22 Dekabr 2024, Bazar

Naxçıvan Özəl Universitetində 20 Yanvar hadisələrinin 24-cü ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq azadlığımız və müstəqilliyimiz yolunda canlarını qurban vermiş Vətən oğullarının şücaətindən, mərdliklərindən danışmış, ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə bu faciəyə hüquqi-siyasi qiymət verildiyini xatırlatmışdır.
Sonra universitetin Humanitar elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, həmin kafedranın baş laborantı Cəbi Quliyev, Azəbaycan dili və ədəbiyyat ixtisasının III kurs tələbələri Aytən Əhmədli və Rəfiqə Cavadova çıxış etmişlər.

Çıxışlarda vurğulanmışdır ki, həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusunun dəstələri Azərbaycanın paytaxtı Bakı şəhərinə daxil olmuş, xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətmişlər. Faciədən dərhal sonra – yanvarın 21-də xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı Daimi Nüma­yəndəliyinə gələrək faciəni pisləmiş, onu törədənləri dünya ictimaiyyəti qarşısında ittiham etmiş, bu təcavüzün Azərbaycan xalqına qarşı ən böyük cinayət olduğunu vurğulamışdır. Qanlı hadisələri törədənləri bu gün tarix də, xalqımız da nifrətlə xatırlayır. Çünki həmin hadisələr təkcə Azərbaycana qarşı yox, bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş qanlı faciədir. Sözsüz ki, sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qırmaq, onun müstəqillik arzusunu içində boğmaq idi. Amma imperiya bu qanlı aksiyanı törətməklə öz çirkin məqsədinə  çata bilmədi. Xalqımız daha da mübariz oldu, heç kimdən qorxmadı və öz istəyinə nail olaraq müstəqilliyini qazandı. Qeyd olunmuşdur ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olmuşdur.
Sonda 20 Yanvar hadisələrindən bəhs edən slayd nümayiş olunmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında da 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Çünki həmin gün xalqımız bütün dünyaya öz yenilməzliyini, qəhrəmanlığını, mərdliyini nümayiş etdirdi. Vətənin qəhrəman övladları sübut etdi ki, müqəddəs amal uğrunda şəhid olmağı bacarır və belə xalq yaşamağa qadir xalqdır. Azərbaycan belə bir faciə yaşasa da, sonda bütün ağır sınaqlardan çıxa bildi. Ölkəmiz dövlət müstəqilliyini əldə edib dövlətçilik ənənələrini formalaşdırdı. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz daha böyük nailiyyətlər qazanır, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə durmadan artır.
Həmkarlar İttifaqları Şurasının əməkdaşlarından Qərənfil Cəmiyeva, Nəzakət Nəbiyeva, Anar Qəhrəmanov və Roman Zeynalov çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi xalqımızın iradəsini, mətinliyini qıra bilmədi. Bu yara, bu zərbə nə qədər ağır olsa da, Azərbaycan xalqının qəddi əyilmədi, xalqımız başını daha qürurla tutaraq öz müstəqilliyini əldə edib onu daha da möhkəmləndirdi.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR