifahi olaraq verildi, bu sahədə yarana biləcək istənilən çətinlik qarşısında elektron xidmətlərdən də müraciətetmə qaydaları ətraflı izah olundu.
Naxçıvanda olmaq təhlükədən uzaq, əmin-amanlıq içində dinc, rahat həyat yaşamaq deməkdir. Şahidi oldum ki, burada əcnəbilərin təhsil alması ilə bərabər, rahat yaşayışı və əmək fəaliyyəti ilə məşğul ola bilmələri üçün də çox geniş imkanlar mövcuddur. Etiraf etmək lazımdır ki, buranın sakit həyat tərzi, ən əsası təmizliyi bir sıra Avropa şəhərlərinə nümünə gücündədir. Buranı seçməyimin bir səbəbi də Azərbaycanın tarixini və mədəniyyətini daha yaxından öyrənmək istəyimin olmasıdır.
“Naxçıvan” Universitetində təhsilin keyfiyyəti, müəllim və tələbə kollektivinin səmimi münasibəti, həmçinin universitetdə yaradılan hərtərəfli şərait çox yüksək səviyyədədir. Universitetin maddi-texniki bazasının dünyanın ən qabaqcıl universitetlərinin standartlarına uyğunluğu burada daha mükəmməl təhsil almağımıza şərait yaradır.
– Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla yanaşı, həm də ölkədə müvəqqəti yaşama hüququna malik olurlar. Təbii ki, onların müraciətləri əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq icazələr verilir...
– Sevindirici haldır ki, bu gün muxtar respublikada miqrasiya sahəsində görülən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu da, nəticədə, əcnəbilərin daha rahat, sərbəst və təhlükəsiz hərəkət etmələri baxımından mühüm əhəmiyyətə malikdir.
Təxminən, bir il əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətim zamanı burada təhsil almaqla bərabər, həm də müvəqqəti yaşama hüququna malik olduğum izah edildi və mən müvəqqəti yaşama üçün icazə vəsiqəsi ilə təmin edildim.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumlarında digər vətəndaşlarla müqayisədə tələbələrə xüsusi güzəştlərin tətbiq edilməsi, həqiqətən də, təqdirəlayiqdir. Hesab edirəm ki, bu, əcnəbi tələbələrə göstərilən humanist mahiyyətin növbəti nümunələrindən biridir.
Bu gün miqrasiya sahəsində hər hansı çətinliyimiz yarandıqda yenə də rahatlıqla Dövlət Miqrasiya Xidmətinə müraciət edir, istəklərimizi aydın şəkildə ifadə edə bilirik.
– Bu gün əcnəbilərin xidmətə daha rahat və sadə formada müraciət edə bilmələri üçün Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin həm sayı, həm də keyfiyyəti artırılıb. Maraqlıdır. Bəs siz elektron xidmətlərdən istifadə zamanı daha çox hansı sahələrə üstünlük verirsiniz?
–İlk olaraq sərhəd buraxılış məntəqəsində miqrasiya bölməsinə müraciətimiz zamanı elektron məlumat köşkü vasitəsilə miqrasiya sahəsini əhatə edən bir sıra məlumatlarla elektron qaydada tanış olma fürsəti əldə etdim.
Bu gün biz gənclər həm də məlumatları daha çox sosial şəbəkə platformalarından əldə edirik. Bu baxımdan Dövlət Miqrasiya Xidmətinin sosial şəbəkə hesablarının fəaliyyətini xüsusi vurğulamalıyam. Bir sıra hallar da olur ki, xidmətin özünə gəlməyərək müxtəlif müraciətlərimi sosial şəbəkələr üzərindən ünvanlayıram və operativ qaydada cavablandırılır. Əlavə olaraq bu sahədə baş verən ən son yenilikləri, mühüm məlumatları da xidmətin sosial şəbəkələrindən əldə edirik.
– Burada olduğumuz müddətdə muxtar respublikanın tarixi və mədəniyyəti ilə yaxından tanış ola bilmisinizmi?
– Dünyanın müxtəlif ölkələrini gəzməyi, onların tarixini və mədəniyyətini öyrənməyi, bu sahədə yeni məlumatlar əldə etməyi çox sevən biriyəm. Tam səmimi deyə bilərəm ki, tarixi abidələrin bu qədər qorunduğu, onlara ikinci həyatın verildiyi, həmçinin insanların rahatlığı və məmnuniyyəti hesabına bütün zəruri imkanların yaradıldığı çox az şəhər tapmaq mümkündür.
Diqqətimi çəkən xüsusi bir məqam muzeylərin, tarixi məkanların hər kəsin istifadəsində və pulsuz olmasıdır. Bu gün müxtəlif şəhərlərdə hər hansı tarixi bir məkanı ziyarət etmək arzusundasansa, mütləq ödəniş etməli olursan. Lakin burada muzeylərin və tarixi abidələrin girişi pulsuzdur. Bu da təqdirəlayiq və örnək alınası bir addımdır.
Burada insanlar rahat şəkildə şəxsi avtomobilini və ya mağazasını açıq vəziyyətdə qoyub harasa gedirlər. İlk vaxtlar gördüklərim mənə çox qəribə gəlirdi, sonra bildim ki, bu, muxtar respublika insanlarının gündəlik həyat tərzidir. Sakit və təmiz küçələr, müalicə mərkəzləri, tarixi məkanlar, müxtəlif hotel və restoranlar… İnsanları çox səmimi, mehriban və qonaqpərvərdir. Bu yaxınlarda qrup yoldaşımın dəvəti ilə Ordubad rayonuna səfər etdim, rastlaşdığım mənzərə isə məni çox təəccübləndirdi. Şahidi oldum ki, muxtar respublikanın mərkəzində olduğu kimi, rayonlarında, hətta ən ucqar kəndlərində belə, nəqliyyat kommunikasiya, elektrik enerjisi, rabitə, qaz və su təminatı kimi sosial problemlər çoxdan öz həllini tapıb.
Bir sözlə, Naxçıvan Muxtar Respublikasında xarici ölkə vətəndaşları da daxil olmaqla insanların rahat, təhlükəsiz və məmnun yaşaması üçün bütün zəruri imkanlar mövcuddur. Burada dinindən, dilindən, irqindən asılı olmayaraq, hər kəsə diqqət və qayğı göstərilir. Əcnəbilər üçün yaradılan bütün bu imkanlara görə minnətdarlığımı bildirir, qədim diyarınızın zəngin tarixini, müasir inkişafını öz həmvətənlərim və xarici ölkələrdə yaşayan dostlarım arasında bundan sonra da təbliğ etməyi özümə mənəvi borc bilirəm.
Arif BAYRAMOV