1990-cı il yanvar ayının 15-də Kərki kəndinin müdafiəçiləri sovet hərbçilərinin təkidli tələbi ilə (“daha sizi ermənilərdən qorumaq imkanımız yoxdur, qalsanız, hamınızı girov götürəcəklər” deyəndən sonra) axşam saat 6-7 radələrində Kərkini tərk etdilər. Kərki sovet hərbçiləri tərəfindən yerli sakinlərdən alınıb ermənilərə veriləndə (15 yanvar 1990-cı il) hələ nə Qarabağ işğal olunmuşdu, nə Xocalı faciəsi baş vermişdi, nə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçmişdi, nə də Sədərək üzərinə erməni hücumları olmuşdu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı oldu. Kərkinin işğalı Naxçıvanda, eləcə də Azərbaycanın bir çox yerlərində birmənalı qarşılanmadı. Hətta 1988-ci ildən zillət çəkib kəndi qoruyanlara – son patronlarına qədər vuruşub 1990-cı il yanvarın 15-də kəndi əliyalın tərk edənlərə qara yaxanlar, “torpağı qoruya bilmədiniz” və sair deyənlər də oldu...
Kərkinin son süqut günü – 1990-cı il yanvarın 15-dir. Bəzi məqalə və kitablarda bu tarix səhvən 19 yanvar kimi qeyd edilib, əslində isə son müdafiəçilər kəndi 15 yanvarda tərk ediblər. Kərkidə nələr baş vermişdi, kəndin son müdafiəçiləri kimlər idi, onlar hansı şəraitdə vuruşurdular və kənd necə işğal edildi, bundan çoxları xəbərsiz idi. Həmin günün acı tarixini o günün şahidlərinin, son döyüşün iştirakçılarının xatirələri əsasında yazmağa çalışdıq.
Kərki kənd sakini (bu yaxınlarda dünyasını dəyişmiş) Abbas Əhmədovun dedikləri:
– Kərkinin son günü haqda danışmazdan əvvəl bir neçə kəlmə o vaxta qədər yaranmış gərginlikdən və narahatlıqdan danışmaq istəyirəm. 70-dən artıq ailənin, 350 nəfərə yaxın əhalinin yaşadığı kiçik bir kənddə 1988-1990-cı illərdə nələr çəkmişik, bunu bir Allah bilir, bir də Kərki əhalisi. Düzdür, Sədərəkdən, Şərurdan, hətta Naxçıvan şəhərindən də bir çox qeyrətli oğullar köməyimizə gəlib həftələrlə, aylarla bizə dayaq dursalar da, Sədərəkdən 12 km aralıda – İrəvan-Cermuk yolunun 20-30 metrliyində yerləşən kiçik bir kənddə yaşamaq çox çətin idi. Həmin yoldan gün ərzində keçən ən azı 4-5 yüz erməni maşınının hər birindən bir kinayəli söz eşidə-eşidə dözürdük Kərki kəndində. 1988-ci ildən isə asfalt yoldan keçən erməni maşınlarından kəndə atəş açılır, əhali səksəkə içində yaşamağa məcbur edilirdi. 1988-ci ilin ortalarından etibarən kənddə ağsaqqalların iştirakı ilə xüsusi məsləhət qrupları yaradılmışdı. İsgəndər Əliyevlə Əziz müəllim işlərə ümumi rəhbərlik etməklə rayon təşkilatları ilə əlaqə saxlayırdılar. Abbas Vəliyevlə İsmayıl Əhmədov kəndin təchizat məsələləri, ərzaq normalarının bölünməsi işlərinə nəzarət edirdilər. Uzun illər kənddə həkim işləyən İslam İsmayılov erməni təhlükəsi ilə üz-üzə qalan kənddə səhiyyə xidmətini təşkil edir, rayon mərkəzindən təcrid olunmuş kənddə tibbi xidmət göstərirdi. O vaxtlar kənddəki yeməkxanada işləyən Əli Orucovla Əli Əliyevə yalnız sovet hərbçilərinə xidmət göstərmək tapşırılmışdı ki, bəlkə, hərbçilər kəndi ermənilərdən yaxşı qorusunlar... Kərki rayon mərkəzindən təcrid olunmuş vəziyyətdə idi.
1988-ci ildən özümüz kənd əhalisinin dəqiq uçotunu aparıb əli silah tuta bilən 45 nəfər siyahıya almışdıq. Hər birində 15 nəfər olmaqla kəndin üç yerində post yaratmışdıq. Sədərəkdən, Şərurdan, ümumiyyətlə, Naxçıvanın müxtəlif bölgələrindən gələn könüllülər də daxil olmaqla, Kərkinin 2-3 il bu vəziyyətdə keşiyini çəkdik... Ancaq 1990-cı il yanvarın 15-i bizim doğma torpağı son müdafiə günümüz oldu.
Yanvarın 15-də səhər saat 4-də güllə səsinə oyandım. Pəncərədən baxanda çoxlu qar yağdığını gördüm. Postdan xəbər tutmaq üçün həyətə çıxmaq istəyirdim ki, “motor damı” deyilən tərəfdən bir güllə açıldı. Bu səsdən sonra asfalt tərəfdən ermənilər həyətimizə yağış kimi güllə yağdırmağa başladılar. Dünən gecəni də postda olub indi bizim evdə gözünün acısını almaq istəyən Xəlili çağırıb həyətə ermənilər dolduğunu və mühasirədə qaldığımızı bildirdim. Səhər saat 8-ə qədər evdən çıxmağımız mümkün olmadı. Evimiz dərədə olduğundan sağ sahildəki asfaltdan ermənilər, sol sahildən isə bizimkilər atdığından güllə yağışı altında qalmışdıq. Səhər saat 8-ə qədər evin daldasından həyətə dolmaqda olan erməniləri atəşə tutsaq da, həyətdən çıxara bilmirdik. Ancaq motor damı tərəfdən Rzanın beşaçılanının aramsız atəşləri ermənilərin diqqətini yayındıra bildi və biz çətinliklə həyətdən çıxa bildik. Saat 12-yə yaxın kəndi ermənilərdən təmizlədik, amma...
Kərki kənd sakini Rza Cabbarovun dedikləri:
– Yanvarın 14-dən 15-nə keçən gecə mən əsas post sayılan motor damında növbədə idim. Telefon xətti ermənilər tərəfindən kəsildiyindən bir neçə gün əvvəl Şərur Rayon Rabitə Şöbəsində işləyən kəndçimiz Samilin köməyi ilə qərargahda hava telefonu quraşdırılmışdı. Axşamüstü zəng vurub soruşdular ki, Ermənistan tərəfdən Cermuk yolu ilə gedən kalondan nə məlumatınız var? Bizdə heç bir məlumat olmasa da, kəndin ən uca yerində yerləşən ehtiyat növbətçilərin vasitəsilə həmin kalonda gedən maşınları sayırdıq. 115 erməni maşını keçdi. Bu, bizi şübhələndirdiyi üçün axşam postlara ayıq olmaq üçün xüsusi tapşırıqlar verdik və səhər saat 4 radələrində 2-3 min erməni kəndi mühasirəyə alanda bildik ki, yuxarıya gedən maşınlar gecə Kərkiyə hücum etmək üçün yığışırmış...
Mənimlə birlikdə həmin gecə motor damında Abbas Əhmədov, Elşad Məmmədov, Elxan Abbasov və Xəlil Xəlilov da növbədə idi. Gecə saat üçə qədər sakitlik olduğu və Xəlil çox yuxusuz olduğu üçün mən Abbasla Xəlili məcbur etdim ki, gedib Abbasgildə 1-2 saat dincəlsinlər. Onlar təzəcə getmişdilər ki, ermənilərin hücumu başlandı və biz həmin postda cəmi 3-4 nəfər olsaq da, səhərə qədər tez-tez yerimizi 2-3 metr dəyişib müxtəlif istiqamətlərdən atəş açmaqla həm ermənilərin kəndə girməsinin qarşısını aldıq, həm də Abbasla Xəlilin dərədəki evdən çıxmalarına kömək edə bildik. Kərkinin son müdafiə günündə Ağoşun düzəltdiyi topdan istifadə edirdik və bəlkə də, ermənilərə qarşı Naxçıvanda ilk top atəşini Ağoş açdı.
