Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində gənclərin ordu sıralarına yola salınması mərasimi keçirilib. Tədbirdə idarənin rəisi, polkovnik-leytenant Firudin Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Ordusunun muxtar respublikadakı hərbi birləşmələrində inkişafa doğru böyük dəyişikliklər baş verir. Hərbi hissələrdəki şərait, əsgərlərin normal qida və geyimlə təminatı yüksək səviyyədədir, gənc döyüşçülərə döyüs sirlərinin öyrədilməsi işi böyük məharətlə həyata keçirilir.
Mərasimdə Şərur Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurasının sədri Əli Qəribovun, Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Hüseynovun və başqalarının çıxışları olub. Çıxış edənlər ordumuza göstərilən dövlət qayğısından, xalq-ordu birliyinin sarsılmazlığından, orduda xidmət etməyin şərəf işi olmasından danışıblar.
Gənc çağırışçılar adından çıxış edən Nahid Bilali hərbi xidmətə yollanmaqdan böyük qürur hissi keçirdiyini deyib. O bildirib ki, Vətənin çağırışına səs vermək, gecə-gündüz düşmənlə üzbəüz mövqelərdə keşik çəkmək, Azərbaycan əsgəri adını daşımaq onun çoxdankı arzusu olub. Və bu arzusu, nəhayət, gerçəkləşib.
Çıxışlardan sonra çağırışçılar təntənəli şəkildə hərbi xidmətə yola salınıblar.
Həmin gün Kəngərli rayonunda da hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Xəbərlər şöbəsi