Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən şuranın sədri Anar İbrahimov 2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” Fəxri adının verilməsi haqqında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, artıq bir neçə ildir, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir. Gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət olunur. “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, onlara həmkarlar ittifaqı təşkilatları tərəfindən diqqətin artırılması məqsədilə təsis edilib. Belə ki, 23 sahə həmkarlar ittifaqı orqanından 50 nəfər gənc işçinin sənədləri AHİK-ə daxil olub, onların fəaliyyətini əks etdirən məlumatlar ümumiləşdirilərək təqdimat hazırlanıb.
Anar İbrahimov vurğulayıb ki, bu gün ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da gənclər siyasəti uğurla həyata keçirilir. Belə ki, dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 2013-cü il 29 mart tarixli Sərəncamı ilə muxtar respublikada Gənclər Fondu yaradılıb. Naxçıvan şəhərinin 2018-ci il də ölkəmizin “Gənclər paytaxtı”seçilməsi də burada gənclərə göstərilən qayğının bariz nümunəsidir. Bu gün muxtar respublikamızda gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində,Yeni Azərbaycan Partiyası sıralarında aparıcı qüvvə kimi formalaşır, müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov diqqətə çatdırıb ki, gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənc istedadlara dövlət qayğısının artırılması, onların məsul vəzifələrə irəli çəkilməsi və əməyinin qiymətləndirilməsi muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Qeyd edilib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların mühüm tədbirlərdə iştirakı və digər bu kimi məsələlər nazirlik tərəfindən ön plana çəkilir. Müntəzəm olaraq onların ölkədaxili və beynəlxalq seminarlarda iştirakı təşkil edilir. Gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının muxtar respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və idman sahəsində motivasiyasının gücləndirilməsi məqsədilə dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2015-ci il 21 avqust tarixli Qərarına əsasən “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclər haqqında müsabiqə keçirilib, bu müsabiqədə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da fəal iştirak edib və İcraiyyə Komitəsinin 2021-ci il 3 may tarixli Qərarına əsasən namizədlərin fəaliyyətlərini əks etdirən material, məlumat və vəsaitlər AHİK-ə göndərilib. Nəticəyə əsasən Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu Dilarə Baxşəliyeva, Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Ağır atletika ixtisası üzrə II kurs tələbəsi, Şərur rayon Ağır Atletika İdman Klubunun idmançısı Tərmenxan Babayev “İlin peşəkar gənci” fəxri adına layiq görülüblər.
Sonra gənclərə mükafatlar təqdim edilib. Onlar AHİK İcraiyyə Komitəsinin 2021-ci il 30 aprel tarixli Qərarına əsasən Fəxri fərman, döş nişanı və pul mükafatı ilə təltif olunublar.
Fəxri ada layiq görülən gənclər göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Ceyhun MƏMMƏDOV