Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmışdır. Xalq Ədliyyə Komissarlığı adlanan bu qurum 30 mart 1946-cı ildən Ədliyyə Nazirliyinə çevrilmişdir. Lakin qısa müddətdə nazirliyin səlahiyyətləri məhdudlaşdırılaraq başqa orqanlara verilmiş, qurumun sabit fəaliyyət istiqaməti olmamışdır.
1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlişindən sonra digər sahələrdə olduğu kimi, ədliyyə sisteminin inkişafına da xüsusi diqqət göstərilmiş, nazirlik yenidən təsis edilərək onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. Bu dövrdən etibarən muxtar respublikada da nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımın göstərilməsini və notariat fəaliyyətinin aparılmasını təmin etmişdir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra milli dövlətçiliyimizin hüquqi əsaslarının yaradılmasına ulu öndərin rəhbərliyi ilə ötən əsrin 90-cı illərində Naxçıvandan başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin də yenidən təsis edilməsi ilə muxtar respublikada hüquq sisteminin yenidən təşkilinə və əhəmiyyətli qərarların qəbul edilməsinə stimul verilmiş, ədliyyə orqanları üçün hüquqşünas kadrların hazırlanmasına şərait yaradılmışdır.
Ümummilli liderimiz ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə digər sahələrlə yanaşı, ədliyyə və məhkəmə sisteminin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Məhz ulu öndərin bilavasitə sədrliyi ilə yaradılan Hüquqi İslahat Komissiyası tərəfindən bu sistemin yenidən qurulmasına başlanmış, beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni qanunvericilik sistemi formalaşdırılmışdır. Ulu öndərin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə qərarlarının və cəzaların icrası, normativ aktların qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, digər maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verilmişdir. Əlavə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fəaliyyət göstərirdisə, həmin fərmanın qəbulundan sonra nazirliyin mərkəzi aparatının yeni strukturu təsdiq edilmiş, yeni şöbə və bölmələr yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində də ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ-hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, bu sistemin gələcək inkişafına dair dövlət proqramları qəbul edilmişdir. Ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” fərman və sərəncamların imzalanması, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun qəbul olunması bu sahənin inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur.
Bu gün muxtar respublikada ədliyyə sahəsində sistemli və ardıcıl şəkildə həyata keçirilən islahatlar əhalinin yüksək hüquqi təminatına xidmət etməklə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində qurulmasını da şərtləndirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 25 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnaməyə əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və notariat orqanlarının fəaliyyətini təşkil edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin reyestrini aparır. Müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatının həyata keçirilməsi, məhkəmə qərarlarının icrası, penitensiar müəssisələrin fəaliyyətinin təşkili, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqların aparılması və digər məsələlər də Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinə aiddir.
Muxtar respublikanın ədliyyə sistemində həyata keçirilən islahatlar əhalinin yüksək hüquqi təminatına və ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində qurulmasına hesablanmışdır. 2007-ci ildə nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmət yaradılmışdır. Penitensiar Xidmətin yaradılması muxtar respublikamızda cəza-icra siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərmişdir. İnsan haqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrdən biri olan Penitensiar Xidmətin müasir infrastrukturunun yaradılması üzrə ardıcıl tədbirlər görülmüş, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsini təmin etmək məqsədilə penitensiar müəssisələr tikilib istifadəyə verilmişdir. Artıq bütün hüquqi tələblərə cavab verən cəzaçəkmə müəssisələrində məhkumların təminatı, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtının təşkili, onlara tibbi yardımın göstərilməsi diqqət mərkəzində saxlanılır.
2011-ci il aprel ayının 18-də Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin yeni inzibati binaları istifadəyə verilmişdir. Hər iki binada müasir iş şəraiti yaradılmışdır. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yaradılan bu şəraitdən səmərəli istifadə olunması üçün nazirliyin kollektivi öz işini əsas fəaliyyət istiqamətlərinə uyğun qurmalıdır”. Bu fikirləri əsas götürərək nazirlik öz vəzifələrinin icrasını qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir.
Ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri də ekspertiza işinin təşkil edilməsidir. Muxtar respublikanın hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertizaların aparılmasını operativ və qanunamüvafiq qaydada təmin etmək məqsədilə 2005-ci ildə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı yaradılmışdır. Hazırda filialda məhkəmə ballistika, məhkəmə trasologiya, daktiloskopiya, sintetik təbiətli və bitki mənşəli narkotik vasitələrin ekspertizası, məhkəmə əmtəəşünaslıq, məhkəmə yol-nəqliyyat, məhkəmə xətşünaslıq və sənədlərin kriminalistik texniki ekspertizası, məhkəmə iqtisad, məhkəmə psixoloji ekspertizası, məhkəmə yanğın-texniki ekspertizası, məhkəmə tikinti-texniki ekspertizası, nəqliyyat vasitələrinin detallarının ekspertizası, pul nişanlarının məhkəmə ekspertizası üzrə işlər aparmaq mümkündür.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi əhalinin hüquqi maarifləndirilməsi işini də daim diqqət mərkəzində saxlayır. Əməkdaşlar ədliyyə sistemində həyata keçirilən islahatlar, görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır, normativ- hüquqi aktların izahı istiqamətində ardıcıl işlər görürlər. Eyni zamanda nazirliyin internet səhifəsinin yaradılması və elektron xidmət sisteminin işə salınması vətəndaşların heç bir maneə olmadan istənilən mövzu ilə bağlı müraciət etmələrinə imkan yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Məhkəmə və ədliyyə orqanları qarşısında qanunçuluğun təmin edilməsi və ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması, qanun yaradıcılığı və hüquqi maarifləndirmə, insan haqlarının müdafiəsi, cəza-icra siyasətinin humanistləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi, yüksək hazırlıqlı hüquqşünaslardan ibarət kadr potensialının formalaşdırılması kimi vəzifələr durur”. 90 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi bundan sonrakı fəaliyyətində öz işini dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində quracaqdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidməti