Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gümüşlü Kənd Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirmişdir. Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini sükutla yad etmişlər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvar hadisələrindən 24 il keçir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə ölkəmizdə hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Bununla belə, həmin faciəli günü böyük qürur hissi ilə xatırlayırıq. Çünki 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, o, yenilməzdir, qəhrəmandır və onun iradəsini sındırmaq mümkün deyil.
Mərasimdə çıxış edən Gümüşlü kənd ərazi ilk partiya təşkilatının sədri Məlahət Qafarova, Gümüşlü kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Könül Əhmədova, Şahbulaq kənd ərazi ilk partiya təşkilatının sədri Mirabbas Eminov və başqaları Qanlı Yanvar faciəsindən danışaraq bu cinayətin yüz ildən artıq bir dövr ərzində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasətinin davamı olduğunu vurğulamışlar. Bildirilmişdir ki, bu tarix daim yad edilməli, nəsillərdən nəsillərə ötürülərək unudulmamalı, göstərilən qəhrəmanlıq, şücaət, xalq birliyi və həmrəyliyi hər bir azərbaycanlı üçün örnək olmalıdır.
Xəbərlər şöbəsi