Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2 sentyabr 2013-cü il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 15 yanvardan etibarən start verilib. Yanvarın 18-dək davam edəcək müsahibə mərhələsində 17 dövlət orqanı üzrə 69 namizəd iştirak edəcək. Müsahibələrin obyektiv şəkildə keçirilməsini təmin etmək üçün sözügedən komissiya tərəfindən müsahibə qrupları təşkil olunub, bu qrupların tərkibinə dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər daxil ediliblər. Hər bir namizəd 15-20 dəqiqə ərzində əvvəlcədən ona verilmiş müsahibə proqramları üzrə müsahibə qrupu üzvlərinin suallarını cavablandırır.
Məlumat üçün bildirək ki, müsabiqənin test mərhələsi 6-13 dekabr 2013-cü il tarixlərində keçirilib. Növbəti müsahibə mərhələsindən keçmək üçün isə hər bir namizəd minimum 16, maksimum 20 bal toplamalıdır. Bu mərhələnin şərtlərinə görə, müsahibə mərhələsində namizədlərə qanunvericilik, vəzifə təlimatı və ixtisas bilikləri, ümumi dünyagörüşü ilə bağlı suallar verilir. Sualların bir qismi isə namizədlərdə şəxsi keyfiyyətlərin üzə çıxarılması ilə bağlıdır. Müsahibə mərhələsindən ən yüksək göstəricilərlə ayrılan namizədlər müvafiq dövlət orqanlarına təqdim ediləcəklər. Digər namizədlər isə komissiyanın ehtiyat kadr bazasında qeydiyyata alınacaq və dövlət orqanlarında vakant vəzifələr yarandığı zaman o vəzifələrə təqdim olunacaqlar.
Xəbərlər şöbəsi