Kərki kənd sakini Ağoşun (Orucov Oruc Hüseyn oğlunun) dedikləri:
1960-cı illərin sonlarında ermənilər Kərki dağlarında kinofilm çəkirdilər. Filmin çəkilişi başa çatandan sonra çəkiliş yerlərində ermənilərin atıb getdikləri, üstündə ay-ulduz olan türk bayraqlarının, türk geyimlərinin nişanələrini tapandan sonra bizə aydın oldu ki, ermənilər türklərin “zavallı erməniləri” “qırmasına” aid saxta film çəkirmişlər... Həmin filmin çəkiliş meydanında bir də qırıq-salxaq türk topu qalmışdı... Mən böyük maraqla kənd cavanlarını yığıb həmin top lüləsini çəkib həyətimizə gətirdim. Elə bil nə vaxtsa gərəyimiz olacağı ürəyimə dammışdı. Buna görə də mən bir neçə il o topun üstündə işləyib bildiyim şəkildə onu sazladım. Zülmət gecələrdə (dünyanın düz vaxtı olsa da...) o topu bir neçə dəfə atıb sınaqdan da keçirdik... İllərlə çəkdiyimiz zəhmət 1990-cı il yanvarın 15-də, ağır günümüzdə dadımıza çatdı.
Sübh tezdən 2-3 min silahlı erməni kəndi bir neçə tərəfdən mühasirəyə almışdı. Şırran körpüsü, O tay, Köhnə Kərki və Sənəm zağası tərəfdən kəndə tərəf irəliləyən ermənilər Kərkini üzük qaşı kimi mühasirəyə almışdılar. Vəziyyət getdikcə çətinləşirdi. Aramsız atdığımız tüfənglər çox qızdığından onları qarda soyuda-soyuda atsaq da, patronumuz da tükənmək üzrə idi. Kənddə atışma səsindən qulaq tutulurdu. Şırran körpüsü tərəfdən kəndə dolan ermənilər kəndi yandırmağa başladılar. İlk yandırılan Nadirin evi və yeməkxana oldu. Vəlinin, Zeynalın evlərinə, Manafın tayasına da od vurdular. Kəndi bürüyən qara tüstünün vahiməsi içində könüllü döyüşçülərin hamısı nisbətən ucada yerləşən bizim həyətə toplaşırdı. Ermənilər isə aşağıda asfaltın üstündə toplaşıb şadyanalıq edirdilər. Belə bir vaxtda topun lüləsini aşağıya – ermənilərin komasına tuşlayıb yerə bağlanmış zəncirləri bərkidəndən sonra ilk atəşi açdıq. Elə ilk atəşdən pərən-pərənə düşən ermənilər haray-qışqırıqla qaçmağa başlayanda ehtiyat saxladığımız 7 mərminin hamısını atdıq. Yaralıları və meyitləri yük maşınları ilə yola salan ermənilər bir neçə saat susdular: Kərkidən top atəşinin açılması onları çaşbaş salmışdı.
Haşiyə
Ağoşun top atəşindən sonra ermənilər susmuşdu, Kərkinin müdafiəçiləri də “atəşkəs”dən istifadə edib hamısı bir yerə, məktəbin binasına toplaşıb vəziyyətdən çıxış yolu axtarırdılar. Sübh tezdən onları narahat edən Nadirin girov götürülməsi, yaxud öldürülməsi xəbəri də yalan olduğundan bir qədər sevinirdilər. Uşaqlardan biri imkan tapıb Nadirgilin həyətinə girmiş və qar üstündə evdən çıxan bir izin gecə qadınları Şurut-Cəhənnəmdərə yolu ilə Sədərəyə endirən Həsən Kazımovun və oğlu Vaqifin həyətinə tərəf getdiyini görüb arxayınlaşmışdılar. Deməli, Nadir də həmin günə qədər Kərkidə qalan 75 yaşlı Nazlı Bağırovanı, 50-52 yaşlı Xavər Həsənovanı, Sona Məmmədovanı səhərə yaxın qarlı dağ yolları ilə piyada Sədərəyə aparan Həsən Kazımova, Mahir İsmayılova, Şahin Kazımova və həyat yoldaşı Xavəri, oğlu Çingizi, 7 yaşlı qızı Fəxrəntacı aparan Vaqifə qoşulub onların Sədərəyə çatdırılmasına kömək etmişdi...
Sübhdən başlayan döyüşlər zamanı başından yaralanan Bəxtiyarın da yarasının ağır və qorxulu olmaması döyüşçüləri sevindirirdi... Ancaq axşam düşür, yenə kənddə tək-tək atəş səsləri eşidilirdi. Rus hərbçiləri top atəşlərindən sonra xeyli narahat olmuş və Kərkinin müdafiəçilərini çağırıb son sözlərini demişdilər: “Daha bizim cəmi 2 patronumuz qalıb. Ermənilər sizi girov götürsələr, kömək edə bilməyəcəyik. Bu gecə baş verəcək hadisələrə biz cavabdeh deyilik...” Artıq tam mühasirə vəziyyətində olan Kərkidə 15-20 nəfərin davam gətirməsi mümkün deyildi. Kənddən çıxmağa isə yeganə yol Şurut yolu ola bilərdi. Ancaq bu dərədə də ermənilərin olub-olmaması şübhəli idi... Bu dərəyə yeganə ümid yolu kimi baxanlardan kimsə həmin dərədən bir nəfərin, arxasınca da 2-3 nəfərin çıxıb gəldiyini görəndə həyəcanını gizlədə bilmədi və ucadan qışqıraraq: – Şurut yolu açıqdır, Yavər gəlir, – dedi...
Kərki kənd sakini Yavər Ələkbərovun dedikləri:
– Həmin gecə Sədərəkdə idim. Kərkiyə ermənilərin hücum etdiyini eşidəndə gedib sədərəkli qohumum Əli Səfərovun tüfəngini aldım. Sədərəkdən də bir neçə nəfər – Məhərrəm Bağırov, Məmməd Cəfərov, Xudu Orucov, Mikayıl Həsənov da mənə qoşuldu. Bəhmanın maşını ilə Qaraağacın yaxınlığına qədər gəlib “camışçılıq” deyilən fermaya çatdıq. Orda vəziyyəti bilən çox adam toplaşmışdı. Bizim Kərkiyə getməyimizin mümkün olmadığını desələr də, biz inadımızdan dönmədik. Kəsə dağ yolu ilə gedib axşamüstü Kərkiyə çatdıq. Həmin gün döyüşlərdə iştirak etməsək də, bizim getdiyimiz yolun açıq olduğunu bilən Kərkinin son döyüşçüləri həmin yolla Sədərəyə enə bildilər.
Son söz əvəzi
1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən saat 18-19-a qədər Kərki kəndində şiddətli döyüşlər getdi. Həmin gecə növbədə olan Elxan Abbasov motor damındakı hava telefonu ilə güllə yağışı altında yerə uzanmış vəziyyətdə gümanı gələn yerlərə xəbər versə də, kömək gəlməsi mümkün olmadı. 20-30 nəfər Kərki sakini 2-3 nəfər Şərur Rayon Polis Şöbəsinin əməkdaşı ilə birlikdə 2-3 min silahlı erməniyə qarşı vuruşsa da, qüvvələrin qeyri-bərabər olması onların davam gətirməsinə imkan vermədi və axşamüstü onlar bir neçə saatlıq fasilədən sonra yenə başlanan güllə yağışı altında Ədalətin həyətindən iki-iki, üç-üç Şurut tərəfə keçib Şurut dərəsindən Sədərəyə enən qarlı dağ yolu ilə kəndi tərk etdilər.
Kərki kəndi ermənilər tərəfindən işğal olundu... Kərkük yadigarı olan qədim yurd, hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim oğuz yurdu beləcə ermənilərin əlinə keçdi...
İşğal olunan digər Zəngəzur, Göyçə, Basarkeçər, Vedibasar mahalları kimi; Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl rayonları kimi...
Vaqif MƏMMƏDOV
tarix üzrə fəlsəfə doktoru, dosent