22 Dekabr 2024, Bazar

 

Əfsanəyə dönən ömürlər

II Qarabağ müharibəsi tariximizin şanlı səhifələrinə qəhrəmanlıq salnaməsi, şərəf dastanı kimi yazıldı. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz erməni qəsbkarlarının heç bir ağla və məntiqə söykənməyən saxta torpaq iddialarını puç edib, əzəli-əbədi torpağımız olan Qarabağımızı öz sahiblərinə qovuşdurdu. Bu müharibədə şücaətli ordumuz, cəsur əsgər və zabitlərimiz öz canı, qanı bahasına əbədi zəfər bayramını xalqımıza bəxş etdi. Torpaqlarımızın düşməndən azad olunması uğrunda böyük qəhrəmanlıq göstərən şəhidlərimizin, qazilərimizin, hərbi qulluqçularımızın ailələri isə bu gün dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, 26 İyun – Silahlı Qüvvələr Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şəhidlərimizin ailələri ilə görüşüb, 13 şəhid ailəsinə yeni mənzillərin açarlarını təqdim edib. Həmin şəhid ailələrindən biri də Bağır Ələkbərovun ailəsidir. 

 

Bağır Ələkbərov 1995-ci ildə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində hərbçi ailəsində dünyaya göz açmışdı. İbtidai təhsilini Naxçıvan şəhər 705 nömrəli tam orta məktəbdə almış, atasının xidməti ilə əlaqədar Culfa şəhərinə köçdüklərindən orta təhsilini buradakı 3 nömrəli tam orta məktəbdə başa vurmuşdu. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” hərbi hissəsində gizir hərbi rütbəsində davam etdirmişdi. 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasına qarşı ermənilərin növbəti təxribatı zamanı Xüsusi təyinatlı qüvvələrin tərkibində olan Bağır Ələkbərov Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq yüksəkliyinin, Qızıl­qaya, Qaraqaya dağlarının azad olunmasında, Dərələyəz mahalının Arpa kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi üçün gedən döyüşlərdə fəallıq göstərmişdi.
Bağır Ələkbərov 44 günlük Vətən müharibəsində Şuşanın, Xocavəndin, Hadrutun düşməndən azad olunmasında böyük şücaət göstərib və oktyabrın 15- i qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Şəhidimizin ailəsi ilə həmsöhbət olmaq üçün biz də bir ünvanın yolunu tutduq. İlk getdiyimiz ünvan şəhidimizin doğulub boya-başa çatdığı Əliabad qəsəbəsindəki evi oldu. Bu evin ümman qədər kədəri, dağlar qədər vüqarı, göylər qədər fəxri var. Evin hər küncü, bucağı ondan danışır. Hər yerdə onun adı çəkilir, onun xatirələri anılır.
Şəhidimizin otağında əyləşmişik... Ortalığa sükut çöküb... Kim bilir, bu lal sükut bir zamanlar hansı xoşbəxtliklərə, hansı sevinclərə şahid olub. Otağın bir küncündəki rəfin hər tərəfi onun xatirələri ilə doludur. Bir tərəfdə ailəsi ilə çəkdirdiyi, bəlkə də, həyatının ən xoşbəxt anlarını yaşadığı şəkilləri, keçmiş gözəl günlərinə boylanan xatirə əşyaları dayanıb. Digər tərəfdə isə Vətən göylərinin ənginliklərinə yüksəltdiyi, şəhid tabutunun üstünü bəzəyən üçrəngli, ay-ulduzlu bayraq asılıb. Rəfin üzərinə düzülmüş şəkillər izləyir bizi, çöhrəsindəki təbəssümlə, süzgün baxışlarla bizə elə baxır ki, sanki hiss edib onun üçün gəldiyimizi.
Gəldiyimizdən bəri ortalığa çökmüş bu sükutu pozmalıyam axı. Nə danışım? Kimdən soruşum onu? Kimi dindirim? Ürəyi övlad həsrəti ilə yanıb-qovrulan Ələviyyə ananı?! Yoxsa oğul dağından üzünə qəm çökmüş Əsəd atanı?! Bilmirəm...
Ortalığa hakim kəsilən bu səssizliyi şəhidimizin atası Əsəd əmi pozur. Gözlərindəki oğul yanğısı hiss olunsa da, məğrur dayanıb, qürur hissi ilə deyir: – 1995-ci ilin fevral ayında ailəmiz daha da böyüdü, ocağıma isti nəfəs olan Bağırım dünyaya gəldi. Elə körpəlikdən hər şeyə can atmağı, ürəkli, qorxmaz davranışı, şirin-şəkər şıltaqlığı ilə seçilirdi həmyaşıdlarından. Hərbçi ailəsində doğulduğu üçün kiçik yaşlarından hərbiyə böyük həvəsi var idi. Elə bu arzusu, xəyalı əlindən tutub onu Vətənin keşiyində durmaq kimi çətin və şərəfli bir işin ardınca apardı. 2013-cü ildə Xüsusi təyinatlı qüvvələrdə snayperçi kimi hərbi xidmətə başladı. Xidmətini qurtarmağa 3 ay qalmış nizam-intizamını, qabiliyyətini nəzərə alaraq ona gizir rütbəsi verilmişdi, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə və nümunəvi davranışına görə fəxri fərmanla təltif edilmişdi. Bağır arzularının ardınca getməkdən heç vaxt bezməzdi, yorulmazdı. Dövlət tərəfindən ixtisasını təkmilləşdirmək üçün Türkiyəyə göndərildi, burada Özəl qüvvət kəskin nişançı, sonra isə Özəl qüvvət uzman nişançı kurslarını uğurla başa vuraraq sertifikat aldı. Bu gün mən onunla fəxr edirəm. Fəxr edirəm ki, oğlum torpaqlarımızın düşməndən azad olunması uğrunda vuruşaraq şəhidlik məqamına yüksəlib. İndi ondan geriyə iki övladı yadigar qalıb. Onlar da Vətənimizin diqqət və qayğısı, nəvazişi ilə əsl vətəndaş kimi böyüyəcək, Bağırıma, atalarının şəhid adına layiqli övlad olacaqlar.
Əsəd əmiylə başladığımız söhbətə şəhidimizin anası ilə davam edirəm. Vüqarını oğlunun müqəddəs məqamından alan Ələviyyə ana deyir ki, müharibənin ən şiddətli anında belə, onunla danışarkən bizə təskinlik verərdi. O, xalqını, millətini, Vətənini hər şeydən üstün tutardı. Vətən dara düşəndə onun qeyrətli oğulları ondan ötrü can verməli, qan tökməli, onun sipəri olmalıdır. Bağır da belə oğullardan idi. O, torpağa bağlılıq, Vətənə sədaqət ruhunda böyümüşdü. Elə bil torpaq üçün yaranmışdı. Bəlkə də, qismət, məsləhət belə imiş. Ölüm sevinməsin! Çünki o ölmədi. Əksinə, ölməzlik qazandı.

Evdən ayrıldıqdan sonra ayrı ünvana gəlmişəm. Şəhidimizin müqəddəs məzarı başındayam.
Salam, Şəhid qardaşım. Amalına, xəyalına, qeyrətinə qurban olum. Gəlmişəm müqəddəs məramından, məqamından danışam. Danış mənə... heç ayaq basdığın yerlərin daha öncə xəyalını qurdunmu? Səngərdəki təpənin arxasında vurulanda son dəfə göy üzünü seyr edib, mavi səmanı bəzəyən dumanda bütün həyatın canlandımı gözündə? Gözünü bürüyən bu duman sənin həyatındır, şəhidim – xəstələnəndə ananın yuxusuz gecələri, atanın nigaran baxışıdır. Bu duman yolunu səbirsizliklə gözləyən dostun, səni şəhid kimi vüqarla qarşılayan əzizlərindir.
Danış mənə, şəhidim...son dəfə səmaya baxanda ilk addım atdığın evini, uşaqlığını, bayraq əlində qaçdığın küçənizi, hərbi hissənin həyətində reallaşan arzularını xatırladınmı? Əlindən tutub addım atmağına kömək edən doğmalarının çiynində ən uca zirvəyə yola salındığını, şəhid xəbərin gələndə ananın fəryadını, övlad itkisini göz önünə gətirdinmi? Həyat yoldaşının, övladlarının sənsiz keçirəcəkləri hər günün acısını düşündünmü heç? Bilmirəm... amma bildiyim tək bir şey var – o da arzunun, diləyinin 30 illik nisgilə, həsrətə son qoymaq, düşmən tapdağında gözü yolçəkən Cıdır düzünə, Şuşa qalasına uğrunda canından keçdiyin üçrəngli bayrağı sancmaq olduğunu. Bu amal səni ən ülvi məqama – şəhidliyə ucaltdı. Bir an belə gözünü qırpmadan sinəni düşmənə sipər etdin. Yaxşı bilirdin ki, çətin də olsa, övlad dağı verdiyin atan, anan şəhidliyinlə təsəlli tapacaq. Yaxşı bilirdin ki, anan “Oğul Vətən üçündür! Qanı bu torpağa halal olsun!” – deyib dik dayanacaq. Atan “Mən şəhid atası olduğum üçün fəxr edirəm” – deyib yoluna həsrətlə baxacaq, ürəyindəki hıçqırtıları boğacaq, tabutun gələndə ən əziz qonağıtək qarşılayacaq...
Şəhidim, qəlbimizdə Bağır adlı bir dünya var, o dünyada Bağır kimi oğullar böyüyəcək, adı dillərdə deyiləcək, neçə-neçə gəncə örnək olacaq, yurduna xoşbəxtlik, sevinc bəxş edəcək. Məzarında rahat uyu. Hələlik, Şəhid qardaşım, hələlik...

Məcid RƏŞADƏTOĞLU

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR