22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bu il muxtar respublika ərazilərində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sayəsində taxıl zəmilərində yanğın hadisələri baş verməmişdir. Lakin biçindən sonra da taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən biçilmiş sahələrin yandırılması hallarına yol verilməsi müşahidə edilir.

 

Naxçıvan Muxtar Respubli­kası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq bir daha sahibkarları, torpaq mülkiyyətçilərini və fermerləri biçindən sonra taxıl sahələrinin yandırılmamasını ciddi tövsiyə edir. Çünki taxıl biçini başa çatdıqdan sonra yerdə qalan saman və küləşin yandırılması yaxınlıqda yerləşən quru otlaq sahələrdə, yaşayış məntəqələrində, meşə ərazilərində və strateji əhəmiyyətli obyektlərə yüksək yanğın təhlükəsi yaratmaqla yanaşı, irimiqyaslı yanğınlara və mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb ola bilər.
Unutmayaq ki, samanın və eləcə də digər bitki qalıqlarının yandırılması ekoloji cəhətdən ziyandır, torpağın məhsuldarlığını aşağı salır. Biçindən sonra torpaqların şumlanması torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir.
Yadda saxlamaq lazımdır ki, taxıl sahələrinin biçindən sonra yandırılması torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə, torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin, təxminən, 95 faizini təşkil edən orqanogen elementlər qaz halında itir. Bu isə, öz növbəsində, torpağın münbitliyinə mənfi təsir edir. Yanğın zamanı yüksək temperaturun torpağın üst qatına təsiri nəticəsində humus ehtiyatını məhv edir və torpağın fiziki-kimyəvi xassələri dəyişir. Vahid sahədə saman 30-40 saniyədə yanır, amma bu qısa müddət zamanı torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Torpağın 5 santimetr qatında humus yanır, 10 santimetr qatında isə suyun buxarlanması baş verir. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır.
Oxucuların diqqətinə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilərlər.
Bir məqamı da qeyd etmək istəyirik ki, artıq torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri qışa tədarüklə bağlı sahələrdən mal-qara üçün yem ehtiyatı, yəni ot-saman tayaları yığırlar. Məhz həmin tayaları yığarkən də müəyyən edilmiş yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Belə ki, ot-saman tayalarını yaşayış evlərinin çardağına, zirzəmisinə, yardımçı təsərrüfat tikililərinə və elektrik xətlərinin altına yığmaq qəti qadağandır. Ot-saman tayaları yaşayış evlərindən, tikililərdən, elektrik xətlərindən və yollardan ən azı 20 metr aralı məsafədə xüsusi ayrılmış yerlərdə yerləşdirilməli, onun ətrafı çəpərlənməli, azyaşlı uşaqların oraya daxil olmasına və nəzarətsiz buraxılmasına yol verilməməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək qəti qadağandır.
Bir daha yuxarıda qeyd edilən tövsiyələrə vaxtında ciddi riayət olunmasının zəruriliyini xatırladaraq bildiririk ki, hər hansı bir yanğın təhlükəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilsin.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR