Sual: Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə hansı qaydada verilir?
Cavab: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq qanunda nəzərdə tutulmuş müddətdə baxılır.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Ölkə vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya sahəsini əhatə edən və bu sahədə maraqdoğuran müxtəlif mövzularla bağlı suallarını Dövlət Miqrasiya Xidmətinin 202 Miqrasiya Məlumat Mərkəzinə, miqrasiya.nakhchivan.az saytının əlaqə bölməsinə və ya Xidmətin rəsmi “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti) və “Instagram” (nmr_miqrasiya_xidmeti) sosial şəbəkələrinə ünvanlayaraq ətraflı məlumat əldə edə bilərlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi