Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Kəngərli rayonunun Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “Biz sizdən öyrəndik qəhrəmanlığı” devizi altında tədbir keçirmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov çıxış edərək bildirmişdir ki, xalqımız 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq tarixi kimi daim xatırlayacaqdır. Həmin gün çətin sınağa çəkilən Azərbaycan xalqı bu sınaqdan üzüağ, mətin bir döyüşçü kimi çıxdı. Azərbaycan xalqının milli-azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyan bu təcavüzkarlıq aksiyası totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu gün müstəqil və dinamik inkişafda olan, dünya dövlətləri arasında sayılıb-seçilən Azərbaycan 20 Yanvar gecəsi şəhid olan soydaşlarımızın öz canlarını əbəs yerə qurban vermədiklərinə ən parlaq sübutdur.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının Kəngərli Rayon Şöbəsinin sədri Xanlar Əhmədov, rayon Təhsil Şöbəsinin əməkdaşı Yusif İmanov və digər çıxış edənlər 20 Yanvarın haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi olduğunu vurğulamışlar.
Sonda şagirdlər 20 Yanvar faciəsinə aid şeirlər söyləmişlər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti