Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli Qərarı ilə ölkəmizdə ilk dəfə Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla da Milli Ordumuzun əsası qoyulmuşdur. Lakin 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu birləşmələri də ləğv olunmuşdur. Bundan sonra milli silahlı qüvvələrin yaradılması 70 il sonraya təsadüf etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.
Ölkəmizdə güclü, nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Görkəmli dövlət xadiminin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşıyır. Dahi liderin şəxsi təşəbbüsü ilə hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Peşəkar ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Belə ki, xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir. Ümummilli lider Heydər Əliyev sonralar həmin tarixi qərarı belə xarakterizə etmişdir: “1990-1991-ci illərdə Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün sentyabrın əvvəlində… bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da biz Naxçıvanda mütəşəkkil silahlı qüvvələr yaratmaq prosesinə başladıq. Biz burada Azərbaycanın Milli Ordusunu yaratdıq”.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması milli ordumuzun təkmilləşməsi prosesinə də öz təsirini göstərmişdir. Belə ki, qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilmişdir. Eyni zamanda dahi şəxsiyyətin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Ordumuzun yeni dövrün tələblərinə uyğun formalaşdırılması, beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirilmiş, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Nəticədə, milli hərbi birləşmələrimiz sülhməramlı qismində dünyanın müxtəlif münaqişə zonalarında iştirak etmiş və bu missiya hazırda da davam etdirilir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı, ilk növbədə, dövlətimiz üçün prioritet olan ordumuzun büdcəsinin artmasına, orduda müasir komplektləşdirmənin aparılmasına geniş imkanlar yaratmışdır. Nəticədə, Silahlı Qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunmuş, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilmişdir.
Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmiş, dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu əlamətdar hadisə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Ölkə Prezidenti bu barədə demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Bu gün muxtar respublikamızda ordu quruculuğu sahəsində mühüm işlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Təsadüfi deyil ki, ötən dövrdə muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Həmçinin xalq-ordu birliyi özünün ən yüksək səviyyəsinə çatmışdır. “Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatmışdır. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan Ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənmişdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mütəmadi olaraq sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat tərzi və problemləri ilə yaxından maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olmuşdur.
Ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017 və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülmüşdür. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü bütün dünyaya nümayiş etdirmişdir. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə bu gücün praktik nəticəsini ortaya qoymuşdur. Həmçinin “Günnüt əməliyyatı” ordumuzun düşmənə digər işğal altında olan ərazilərimizin də azad olunacağının ismarıcını vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də hərbi kadr hazırlığı ilə bağlıdır. Ötən dövrdə göstərilən böyük dövlət qayğısı hesabına Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilmiş, kursantlar üçün müasir tədris və məişət şəraiti yaradılmışdır. İndiyədək minlərlə kursantın təhsil aldığı lisey ordumuzun peşəkar zabitlərlə təminatında böyük rol oynayır.
Ümumilikdə, ölkəmizdə hərbi sahəyə göstərilən diqqət və qayğı güclü ordumuzun formalaşması ilə nəticələnmişdir. Uzun illərdən bəri BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmaması, məsələyə beynəlxalq birliyin susqunluğu, işğalçı ilə torpaqları işğal olunan tərəfə eyni münasibət göstərilməsi, ötən il düşmənin ölkəmizə qarşı həyata keçirdiyi təxribatların sayının artması ordumuzun bu problemi təkbaşına həll etməsinə rəvac verdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı. Dövlət başçısı həmin gün mövcud vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!.. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq...!”
Tarixə “Vətən müharibəsi” kimi yazılan, Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olduğu bu savaş XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi oldu. Ona görə sürətli ki cəmi 44 gün ərzində Azərbaycan əsgəri düşmən ordusunu diz üstə çökdürərək tamamilə onu darmadağın etdi. Ona görə müasir ki Azərbaycan Ordusu bu müharibədə ilk dəfə olaraq pilotsuz idarə olunan texnologiyalarla düşmənin geniş həcmdə bütün hərəkət edən və etməyən hərbi obyektlərini, o cümlədən illərlə qurulmasına əmək sərf edilmiş keçilməz sədlərini məhv edərək bütün dünyanı təəcübləndirdi. Ona görə ədalətli ki düşməndən fərqli olaraq Azərbaycan Ordusu heç zaman erməni mülki əhalinin yaşadığı obyekt və əraziləri hədəfə almadı. Halbuki tarixdə heç bir zaman müharibə nəticəsində ordusu tamamilə məhv edilmiş hər hansı bir ölkənin mülki əhalisinə az da olsa, zərər toxunulmaması faktı yoxdur!
Bu müharibə, həm də dünya hərb tarixinə sülhsevər Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Müharibənin dayandırılmasına və düşməni təslimçilik aktına qol çəkməsinə məcbur edən Şuşa zəfəri bu qalibiyyətin əsl kulminasiya nöqtəsi oldu. Uca qayaların üstündə yerləşən, heç bir hərbi texnikanın hərəkət edə bilmədiyi əraziyə – Şuşaya dişi-dırnağı ilə qalxan qəhrəman əsgərlərimiz düşmən üzərinə süngü-bıçaqla atılaraq onu yerindəcə boğdu. Ağlagəlməz və fziki cəhətdən mümkün olmayan bu əməliyyatla Azərbaycan əsgəri bütün dünyanı şoka saldı. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, ən məşhur hərbi mərkəzlərin ekspertlərinin tədqiq etdiyi və öyrəndikləri “Şuşa əməliyyatı” Azərbaycanın dünyanın ən güclü orduya malik olduğunu bir daha göstərdi. Bundan əlavə, müharibənin gedişində Azərbaycan ordusunun fərqli metodlarla düşmənin bütün hava müdafiə sistemlərini, silah anbarlarını, gizlədilmiş digər hərbi obyektlərini tamamilə dağıdaraq çökdürməsi də dünya hərb elminə salınan və gələcəkdə hərbi kadrların hazırlanmasında tətbiq olunacaq əməliyyat nümunələridir.
Əsas şüarı “Qarabağ Azərbaycandır!” olan Vətən müharibəsi, həm də ölkəmizin bu haqq mübarizəsində ona siyasi və mənəvi dəstək olan dostlarının kim olduğunu göstərdi. Bu müharibə, hər şeydən əvvəl, “Bir millət, iki dövlət” olan qardaş Türkiyə Respublikasının siyasi və mənəvi dəstəyi ilə iki qardaş xalqın birlik və həmrəyliyini bir daha bütün dünyaya sübut etdi. 10 dekabr 2020-ci ildə Bakıda Azadlıq meydanında təşkil olunan Zəfər paradında Türkiyə və Azərbaycanın dövlət başçıları bu möhtəşəm tədbirdə birgə iştirak etdilər. 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunduğu paradda üç il bundan əvvəl Ali Baş Komandan cənab İlham Əliyevin “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” sözləri öz təsdiqini tapdı. Günlərlə dünyanın nüfuzlu media qurumlarının silsilə reportajlar təqdim etdiyi Zəfər paradı xalqımızı bir daha sevinc göz yaşlarına boğaraq ordumuzla haqlı olaraq qürur duyduğumuzu bir daha təsdiqlədi.
Bu il aprelin 12-də isə Bakıda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün davam edən “Dəmir yumruq” əməliyyatında məhv edilmiş və ya qənimət olaraq ələ keçirilmiş yüzlərlə adda hərbi texnika Bakıya gətirilərək elə Ali Baş Komandanın təşəbbüsü ilə 5 hektarlıq ərazidə yaradılmış parkda nümayiş etdirilməkdədir. İllərdir, Azərbaycana qarşı çirkin iddialarla çıxış edən, torpaqlarını işğalda saxlayan “güclü” erməni ordusunun aqibəti bu parkda daha yaxşı görünməkdədir.
Şuşanın alınması ilə Vətən müharibəsinə qalibiyyət möhürünü vuran, ata vəsiyyətini yerinə yetirən cənab İlham Əliyev qalib sərkərdə kimi ulu öndər Heydər Əliyevin builki doğum günündə Onun doğulub boya-başa çatdığı Naxçıvana gəlmişdir. Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işləri bir daha qiymətləndirən Ali Baş Komandan burada Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, hərbi aerodromun açılışında iştirak etmişdir. Muxtar respublikanın hərbi təhlükəsizliyi ilə bağlı görülən işləri yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.
Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan Ali Baş Komandan bunları qeyd etmişdir: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Bəli, illərdir, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər öz nəticəsini verdi. Erməni ordusuna, bütövlükdə, saxta və uydurma erməni milli şüuruna, ideologiyasına böyük zərbə vuran Azərbaycan Silahlı Qüvvələri bu zəfərlə həm də regionda yeni reallıqlar yaratdı. Bölgənin rifahı və tərəqqisi üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları məlum Bəyannamədə Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin bərpası da ölkəmizin regionda böyük söz sahibi olmasının göstəricisidir. Bu yaxınlarda – 15 İyun – Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə prezidentlərinin Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada imzaladıqları Şuşa Bəyannaməsi isə bir çox aspektdən, həmçinin hərbi təhlükəsizlik baxımından böyük məna kəsb edir. Bəyannamədə deyildiyi kimi, “…Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Bu il Azərbaycan öz Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümünü Qalib Ordu kimi qeyd edir. İllərdir, 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində böyük ümidlə dediyimiz – Azərbaycan əsgərinin xalqımıza qələbə sevincini yaşadacağı, üçrəngli bayrağımızın işğal altında qalan torpaqlarımızda dalğalanacağı gün yaxındadır sözləri artıq öz təsdiqini tapmışdır. Şükürlər olsun ki, bu gün ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Bizə bu milli qüruru yaşatdıqlarına görə Ali Baş Komandana, ordumuza daim minnətdar olacağıq!
“Şərq qapısı”