22 Dekabr 2024, Bazar

Yanvarın 16-da Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə bu mövzuda  tədbir keçirilmişdir. Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirak etdiyi tədbiri mərkəzin şöbə müdiri Fərzəli Səfərov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 24 il bundan əvvəl, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar günü” kimi yazılmışdır. Həmin gün Azərbaycanda suveren, demokratik dövlət yaratmaq arzusu ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün sovet ordusunun hərbi hissələri dinc əhalini qətlə yetirmişdir.

“20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş qanlı cinayətdir”,  – deyən Fərzəli Səfərov vurğulamışdır ki, bu faciə eyni zamanda tariximizin qəhrəmanlıq və qürur səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakıda törətdiyi cinayət əməli xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə ucalaraq xalqımızın yenilməzliyini, qəhrəmanlığını dünyaya nümayiş etdirmişlər.
Sonda 20 Yanvar faciəsindən bəhs edən “Qanlı Yanvar” adlı sənədli film nümayiş olunmuşdur.

*   *   *

Naxçıvan şəhərindəki M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə də “20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Camal Axundov çıxış edərək 20 Yanvar hadisəsinin səbəbləri, həmin dövrdə sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycana qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə danışmışdır. Bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulayan məktəbin direktoru bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə mübarizlik, dönməzlik, qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Həmin gün xalqımız hərbi, siyasi təcavüzə məruz qalsa da, özünün Vətənə sədaqətini, şücaətini, azadlıq, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir.
Sonra məktəbin müəllimlərindən Sitarə Qənbərova, Asəf Orucov, İlahə Süleymanova və başqaları çıxış edərək bildirmişlər ki, 20 Yanvar faciəsində xalqımız Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
Tədbirin sonunda məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR