Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr edilmiş tədbir olub.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli tarixi yoldan bəhs edib. Şamı Abdullayev vurğulayıb ki, dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Bu gün artıq dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatıb, bu gün 103 yaşını qeyd etdiyimiz Ordumuz torpaqlarımızı işğaldan azad edib. İşğala son qoyan, ərazi bütövlüyümüzü təmin edən bu qalibiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, uzaqgörən siyasətinin və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin nəticəsidir. Bu gün hər birimiz Vətən yolunda canlarından keçərək bizə tarixi zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik.
Mülki Müdafiə Alayının zabiti, leytenant İsmayıl Hənifəyev çıxışında qeyd edib ki, tam 103 il bundan əvvəl – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi – 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan Korpusu yaradılıb. 1920-ci ildə ölkəmiz sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək həmin funksiya Xalq Hərbi Komissarlığına verilib. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunub. Bu gün hərtərəfli inkişafı ilə diqqət çəkən ölkəmiz həm də qüdrətli Ordusu ilə müstəqilliyimizin qarantına çevrilib.
Sonra nazirliyin Kadrlar və sənədlərlə iş şöbəsinin kadrlar üzrə baş zabiti, baş leytenant Elşən Bayraməliyev Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin təbrik telefonoqrammasını şəxsi heyətə çatdırıb, Vətənimizin daha da qüdrətlənməsi və Ali Məclis Sədrinin tapşırıqlarını yüksək peşəkarlıqla icra edərək, doğma Naxçıvanımızın inkişafı və xoşbəxt gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Tədbir zamanı bir qrup hərbi qulluqçuya xidməti mənzil və növbəti hərbi rütbələr təqdim olunub, bir qrup əsgər heyəti isə qısamüddətli məzuniyyətə buraxılıb.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçiblər.