Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyunun 25-də Babək Rayon Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan, muxtar respublikanın, o cümlədən də Babək rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində qəzetin əhəmiyyətindən bəhs edib.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova tədbirin 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdıraraq 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı zəfərdən, informasiya müharibəsindəki qələbədə kütləvi informasiya vasitələrinin müstəsna rolundan bəhs edib, 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan, “Şərqin səhəri” qəzetinin, Babək rayon ziyalılarının kənar müəllif kimi qəzetlə yaxından əməkdaşlığından danışıb. Bildirilib ki, qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuş, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilmişdir. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərmiş, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.
Qeyd olunub ki, Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüşdür. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin etmişdir.
2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmasının “Şərq qapısı” qəzetinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsinə əhəmiyyətli təsirindən danışan baş redaktor vurğulayıb ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Qeyd olunub ki, 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınmış, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.
Rövşən Hüseynov qeyd edib ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında yüksək səviyyəli, müasir tələblərə cavab verə biləcək qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmişdir. Qlobal informasiya məkanına çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır.
Tədbirdə“Şərq qapısı” qəzetinin Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin müdiri Nail Əsgərov, “Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Babək Rayon Təşkilatının sədri Vəliqulu Həsənov, “Şərqin səhəri” qəzetinin əməkdaşı Lalə Allahverdiyeva, Babək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri İmran Kələşov çıxış edərək “Şərq qapısı” qəzetinin Babək rayonunun ictimai-siyasi, mədəni, sosial həyatını geniş şəkildə işıqlandırmasından, milli mətbuatımızın inkişafında, jurnalist kadrların hazırlanmasındakı rolundan ətraflı söhbət açıblar. Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən, müstəqillik illərində Babək rayonunun qazandığı uğurlardan bəhs edən videoslayd nümayiş olunub.
Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən “Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadəyə fəxri fərman və hədiyyələr, digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.
Nail ƏSGƏROV
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/31547-babaek-rayonunda-shaerzh-zhap-s-zhaezetinin-yubiley-taedbiri-kedzhirilib.html#sigProGalleria343ba1d185