Əfsanəyə dönən ömürlər
Vətən sevgisindən nə qədər danışsaq, nə qədər yazsaq da bu hissin izah edilməsində sözlər aciz qalar. Təkcə onu deyə bilərəm ki, Vətən sevgisini ən böyük sevgi sayan, bu sevgini gənclərə aşılayan, gözünü qırpmadan düşmənin üzərinə yeriyən oğullarımız, gözünün ağı-qarası tək oğul övladını bu Vətənə qurban edərək, oğlunun cənazəsini qarşılayarkən “Vətən sağ olsun!” deyib əyilmədən, sınmadan, məğrurcasına dayanaraq başını dik tutan Şərur rayonunun Oğuz kənd sakini şəhid Əli Yusifovun anası Bəturə xanım kimi qəhrəman analarımıza həmişə yüksək ehtiram göstərilir. Bəturə ana bu gün oğlunun 24 yaşını, cənnətdəki ilk doğum gününü elə oğlunun məzarı üstündə onunla söhbət edərək qeyd edir.
– 1997-ci ilin gözəl bir yay səhərində Tanrının mənə hədiyyəsi olaraq dünyaya göz açmışdın. Səninlə doğum gününü qeyd etmək isə nə mənə, nə də ki atana, bacına o qədər də çox qismət olmadı. Böyüyüb ürəyindəki Vətən eşqini ailəndən dəyərli tutdun. Hərbi qulluğa başladığın o gündən hər il bizdən uzaqda qeyd edərdin bu günü. İndi isə mən sənin məzarına gəlmişəm, oğul, doğum günün mübarək!
Getməyir ki, gözlərimdən şux qamətin, uca boyun,
Hara getsəm mənimləsən... qəlbimdəsən,
Nəfəsimdə, səsimdəsən, bətnimdəsən.
Aman oğul, anasına şərəf verib
Tanrıya ucalan oğul...
Bircə dəfə qucaqlayıb boynundan öpə bilsəydim,
Sanardım ki, cənnətimin özündəyəm.
Hardan alım nəfəsini,
Saçlarının ətri üçün darıxıram,
Gülüşün yadıma düşür,
səsin üçün darıxıram,
Darıxıram, oğul, yaman darıxıram...
– Canım ana! Yenə də gözlərində yaşla mənə qonaq gəlmisən. Axı mən Vətən sevgisini ilk olaraq sənin laylalarında öyrənmişəm. Oğul odur ki, Vətəni yad əllərə verməsin deyərdin həmişə. Mən də bu tərbiyə ilə böyüdüm, ana! İstər 2012-2015-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığım illərdə, istərsə də Bakıda Ali Hərbi Akademiyada təhsil aldığım zamanlarda mən və mənim kimi Vətən oğulları bu tərbiyəni daha da möhkəmləndirdik. 30 ildir ki, yağı tapdağında qalan torpaqlarımız bizim qeyrətimiz idi. Və o torpaqları da yad əllərdən xilas etmək lazım idi axı.
– Bilirəm, oğul! Səninlə nə qədər qürur duysam da, azdır. Sən və sənin kimi yüzlərlə oğullarımız bu Vətənin namusunu, qeyrətini geri qaytardınız.
– Bəli, ana, Xocalıda, 20 Yanvarda, Birinci Qarabağ müharibəsində qadınlarımıza, ana-bacılarımıza verilən işgəncələri hələ uşaqikən filmlərdən izləyərək böyüdük biz. Mən bu gün cənnətimdə çox xoşbəxtəm. Çünki bir zamanlar, sadəcə, filmlərdə izləyib əlimdən heç nə gəlmədiyinə görə üzülürdüm. Artıq onların intiqamını döyüş yoldaşlarımla almışıq.
– Anan sənə qurban, bala! Biz də sizinlə fəxr edirik. Amma gəlişin o qədər gecikdi ki, hər gün sağ-salamat olduğuna ümid edərək 8 ay gözümüzü yollara dikdik.
– Bilirəm, ana! Uzun müddət gözünü yolda qoydum. Amma üçrəngli bayrağımıza bürünüb doğma Naxçıvanıma qayıdanda xalqımın, elimin, Vətənimin məni necə təmtəraqla qarşılayıb son mənzilə yola saldığını cənnətimdən seyr edirdim. Mən ölməmişəm. Mən ancaq dünyamı dəyişmişəm. Şəhidlər ölmürlər axı, ana.
– Evimizin tək ümid işığı, soyumuzun layiqli davamçısı idin, bala. Sən şəhid olana qədər mənim təkcə bir oğlum var idi. Bu gün bütün Vətən oğulları mənə ana deyirlər. Sənin yoxluğunu hiss etdirməməyə çalışırlar. Bizdən nigaran qalma, oğul. Dövlətimizin qayğısını hər an üzərimizdə hiss edirik.
– Əlbəttə, sən şəhid anası olduğun gündən hər kəs səninlə qürur duyur, ana. Yanınızda deyiləm deyə sanma ki, sizdən xəbərsizəm. Ruhum hər an sizləri izləyir. Onu da bilirəm ki, mən şəhid olandan sonra cənab Ali Baş Komandanımızın sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşam. O medallara baxarkən başını dik tut, ağlama, ana. Sən axı şəhid anasısan.
– Sən dünyanı dəyişəndən sonra mənə elə gəlirdi ki, artıq mənim yaşamağımın mənası yoxdur. Amma düşünürəm ki, yaşamalıyam. Azad etdiyiniz torpaqlarımızda firavan yaşayan xalqımızın üzündə gülüş, o torpaqlarda gələcək quran gənclərimizin sevincini görmək üçün yaşamalıyam. Bir qəhrəman oğulun anası kimi yaşamalıyam.
Bəli, dəyərli oxucularımız! Vətən müharibəsinin daha bir qəhrəmanı, toy xonçası nişanlısının evində yarımçıq qalan, canını Vətən uğrunda fəda edən yüzlərdən biri haqqında şəhidimizin anasının dilindən sizlərə məlumat verməyə çalışdım. Əli və onun kimi bu torpağa qan verən oğullar ölmək haqqında fikirləşməmişdi. Biz hər zaman vurğulayırıq ki, sülhsevər xalqıq. Lakin yağı düşmən öz məkrli planlarından əl çəkməyib bizim torpaqlarımızda hökmranlıq etməyə çalışanda Azərbaycan oğulları nəyə qadir olduqlarını göstərməyə məcbur olur. 44 günlük Vətən savaşında qazandığımız Qələbədə olduğu kimi!
Mövludun mübarək, şəhidim!
Telli MƏMMƏDOVA