“Şərq qapısı” – 100
Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında baş verən ictimai-siyasi hadisələrin, quruculuq işlərinin təhrif olunmadan və obyektiv şəkildə xalqımıza və dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzedilməzdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kütləvi informasiya vasitələrinin inkişafına həmişə qayğı ilə yanaşmasının ifadəsidir ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalayıb.
Öncə onu qeyd edək ki, “Şərq qapısı” qəzeti nəşrə başladığı gündən qədim tariximizin təbliğatçısına çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının əlverişli təbii-coğrafi şəraiti qədim daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Arxeoloji araşdırmalar zamanı Ordubad rayonunun Sabir Dizə, Kəngərli rayonunun Şahtaxtı yaşayış yerində və Şərur rayonunun Ovçular təpəsi yaşayış yerində aşkar olunan Daş dövrünə aid alətlər Naxçıvanda qədim insanların iki milyon il bundan əvvəl məskunlaşdığını təsdiq edir. Qazma mağarasındakı tədqiqatlar Paleolit dövrünün orta və son mərhələsində Naxçıvanda həyatın davam etdiyini göstərir. Arxeoloji materiallarda Üst Paleolit dövrü üçün xarakterik əlamətlərin izlənməsi qədim Qazma sakinlərinin qəbilə icmalarının yaranması ərəfəsində olduğunu təsdiq edir. Qədim tariximizin öyrənilməsi ilə bağlı ilk nəticələrin əks olunduğu qəzetlərimizdən biri məhz “Şərq qapısı” qəzetidir.
Naxçıvanda tarix və mədəniyyət abidələrimizin öyrənilməsinə göstərilən dövlət qayğısı tariximizin yeni səhifələrinin açılmasına səbəb olmuş və bu səhifələr “Şərq qapısı” qəzetinin səhifələrində ardıcıl şəkildə işıqlandırılmışdır. Naxçıvanda Daş dövrünün ən geniş öyrənilmiş abidəsi I Kültəpə yaşayış yeridir. Araşdırmalar I Kültəpədə insanların eramızdan əvvəl VII minilliyin ikinci yarısından məskunlaşdığını göstərir. Qəzetdə 18 aprel 2017-ci ildə “Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitab işıq üzü görüb” sərlövhəsi ilə dərc olunmuş məqalədə I Kültəpə və onun ətrafında aparılan arxeoloji tədqiqatlar haqqında ətraflı məlumat verilib, bu yaşayış yerinin Cənubi Qafqazın ən qədim Neolit məskəni olduğu qeyd edilib. 22 fevral 2021-ci ildə nəşr olunan “Naxçıvanda aşkar olunan yeni Neolit abidəsi xüsusi əhəmiyyəti ilə seçilir” adlı məqalədə Azərbaycanın, həmçinin Naxçıvanın tarixi üçün müstəsna əhəmiyyəti olan Osmantəpə yaşayış yerindən bəhs olunmuş, yaşayış yerindən aşkarlanmış arxeoloji materialların Mezolitdən Neolitə keçid dövrünü əks etdirdiyi oxuculara çatdırılmışdır. Araşdırmalar göstərir ki, Naxçıvanın Neolit mədəniyyəti üçün xarakterik olan xüsusiyyətlər Ağrı vadisinə və Mil-Muğan düzlərinə yayılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra tarixi abidələrimizin öyrənilməsinə diqqət daha da artırılmış, yurdumuzun tarixi hərtərəfli araşdırılmış, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başladığı müəyyən edilmişdir. “Şərq qapısı” qəzetinin 29 yanvar 2020-ci il tarixli nömrəsində nəşr olunan “Naxçıvan – qədim diyar” adlı məqalədə Naxçıvanın Urmiya hövzəsi, Aran Qarabağ və Şərqi Anadolunu əhatə edən Dalma Təpə mədəniyyətinin əsas mərkəzlərindən biri olduğu göstərilmişdir. Ümumiyyətlə, qəzetdə dərc edilmiş məqalələrdə Neolit və Eneolit dövründə Naxçıvanın qədim sakinlərinin Göyçə hövzəsinə və Zəngəzura nəzarət etdiyi aydın şəkildə göstərilmişdir ki, bu da həmin torpaqların xalqımızın qədim məskənləri olduğunu təsdiq edir. Araşdırmalar göstərir ki, Cənubi Qafqazda Eneolit dövrünün erkən mərhələsi hələlik Naxçıvan abidələri ilə təmsil olunmuşdur.
Naxçıvanda yerləşən Naxçıvantəpə, Uçan ağıl, Uzunoba, Bülövqayası, Ovçular təpəsi, Sədərək, Xələc, Ərəbyengicə, Zirincli, Qələməbulaq və digər abidələrin öyrənilməsi Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini izləməyə və bu mədəniyyətlərin Azərbaycan üçün xarakterik olduğunu müəyyən etməyə imkan vermişdir. Tədqiqatçılar tərəfindən aşkar edilən elmi yeniliklər hər zaman “Şərq qapısı” qəzetinin gündəmində olmuşdur. Bu baxımdan Azərbaycanın, o cümlədən Naxçıvanın Son Eneolit mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyəti olan, 2006-2013-cü illərdə tədqiq edilən Ovçular təpəsi abidəsi mühüm rola malikdir. “Şərq qapısı” qəzetinin 13 noyabr 2008-ci il tarixli nömrəsində dərc olunan “Ovçular təpəsi” adlı məqalədə bu yaşayış yerində aparılan tədqiqatlar nəticəsində Eneolit dövrünün müxtəlif mərhələlərinin aşkar olunması, Son Eneolitdən Kür-Araz mədəniyyətinə keçidin əlamətlərini əks etdirən arxeoloji tapıntılardan bəhs edilmişdir. Araşdırmalar Eneolit mədəniyyətinin Urmiya hövzəsi və Şimali Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişafını təsdiq edir. Tədqiqatlar göstərir ki, Mesopotamiyanın Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan ərazisinə yayılmışdır. Şübhəsiz ki, bu miqrasiyalar Naxçıvanı da əhatə etmişdir. Məlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilmişdir. Şumer dilinin türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar edilmişdir. Son illərin araşdırmaları zamanı Ovçular təpəsindən aşkar olunan heyvan qalıqlarının tədqiqi bu heyvanların, təqribən, eramızdan əvvəl VIII-VII minilliklərdə qədim əkinçilik mədəniyyətlərinin ardınca Naxçıvana gəldiyini təsdiq edir. Lakin heyvanlar müəyyən dəyişikliyə uğrayaraq yerli şəraitə uyğunlaşmış və İkiçayarasında yaşayan əcdadlarından bir qədər fərqlənmişlər. Ümumiyyətlə, son illər artan faktlar İkiçayarasının qədim əkinçilik mədəniyyətlərinin Cənubi Qafqaz, o cümlədən Naxçıvan ərazisində formalaşan mədəniyyətlərə müəyyən təsirini təsdiq edir. Bu təsir müəyyən istehsal sahələrinin inkişafını stimullaşdırmışdır. Belə nəticəyə gəlmək olar ki, Naxçıvan abidələrində yayılan boyalı keramikanın bir qismi, o cümlədən Xələc boyalı keramikası Cənub mədəniyyətlərinin təsiri ilə ortaya çıxmışdır. Araşdırmalar göstərir ki, İkiçayarası tayfalarının Naxçıvanla iqtisadi-mədəni əlaqələrini gücləndirən əsas faktorlardan biri bu ərazinin təbii sərvətləri, xüsusilə mis yataqları olmuşdur. Sirab ətrafında qeydə alınan Zirincli, Uçan ağıl və digər yaşayış yerlərində mis filizinin minerallarına rastlanması, Zirincli yaşayış yerində isə mis baltalar tökmək üçün qəlibin aşkar olunması bunu bir daha təsdiq edir. Demək olar ki, Eneolit mədəniyyətinin Naxçıvanda yayılmasında və İkiçayarası ilə iqtisadi-mədəni əlaqələrin güclənməsində xammal ehtiyatlarına tələbatın artması da müəyyən rol oynamışdır. Bununla belə, Naxçıvanın qədim əkinçilik mədəniyyətlərinin cənubdan gətirildiyi nəticəsinə gəlmək olmaz. Şübhəsiz ki, bəzi xarici amillər yerli mədəniyyətə təsir göstərsələr də, onlarla qaynayıb qarışmış, vahid etnos halında formalaşmışdır. Eneolit dövründə iqtisadiyyatın aparıcı sahələri əkinçilik, maldarlıq, dulusçuluq və metalişləmə olmuşdur. Tariximizin müxtəlif mərhələlərini əks etdirən bu abidələr haqqında məlumatlar “Şərq qapısı” qəzetinin səhifələrində ardıcıl şəkildə işıqlandırılmışdır.
Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinin öyrənilməsində mühüm əhəmiyyəti olan abidə komplekslərindən biri də Gəmiqaya təsvirləridir. Bu abidələr kompleksinin öyrənilməsində “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 26 aprel tarixli Sərəncamının böyük əhəmiyyəti olmuşdur. Eneolit və Tunc dövrlərinin əvəzedilməz sənət əsərləri sayılan Gəmiqaya təsvirləri Nuh Peyğəmbərin adı ilə bağlı olduğundan Sovet dövründə onların araşdırılmasına diqqət verilməmiş və unudulmuşdu. Sənət nümunələrinin tədqiqi Naxçıvanın qədim tayfalarının həyat tərzini və ideoloji görüşlərini öyrənməyə imkan vermişdir. “Şərq qapısı” qəzetinin 20 sentyabr 2001-ci il tarixli nömrəsində dərc edilən “Gəmiqayanın qayaüstü təsvirləri”, 14 avqust 2001-ci il tarixli nömrəsində işıq üzü görən “Dünyanı su basması haqqında əfsanə”, 8 noyabr 2001-ci il tarixli nömrəsində dərc olunmuş “Gəmiqayanın rəsmləri mifoloji düşüncə tərzidir”, 31 avqust 2005-ci il tarixli nömrəsində dərc olunmuş “Gəmiqaya təsvirlərinin nağıl dünyası” və digər məqalələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına uyğun olaraq Gəmiqaya abidəsinə təşkil edilən beynəlxalq və yerli ekspedisiyalardan, qayaüstü təsvirlərin tariximizin öyrənilməsi üçün əhəmiyyətindən bəhs edilmişdir.
Əlverişli coğrafi mövqeyi, onun Yaxın Şərq ölkələri ilə bilavasitə qonşuluqda yerləşməsi baxımından Naxçıvan ərazisi Yaxın Şərqlə Cənubi Qafqaz arasında iqtisadi-mədəni əlaqələrin inkişafında mühüm rol oynamışdır. Naxçıvanın daşduz və mineral xammal mənbələri ilə zəngin olması, habelə bu ərazinin Cənubi Qafqazı Yaxın Şərqlə birləşdirən ticarət yolunun qovşağında yerləşməsi ticarətin və sənətkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Son illərin tədqiqatları eramızdan əvvəl V-IV minilliklərdə Cənubi Qafqazı Yaxın Şərqlə birləşdirən obsidian ticarətində Naxçıvanın mühüm yer tutduğunu göstərir. Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının Duzdağda apardığı araşdırmalar eramızdan əvvəl V minillikdə mədənçiliyin Naxçıvan sakinlərinin həyatında mühüm yer tutduğunu, duzun yalnız şəxsi istehlak üçün deyil, həm də ticarət məqsədilə istehsal edildiyini göstərir. Araşdırmalar Naxçıvanın, həmçinin erkən metallurgiya mərkəzlərindən biri olduğunu da göstərir. İqtisadi-mədəni əlaqələrin, ticarətin və sənətkarlığın inkişafı şəhərtipli yaşayış yerlərinin formalaşmasına səbəb olmuşdur. Duzdağda aparılan araşdırmaların tariximiz üçün əhəmiyyəti dəyərləndirilərək 20 aprel 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında, 12 sentyabr 2017-ci ildə isə Naxçıvan Duz Muzeyinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən sərəncamlar imzalanmışdır. Bu sərəncamlar və onların yerinə yetirilməsindən irəli gələn məsələlərin “Şərq qapısı” qəzetinin səhifələrində müntəzəm əks olunması qədim tariximizin təbliğində mühüm rol oynamışdır.
Azərbaycan tarixinin, o cümlədən Naxçıvan tarixinin öyrənilməsi üçün əhəmiyyəti olan qədim mədəniyyətlərdən biri də eramızdan əvvəl V-III minilliklərdə burada formalaşan Kür-Araz mədəniyyətidir. Bu dövrə aid I Kültəpə, II Kültəpə, Aşağı Daşarx, Ovçular təpəsi, I Maxta Kültəpəsi, II Maxta Kültəpəsi, Xələc, Ərəbyengicə, Hovuzlu yaşayış yerləri, Dizə, Qarabulaq, Plovdağ, Xornu nekropollarının tədqiqi Naxçıvanın Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu deməyə imkan vermişdir. Bu baxımdan Şərur rayonunda yerləşən Ərəbyengicə abidəsinin tədqiqi nəticəsində də mühüm tapıntılar əldə edilmişdir. “Şərq qapısı” qəzetinin 21 oktyabr 2008-ci il tarixli nömrəsində dərc edilən “Ərəbyengicədə qədim mədəniyyət izləri” adlı məqalədə yaşayış yerinin alt qatlarından aşkar olunan Son Eneolitdən Kür-Araz mədəniyyətinə keçidi əks etdirən arxeoloji materialların tariximiz üçün əhəmiyyəti qeyd olunmuşdur. Arxeoloji araşdırmalar Naxçıvan abidələrinin Urmiya rayonunun abidələri ilə vahid iqtisadi-mədəni rayona daxil olduğunu göstərmişdir.
Eramızdan əvvəl III minilliyin sonunda Erkən Tunc dövrü Orta Tunc dövrü ilə əvəz olunmuşdur. Eramızdan əvvəl III minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır. Orta Tunc dövrü adlandırılan bu dövr I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızqala, Qızılburun, Nəhəcir, Şortəpə və digər abidələrdə aparılan araşdırmalarla öyrənilmişdir. II Kültəpə yaşayış yerində aparılan araşdırmalar zamanı qədim şəhər-dövlətlər üçün xarakterik olan xüsusiyyətlər aşkar edilmişdir. “Şərq qapısı” qəzetinin 11 fevral 2005-ci il tarixli nömrəsində dərc edilən “Yurdumuzun qədim şəhərləri”, 10 dekabr 2015-ci ildə dərc olunan “Qazançı qalası” adlı məqalələrdə və digər yazılarda Orta Tunc dövrünün qala şəhərləri haqqında məlumat verilmiş, bu dövrdə Naxçıvanda güclü tayfa ittifaqlarının və şəhər dövlətlərinin formalaşdığı qeyd edilmişdir. Naxçıvan, II Kültəpə, Şahtaxtı, Qızılburun kimi yaşayış yerləri həm mədəni, həm də mühüm inzibati-siyasi mərkəzlər rolunu oynamışdır. Məqalələrdə qeyd edilmişdir ki, eramızdan əvvəl III minilliyə aid qala şəhərlər Yaxın Şərqdə hələlik yalnız Naxçıvan ərazisində məlumdur. Bu dövrdə əhali başlıca olaraq oturaq həyat tərzi keçirmiş, əkinçilik, yaylaq maldarlığı, sənətkarlıq və ticarətlə məşğul olmuşdur.
Eramızdan əvvəl II minilliyin sonu və I minilliyin əvvəlində bu regionun tarixi mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olmuşdur. Bu dövrdə Naxçıvanda Xocalı-Gədəbəy mədəniyyəti yayılmışdır. “Şərq qapısı” qəzetinin 16 fevral 2005-ci il tarixli nömrəsində dərc olunan “Naxçıvan: Etnik-mədəni mərkəz” adlı məqalə məhz bu məsələyə həsr edilmişdir. Məqalədə qeyd olunur ki, Azərbaycanın şimalında təşəkkül tapan bu mədəniyyət oradan Azərbaycanın cənub rayonlarına, o cümlədən Naxçıvana yayılmışdır. Naxçıvan ərazisində bu mədəniyyətin təsiri I Kültəpə, II Kültəpə, Şahtaxtı, Kolanı, Sarıdərə, Boyəhməd, Hakkıxlıq və digər abidələrdə izlənilmişdir. Naxçıvanın dağlıq və dağətəyi zonasında Xocalı-Gədəbəy mədəniyyətinin təsirini əks etdirən yaşayış yerlərində həyat mövsümi xarakterdə olduğu üçün mədəni təbəqə az yığılmışdır. Bu da həmin tayfaların köçəri həyat sürdüyünü və təsərrüfatda maldarlığın əsas yer tutduğunu təsdiq edir. Bu qrupa məxsus abidələrdən xeyli miqdarda silah tapılması, tayfa başçısına aid qəbrin aşkar olunması müəyyən hərbi qüvvəyə malik iri tayfa birliklərinin formalaşdığını göstərir. Məqalədə, həmçinin Xocalı-Gədəbəy mədəniyyətini yaradan tayfaların Kür-Araz mədəniyyəti tayfalarının varisləri olduğu vurğulanmışdır.
