22 Dekabr 2024, Bazar

20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və şərəf tarixi

Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 24 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi yazdı – 20 Yanvar səhifəsi.
20 Yanvar tariximizə faciəvi günlərdən biri kimi düşsə də, əslində, bu gün xalqımızın qəhrəmanlıq tarixinin bir parçasıdır.

Təpədən dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdir. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misligörünməmiş faciəyə gətirib çıxardı.

Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Yanvarın 19-dan 20-nə keçən gecə dinc azərbaycanlı əhaliyə qarşı misligörünməmiş vəhşiliklər edilmiş, sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələri 3 istiqamətdə Bakıya yeridilərək ağır cinayət törətmişdir. 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir. Terror əməliyyatı zamanı yaşayış evləri atəşə tutulmuş, təcili yardım maşınları, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilmiş, yaralılara yardım göstərən tibb işçiləri güllələnmişdir. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. O vaxtkı sovet imperiyasının ideoloji təbliğatçısı olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində əsl həqiqətləri təkzib edir və yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misligörünməmiş təcavüzü, qətliamı idi. Bu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın müddəalarını pozmuşdur.
Lakin nə ideoloji təbliğat, nə də əli qana bulanmış Bakıdakı sovet ordu hissələri xalqın müstəqillik, azadlıq arzularını boğa bilmədi. Sovet rəhbərliyində təmsil olunan rəsmilərin qanlı əməliyyatlara birbaşa rəhbərlik etməsi və ən amansız tədbirlərə əl ataraq milli azadlıq mücadiləsinə qalxmış insanların inam və iradəsini sarsıtmaq təşəbbüsləri baş tutmadı. SSRİ-nin digər müttəfiq respublikalarından fərqli olaraq, seçilərək Azərbaycana göndərilən xüsusi ordu kontingentinin əliyalın xalqa qarşı daha amansız hərəkətləri sovet rejiminin iç üzünü bütün dünyaya açıb göstərdi.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Mos­kvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir. Ulu öndər Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
Bu təkcə SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək deyildi, bu, sözün əsl mənasında, böyük hünər və cəsarət idi. Ulu öndərimiz öz bəyanatında açıq şəkildə o zamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına göndərdiyi teleqramda deyilirdi: “Bakı şəhərinə sovet ordu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Azərbaycan xalqının ən çətin anında ulu öndər Heydər Əliyev Moskvadan doğma Vətəninə qayıtdı. Həmin dövrdə ölkəmiz parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Görkəm­li dövlət xadimi Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da o vaxtkı hakimiyyət tərəfindən təzyiq və hədələr göstərilirdi. Buna baxmayaraq, ulu öndərimiz Vətənə döndü. Dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da ona inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərində erməni silahlı dəstələrinin fəallaşması ilə müşayiət olunmuşdur. Onların Sədərəyə və digər sərhəd kəndlərinə hücumu Qanlı Yanvarın ilk səhifəsini yazmışdı. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək Azərbaycanın qədim torpağı olan Naxçıvanı qoruyub saxladılar.
20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndərimizin rəhbərliyi ilə Naxçıvanda verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli liderimiz tərəfindən hazır­lanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilmiş, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilmişdir. Həmin tarixi sənəddə deyilirdi ki, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşi­liklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır”.
Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması qərara alınmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur. Lakin təəssüflər olsun ki, 1991-1993-cü illər ərzində hadisəyə ölkə səviyyəsində siyasi-hüquqi qiymət verilməmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün olmuşdur.
“Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları ilə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı daha da artırılmışdır. Ölkəmizin paytaxtı Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Əsrlər keçsə də, 1990-cı il 20 Yanvar hadisəsi heç vaxt yaddan çıxmayacaq, dönə-dönə xatırlanacaqdır. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.
Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Faciədən 24 il keçir. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalqımız hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar faciəsi yaddaşımızda və qəlbimizdə əbədiləşərək azadlıq abidəsinə, qəhrəmanlıq nümunəsinə çevrilmişdir. Bu gün hər bir azərbaycanlı o gecə şəhid olan qəhrəman Vətən oğulları ilə qürur duyur, xalq, millət kimi sınmadığımız, məğlub olmadığımız üçün öyünür.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR