1924-cü il yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmış və bununla da, muxtar respublikada polis orqanlarının formalaşmasının əsası qoyulmuşdur.
Naxçıvanın polis əməkdaşları 1920-1940-cı illərdə də sabitliyin və asayişin qorunmasında mətinlik göstərmiş, 1941-1945-ci illər müharibəsi dövründə ön cəbhələrdə faşistlərə qarşı mərdliklə vuruşmuşlar. 1988-1993-cü illərdə erməni silahlı birləşmələrinin torpaqlarımıza hücumu zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Naxçıvan polisi rəşadətlə mübarizə aparmışdır.
Muxtar respublikanın daxili işlər orqanları fəaliyyəti dövründə böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. Naxçıvan daxili işlər orqanlarının əsl inkişafı və təkmilləşməsi, milliləşməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ulu öndərin rəhbərliyi ilə daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, kadr sisteminin yenilənməsi, fəaliyyətin əsas istiqamətlərini təşkil edən zəngin qanunvericilik bazasının yaradılması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığın qarşısının alınması sahəsində görülən işlər daha geniş vüsət almışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi insan hüquq və azadlıqlarının etibarlı təminatı və polisin fəaliyyətini tənzimləmək baxımından son dərəcə böyük əhəmiyyətə malik olmuşdur. Həmin qanunla polisin fəaliyyətini tam tənzimləyən hüquqi əsaslar yaradılmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu öndərin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
Ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə hüquq-mühafizə orqanlarının inkişafı sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarını da geniş əhatə etmişdir. Bu gün muxtar respublikanın daxili işlər orqanlarında qarşıya qoyulan məqsədlərə nail olmaq, vətəndaşlarımızın etimadını qazanmaq üçün yeni iş metodları tətbiq edilir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələr möhkəmləndirilir. Şəxsi heyətin peşə hazırlığı, milli dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və tərəqqi, aparılan çoxşaxəli quruculuq işləri digər sahələrlə yanaşı, polis orqanlarını da əhatə etmişdir. Son 18 ildə Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası da daxil olmaqla bütün ərazi, xətt polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobillər ən müasir avtomobillərlə əvəzlənmişdir.
Əməkdaşların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, Daxili Qoşunların Naxçıvandakı Alayında xidmət edən zabit və gizir ailələrinin mənzil-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində dövlət proqramı çərçivəsində 5 mərtəbədən, 60 mənzildən ibarət, zəruri avadanlıqlarla tam təchiz olunmuş yeni yaşayış binası tikilib istifadəyə verilmişdir. Bundan əlavə, 5 mərtəbə, 45 mənzildən ibarət yeni yaşayış binasının tikilməsi başa çatdırılmış, 2 mərtəbə, 8 mənzildən ibarət yaşayış binasında isə təmir işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır”. Muxtar respublikanın daxili işlər orqanlarının hər bir əməkdaşının qarşısında da dövlətə və dövlətçiliyə sədaqət, xalqa və Vətənə xidmət kimi ali amallar durur. Belə ki, ictimai asayişin və təhlükəsizliyin qorunması ilə yanaşı, polis əməkdaşları həm də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərmişdir.
Muxtar respublikada cinayətkarlığa qarşı mübarizə sahəsində insan amilinə üstünlük verilməsi, profilaktik tədbirlərin daha effektli və əsaslı şəkildə həyata keçirilməsi müsbət nəticələrin qazanılmasına imkan vermişdir. Naxçıvan şəhərinin müxtəlif yerlərində quraşdırılmış təhlükəsizlik kameraları cinayətkarlığa qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir. Bu kameraların həm profilaktik nöqteyi-nəzərdən, həm də cinayətlərin aşkara çıxarılması, qeydiyyatı və açılması baxımından mühüm əhəmiyyəti vardır. Görülən tədbirlərin nəticəsidir ki, muxtar respublikada cinayətlərin açılma faizi 100 faizdən aşağı enmir. Artıq muxtar respublikada cinayətlərin sayı 18 il bundan əvvəllə müqayisədə 40 dəfə azalmışdır.
Naxçıvan polisi 90 illik yubileyini böyük nailiyyətlər və uğurlarla qarşılayır. Muxtar respublikada sabitliyin əldə edilib möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, kriminogen durumun nəzarətə götürülməsində müstəsna xidmətlər göstərmiş daxili işlər orqanları bundan sonra da öz işini Vətənə və xalqa xidmət prinsipləri üzərində quracaqdır.
Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin mətbuat xidməti