Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər iyul ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiəqəsini itirən 32 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 529 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərdən 135-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 394 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 103-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul olunmuşdur.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti