Vətən üçün, millət üçün, bayraq üçün candan keçənlərin yazdığı qəhrəmanlıq dastanıdır Şəhidlik. O, elə bir zirvədir ki, qəlbi vətənpərvərlik hissi ilə döyünməyənlər fəth edə bilməzlər o zirvəni. Bu qəhrəmanlıq dastanını ifadə etməkdə sözlər aciz qalır. Vətən uğrunda, azadlıq uğrunda canından keçənlərin qanıyla yazılmış bir dastandır bu – əsrlər keçməsinə baxmayaraq, unudulmayan, xatırlandıqca xatırlanacaq olan bir dastan. 1990-cı ilin yanvar ayında Azərbaycanda baş verən hadisələr xalqın yaddaşında silinməz izlər qoydu. Vətən övladları Vətəni qorumaq üçün öz canlarından keçdilər. Məhərrəm Seyidov da belə oğullardandır…
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu erməni quldurları tərəfindən atəşə tutulurdu. 1990-cı ilin yanvar ayında erməni quldurları Kərkiyə hücum edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Onlar daha da azğınlaşaraq Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Ermənilərin törətdiyi fəlakətlərin həddi-hesabı yox idi. Vətən narahat idi. Vətənin sərhədlərini qorumaq üçün xalqın igid oğul və qızları könüllü olaraq ordu sıralarına qoşulurdular.
– Ana, mən də gedirəm, Vətənin bu çətin günündə evdə oturmaq bizə yaraşmaz, bütün dostlarım ordu sıralarındadır, mən də onlara qoşulacağam.
– Ürəyimdən “getmə, oğul” demək keçdisə də, deyə bilmədim. Elə bil ürəyimə dammışdı. Hiss edirdim ki, onu bir də görməyəcəyəm. Arxasınca baxa-baxa qaldım.
Məhərrəm Seyidovun 80 yaşlı anası Zeynəbin gözləri hələ də yol çəkir. “Məhərrəm şən uşaq idi, bir o qədər də təmkinli idi”, – deyərək ağbirçək ana övladının rəsmini əlinə aldı.
Məhərrəm Seyidov 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində doğulmuşdu. 1969-cu ildə buradakı Nəriman Nərimanov adına orta məktəbi bitirmişdi. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə daxili işlər orqanlarında başlamışdı. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdi. Şərur Rayon Daxili İşlər Şöbəsi yanında Mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Polis kapitanı idi.
Zeynəb ana oğlunun rəsminə baxa-baxa söylədi: “Evdə oturmuşduq, çöldən səs gəldi, bir neçə adam çiyinlərində cənazə ilə içəri girdi. Cənazəni önümdə yerə qoydular, mən danışa bilmədim…”
80 yaşlı ana indi də danışa bilmədi, onun əvəzinə bütün sözləri üzünün qırışları ilə aşağı süzülən göz yaşları deyirdi. Ananın gözlərində məğrurluq var idi.
O dedi: “Onlar Vətən uğrunda şəhid oldular, Vətənin çətin günləri idi, oğlum da Vətənin azadlığı üçün vuruşan, şəhid olan bütün qəhrəmanlar kimi Vətən qarşısında öz borcunu yerinə yetirdi”.
Bəli, yanvarın 18-i Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki vermişdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, xeyli ölən və yaralananlar var idi. Güllə səslərindən qulaq tutulurdu. Düşmən haqqı olmayanı almaq üçün xüdbincəsinə çalışırdı. Vətənin igid, qəhrəman övladları döyüş meydanlarında idilər. Xalq ayağa qalxmışdı…
Mühasirəyə düşmüş kapitan Azər Seyidovu xilas etmək üçün yenidən döyüş meydanına atılan Məhərrəm Seyidov güllə yağışı altında yoldaşını mühasirədən çıxarsa da, özü mühasirədən çıxa bilmədi və qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şərur rayonundakı Şəhidlər Xiyabanında uyuyur.
Biz oradan ayrılanda Məhərrəm Seyidovun yaşlı anası zorla ayaq üstündə dururdu. Bu ananın gözlərindəki məğrurluq, qürur bizə xalqın kəşməkəşli və şanlı qəhrəmanlıq dastanını danışırdı…
Nərgiz İSMAYILOVA