“Şərq qapısı” qəzetinin 5 sentyabr 2008-ci il tarixli nömrəsində dərc edilən məqalədə Dəmir dövründə Naxçıvanın güclü müdafiə sisteminə malik olduğu göstərilir. Məqalədə qeyd edilir ki, müdafiə tikintiləri başlıca olaraq Naxçıvan ərazisinə qərbdən və şimaldan daxil olan yollar üzərində qurulmuşdur. Qalaların tikilmə istiqaməti, eyni zamanda yadelli basqınlarının istiqamətlərini də göstərir. Naxçıvanın cənub sərhədləri gursulu Araz çayı ilə qorunduğundan ehtimal ki, bu istiqamətdə hücumlar az olmuşdur. Şərur rayonunda Fərhad arxı boyunca salınan qala tipli yaşayış yerləri onlardan müdafiə sistemlərinin və su mənbələrinin qorunması üçün istifadə olunduğunu göstərir. Fərhad arxı ətrafında aparılan araşdırmalar zamanı onun yaxınlığından keçən qədim yolun qalıqları da aşkar olunmuşdur. Yol qalıqlarına, həmçinin Oğlanqalanın şimal yamacında rastlanmışdır. Aşkar olunan faktlar Dəmir dövründə Naxçıvanda məskunlaşan tayfalarda inkişaf etmiş əlaqələndirmə sisteminin olduğunun göstəricisidir. Dəmir dövrü yaşayış yerlərinin möhtəşəm müdafiə sistemi bu ərazidə məskunlaşan tayfaların böyük iqtisadi qüdrətə sahib olduğunu təsdiq edir. Bu dövrdə strateji cəhətdən əlverişli mövqelərdə salınan qalalar hərbi-inzibati və siyasi mərkəz rolunu oynamışdır. Məqalədə qeyd olunur ki, Oğlanqala Arpaçayın Şərur düzünə açıldığı strateji bir mövqedə yaranan kiçik dövlətin mərkəzi olmuşdur. Bu dövlət ulu əcdadlarımızın urartulara qarşı mübarizəsində mühüm rol oynamışdır.
Arxeoloji araşdırmalar göstərir ki, qədim dövrdən Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda formalaşan qədim mədəniyyətlər xalqımızın ulu əcdadlarına məxsus olmuşdur. “Şərq qapısı” qəzetinin 11 iyul 2001-ci il tarixli nömrəsində dərc olunan “Arxeoloji abidələrin tədqiqinin nəticələri” adlı məqalədə və digərlərində bu məsələdən geniş bəhs edilmiş, Naxçıvanda yaranan qədim mədəniyyətlərin türk mənşəli Azərbaycan xalqına məxsus olduğu vurğulanmışdır.
“Şərq qapısı” qəzetinin səhifələrində, həmçinin tarix və mədəniyyət abidələrimizin bərpa olunması və qorunmasına həsr edilən məqalələrdə, eləcə də jurnalistlərimizin çoxsaylı müsahibələrində qədim tariximizin müxtəlif səhifələri öz əksini tapmışdır.
İnanırıq ki, qədim tariximizin tərcümanına çevrilən “Şərq qapısı” qəzeti gələcəkdə də tariximizin müxtəlif problemləri ilə bağlı məsələləri işıqlandırmaqda davam edəcək, gələcəyimizə işıq tutacaqdır.
Vəli BAXŞƏLİYEV AMEA-nın müxbir üzvü