İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik muxtar respublikamıza səfərinin ikinci günündə “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində olub. Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.
Əlincəqalanı ziyarət edən qonağa bildirilib ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının xalqımızın çox¬əsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bu gün Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gələn diplomata bildirilib ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmalarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapır. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilir. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Duzdağ Fizioterapiya Mərkəzi, Hüseyn Cavid Məqbərəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi” ilə tanışlıq səfirdə qədim diyarımızın tarixi, mədəniyyəti, ədəbiyyatı və turizm potensialı barədə zəngin təəssürat yaradıb.
İsrailin ölkəmizəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb, muxtar respublika barədə təəssüratlarını bölüşüb:
-Naxçıvana çoxdan gəlmək istəyirdik. Ancaq pandemiya proseslərinə görə səfərimiz bir qədər yubandı. Gəlişimizə çox şad oldum. Səfərimizin məqsədi ölkələrimiz arasında mövcud əlaqələri daha da genişləndirməkdir ki, bununla bağlı muxtar respublikada bir sıra əhəmiyyətli görüşlər keçirdik. Bərpa olunan enerji mənbələri, eləcə də su idarəetməsi istiqamətlərində danışıqlar apardıq. Görüşlər zamanı kənd təsərrüfatı sahəsi üzrə də qarşılıqlı fikir mübadiləsi oldu, gələcək perspektivləri müəyyənləşdirdik. Azərbaycanın başqa yerlərində olduğu kimi, muxtar respublikada da İsrailli ekspertlərin fəaliyyət göstərməsini istəyirik. Birgə əməkdaşlıq sayəsində müasir texnologiyaların ayrı-ayrı sahələrə cəlbinə geniş imkanlar açıla bilər ki, bu da inkişaf, tərəqqi proseslərini xeyli sürətləndirər. Bildiyimiz kimi, bu gün dünyanın əksər ölkələrində su qıtlığı problemi yaşanır. Bunun qarşısını almaq üçün müxtəlif yollardan istifadə etmək olar. Müxtəlif suvarma üsul və texnologiyalarından istifadə edərək suyun sərfiyyatını azaltmaqla kənd təsərrüfatının inkişafına töhfə verərək yaxşı gəlir qazanmaq olar. Həmçinin bərpa olunan enerji mənbələri sahəsində Naxçıvanda böyük potensial vardır ki, bundan yararlanaraq böyük işlər həyata keçirmək mümkündür. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri ilə görüş zamanı burada istehsal olunan məhsullarla tanış oldum. Fikrimcə həmin məhsulları İsrailə ixrac etmək mümkündür və bu istiqamətdə əməkdaşlıq hər iki tərəf üçün məqsədəuyğundur. Ümumiyyətlə düşünürəm ki, Naxçıvanla bir sıra sahələrdə əməkdaşlığımızı genişləndirməkdə böyük fayda vardır.
Əlincəqalaya, Duzdağ Fizioterapiya Mərkəzinə və gəzib-gördüyüm digər yerlərə əsasən deyə bilərəm ki, buranın əlverişli turizm potensialı mövcuddur ki, bu sahədə də əməkdaşlığımızı gücləndirə bilərik. Duzdağ Fizioterapiya Mərkəzində respirator xəstəliklərin müalicəsi üçün geniş imkanlar vardır ki, İrailli turistlərin həm buraya gəzmək, həm də müalicə üçün gəlmələri çox yaxşı olar. Xüsusən də pandemiya proseslərinin getdiyi bir dövrdə bu mərkəzin əhəmiyyəti olduqca böyükdür. Məndə olan məlumata görə son bir neçə ildə İsraildən Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Əgər 2016-cı ildə 10 min nəfər gəlmişdisə 2019-cu il də bu say 50 minə çatıb ki, bu böyük irəliləyişdir. Naxçıvandakı zəngin turizm potensialı ilə tanış olandan sonra bir daha əmin oldum ki, gələcəkdə turistlərin sayı daha da artacaq. Bu, mənim Naxçıvana ilk səfərimdir, ancaq gələcəkdə yenə gəlmək fikrim var. Sonda fürsətdən istifadə edib səfərin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edirəm.
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/31993-saefir-dzordz-dik-dushunuraem-ki-nakhdzh-vanla-bir-s-ra-sahaelaerdae-aemaekdashl-zhh-m-z-zhenishlaendirmaekdae-boeyuk-fayda-vard-r-fotolar.html#sigProGalleria73601d65e6
Nail ƏSGƏROV