Gəldi ürəkdəki arzular dilə,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə
Ölüm aşağıdır Vətən eşqindən.
Vətən! Bu söz bizim hamımız üçün müqəddəsdir, doğmadır, əzizdir. Elə bu səbəbdəndir ki, bir qarış torpağına yağı əli uzananda sipər olur sinələr onun uğrunda. Hələ lap qədimdən Azərbaycan xalqı öz torpağını, yurdunu, doğma Vətənini göz bəbəyi kimi qoruyub, düşmən əlləri torpağımıza uzananda canlarını Vətən uğrunda qurban verməyə hazır olublar. Odlar Yurdunun övladları döyüşə atılarkən, sadəcə, bir cümlə dillərdə səslənir: “Vətən sağ olsun!” Vətən həmişə dilimizin əzbəri, qəlbimizdə ümmanlara sığmayacaq məhəbbət bəslədiyimiz səcdəgahımızdır. Bu gün Vətənimiz 44 gün ərzində təpədən dırnağadək Vətən sevgisi ilə silahlanan igid oğullarımızın torpaqlarımızı qarış-qarış düşmən tapdağından xilas edib ay-ulduzlu, üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda qaldıraraq əldə etdikləri böyük zəfərə şahidlik edir.
Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində əldə olunan böyük zəfərimiz Azərbaycan xalqının mübarizliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Tarixin şanlı səhifələri içərisində igidlər yurdu Naxçıvanın mərd oğulları da iştirak edib, şəhidlik məqamına yüksəldilər. Belə igidlərdən olan şəhid İlkin Muradlı ailənin ilk övladı idi. O İlkin ki bu torpaq uğrunda canından keçib, toy paltarı əvəzinə torpağı özünə şöhrət libası seçdi, məhəbbəti qanlı qərənfil çələnginə döndü. O İlkin ki “Özümüz qurban getsək də, torpağımızın bir qarışından belə keçmərik”, – dedi. O İlkin ki Tovuzdan Murova, Murovdan Şuşaya qədər döyüş yolu keçdi və ən uca məqama – şəhidlik zirvəsinə ucaldı... Buna İlahinin yazısımı deyim, ya taleyin hökmümü...
İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz rayonunda anadan olmuşdu. İbtidai təhsilini Şahbuz şəhər tam orta məktəbində almışdı. Qəlbinə hakim kəsilən hərbçi olmaq arzusuna heç kəs mane ola bilmədi. İlkin Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 2013-cü ildə həmin məktəbdə təhsilini başa vurdu. Sonra seçdiyi yol onu Bakıya – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb çıxardı. 2017-ci ildə bu məktəbi bitirərək leytenant rütbəsində Gəncəyə göndərildi. Əvvəlcə Gəncə, Ağstafa, sonra isə Tovuzda qüsursuz xidmət göstərdi. Elə bu xidmətlərinə görə Azərbaycan Ordusunun 100 illiyi medalı ilə təltif olundu.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu atəşkəs rejimini pozaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açması ordumuzun əks-hücuma keçməsi ilə nəticələndi. Bu döyüşlərdə irəlidə gedənlərdən biri də İlkin oldu. Özü də xüsusi təyinatlı kəşfiyyatçı kimi. İlkinin qəhrəmanlığı göz qabağındadır. Ondan çox danışmaq, çox yazmaq olar. Qərara gəldim ki, ölməz qəhrəmanımızı daha da yaxından tanıyım. Bu məqsədlə şəhidin doğulduğu evə üz tutdum. Şəhid anası Həcər ana danışdıqca, özündən ixtiyarsız, sakit-sakit gözlərindən üzüaşağı yuvarlanan göz yaşlarını gördükcə düşünürdüm ki, sanki bu damlalar böyük bir qürurun, başucalığının ümmanı, dənizidir. Həcər ana deyir ki, İlkin çox ailəcanlı idi. Vətənini, valideynlərini canından belə, çox sevirdi. Bir qohumun doğum gününü belə, unutmazdı. İlkinin xüsusi əl qabiliyyəti, əl işləri də var idi. Naxışlarla üzərinə sözlər işlənmiş dəsmalı 8 Mart – Beynəlxalq Qadınlar Günündə anası Həcər xanıma hədiyyə göndərmişdi.
Şəhid atası İlyas kişi isə İlkinin ölümünə heç inana bilmir. Deyir ki, elə bilirəm, indicə zəng vurub hal-əhvalımı soruşacaq. İlkin haqqında ən çox danışan isə ailənin sonbeşiyi Elşən oldu: “Böyük itkidir qardaş itkisi. Təskinliyimiz ondadır ki, qardaşım qəhrəmanlıq göstərərək ən uca zirvəyə – şəhidlik zirvəsinə ucalıb. Doğum günümdən bir neçə gün əvvəl onunla danışanda zarafatla soruşdum ki, bəs bu doğum günümdə mənə nə alacaqsan? Dedi ki, bu dəfə sənə Qarabağı alacağam. Döyüşlərin birində komandirinin şəhid olduğunu dedi, həmin gün çox kədərli idi. Axırıncı dəfə mənimlə danışanda dedi ki, bu dəfə mən şəhid olmağa gedirəm, komandirimin qisasını almalıyam.
İlkin döyüşlərdə misilsiz igidlik göstərib, əlbəyaxa döyüşlərdə iştirak edib, düşmənin canlı qüvvəsi ilə yanaşı, hərbi texnikasını da məhv edib. Elşən onu da söylədi ki, qardaşı, sanki döyüşə hazırlıq görüb getmişdi. Qaldığı otaqda hər yan səliqəli, paltarları ütülü, istifadə etdiyi əşyalar da öz yerində. Noyabrın 9-da qəhrəmancasına həlak olub İlkin. Amansız əcəlin onu bizim əlimizdən belə tez alması göynədir məni. Ancaq bir təsəllimiz var: Qarabağ bizimdir! İndi torpaqlarımız düşmən tapdağı altında deyil. Həm də qardaşım bu dünyadakı son sözünə və istəyinə nail oldu: Qarabağ azad olundu və o, şəhidlik məqamına yüksəldi...
Onu da qeyd edim ki, İlkin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Odlar Yurdu Azərbaycan ürəyimizin odu, hərarəti, sevgisi və arzularıdır. Qucağında boy atıb qanadlandığımız ulu, müqəddəs Vətənimizdir. İndi Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Laçın, Şuşa bizimdir. O torpaqlarda axan hər şəhid qanı oranı daha da müqəddəsləşdirib. Artıq Qarabağımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızda vəzifələrini şərəflə yerinə yetirir. Ona görə də canınızı fəda etdiyiniz Vətən torpağında rahat yatın, şəhidlər!
Nuray QULİYEVA
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin
Müalicə işi ixtisası üzrə VI kurs tələbəsi