22 Dekabr 2024, Bazar

Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Milli qürur günü” mövzusunda  konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açaraq bildirmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. O müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur. Yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızımız təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etmişdir. Həmin gün sovet rejiminin hərbi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir.

Bu qanlı hadisəyə ilk olaraq ulu öndər Heydər Əliyevin kəskin münasibət  bildirdiyini  diqqətə çatdıran kollecin direktoru vurğulamışdır ki, ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bəyanat vermiş, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini ifşa etmiş, heç kimdən çəkinmədən faciəni törədənləri cinayətkar adlandırmışdır. Ulu öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya, humanizmə və SSRİ-də elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini diqqətə çatdırmışdır. 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndəri­mizin rəhbərliyi ilə Naxçıvanda verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında ümummilli liderin təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
Lakin təəssüflər olsun ki, 1991-1993-cü illər ərzində hadisəyə ölkə səviyyəsində siyasi-hüquqi qiymət ve­rilməmiş, qanlı terror aktını törədənlərin istintaqı aparılaraq adlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülməmişdir.
Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəbləri araşdırılmış, cinayətkarların adları açıqlanmışdır.
Bildirilmişdir ki, Prezident İlham Əliyev də Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli istiqamətində böyük işlər həyata keçirilir, onların sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlar ölkə rəhbərinin 20 Yanvar şəhidlərinə, bütövlükdə, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canından keçmiş şəhidlərimizə, onların ailələrinə göstərilən qayğı və diqqətin təzahürüdür. Bizim də üzərimizə düşən vəzifə hər zaman onları xatırlamaq və qəlbimizdə yaşatmaqdır.
Tədbirdə kollecin müəllimlərindən Rəna Vəliyeva, Arzu Kərimli və başqaları çıxış edərək bildirmişlər ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi: “Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.
Sonda  20 Yanvar faciəsinə həsr olunmuş sərgi və sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR