22 Dekabr 2024, Bazar

      Tanrı yaratdığı hər bir insana bir ömür biçib.Bunu azda sayanlar var çoxda .  İnsan var ki uzun ömrünü bada verir,insanda var ki ,qısa ömrü ilə tarix yazır. Təkcə ölümləriylə deyil  yaşadıqları ömürləri ilə də vətənin torpağında daşa çevrilib sözün əsl mənasında Vətəndaş olan insanlar vardır. Belə insanlar onları əhatə edən cəmiyyətə,mənsub olduğu millətə,üstündə böyüdüyü torpağa sevgi bağları ilə  möhkəmcə bağlanıb onunla  bütünləşirlər. II Qarabağ müharibəsində biz vətənlə bütövləşən  igidlərin qəhrəmanlıqlarına şahid olduq .

      44 günlük Vətən müharibəsinin dastanlara sığmayan qəhrəmanlarından hələ çox danışacağıq. İndi haqqında yazacağım igid də onlardan biridir.

      1997 ci ilin milli qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun tarixində Naxçıvanın Kəngərli rayonunu Xök kəndində dünyaya göz açan Əsgərov Təbriz Çapay oğlu iki bacının yeganə qardaşı idi. Anası ona Təbriz adını vermişdi ki, bu həyatda nə qədər çətinlik çəksə də heç bir zaman inamını itirməsin. İnsan adı ilə yaşayarmış deyiblər.Təbriz də həyata hər zaman nikbin yanaşır, nə qədər çətinlik çəksədə hər zaman gələcəyə ümidlə baxırdı. Hələ orta məktəbin 5-inci sinifində oxuyarkən Təbrizin anası ağır xəstələnərək 4 il yataqda yatır. Ailənin maddi çətinlikləri olduğu üçün Təbriz 11yaşında işləmək məcburiyyətində olub.Yayda biçinlə ,qışda yük daşımaqla ailəsinə çörək pulu gətirirdi. O balaca ciyinlərində bir ailənin yükünü daşımaqdan heç yorulmurdu. Ailəsinə çox bağlı olan Təbriz bacılarını əzizləyər, onlara gözümün nuru deyərdi. Özündən böyük bacısı İlkanə xanımın uzun, qıvrım saçlarını darayıb ,hörərdi. Ürəyində hamıya sevgi bəsləyər, heç kimin qəlbinə dəyməzdi. Hələ balaca vaxtı evdə onu görə bilməyəndə bilirdilər ki, yenə məhəbbət quyusuna, oradakı quşları yemləmək üçün gedib. O təkcə insanları yox bütün canlıları sevərdi. Sanki mərhəmətdən yoğrulmuş  qəlbi heç bir canlının əziyyət çəkməsini istəməzdi.  Həyətlərindəki qarışqa yuvalarının yanına buğda dənələri tökərdi ki, qoy yem axtarmaq üçün uzaqlara gedib yorulmasınlar.

   Vətən sevgisini bütün ruhuyla yaşayan bu igid oğlan milli filimlərimizi izləməyi, xalq musiqilərinə qulaq asmağı çox sevirdi. Birdə S.Vurğunun , C.Cabbarlının ,Z.Yaqubun, M.Arazın vurğunu idi. Elə axırıncı dəfə bacısına aldığı hədiyyə də  S.Vurğunun "Seçilmiş əsərləri " kitabı olub.

  Təbriz mərd və qoçaq oğlan idi. Kənddə kimin köməyə ehtiyacı olsa hamıdan qabaq o gedərdi. Məhz hərbidə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işlədiyi dövrlərdə də qoçaqlığı ,təlimlərdə çevik iştirakı ilə seçilərək bir neçə dəfə fəxri fərmana laiq görülüb .

 Müharibə başlamazdan çox əvvəl Təbrizin bir xəyalı var idi ki, bir gün Qarabağı azad edəcək və orada özünə ev tikəcəkdi. Birdə Qarabağ atı ilə Şuşanın bütün dağlarını gəzəcək ,Cıdır düzündə şahə qalxan atın belindən Qarabağ bizimdir deyə hayqıracaqdı. Müharibə başlayan kimi ürəyinəki Vətən sevgisi, Qarabağı azad görmək arzusu onu cəbhəyə apardı. Təbriz evdə ailəsinə belə demədən adını könüllü olaraq xüsusi təyinatlılar üçün keçirilən kursa yazdırıb 2 həftəlik təlim keçəndən sonra oktyabırın 17 -də  baş kəşfiyyatçı olaraq Füzuliyə yola düşür. Gedib oraya çatanda bacısına telefonla mesaj yazıb halallıq istəyərək deyir ki,  məni bağışlayın neçə gündür sizə yalan danışıram, əslində isə mən gəlmişəm Qarabağa.Vətənin harayına gəlməsəydim sizin başınızı önə əydirmiş olardım. Əgər şəhid olsam anama deyərsən ki, ağlamasın. Başını dik tutub vətən sağ olsun desin. Unutmayın mən sizin başınızı uca etmək üçün burdayam.

 Təbriz Hadrut, Qubadlı, Zəngilan  uğrunda döyüşlərdə böyük şücaətlər göstərərək qorxusuz  bir qartal kimi düşmənin üstünə şığayırdı.Biz buraya ölmək üçün yox öldürmək üçün gəlmişik deyən Təbriz Qırmızı bazar yaxınlığında düşdükləri mühasirədən 8 erməni əsgərini öldürərək yoldaşlarını xilas etməyi bacarır. Öz ehtiyyat suyunu, yeməyini  hər zaman döyüş yoldaşları ilə bölüşən bu igid  4 noyabırda Laçın dəhlizi istiqamətindən Xankəndinə gedən dümşmən maşınlarını içindəki heyəti ilə birlikdə məhv etmişdi. Noyabr ayının  5- dən 6 -na keçən gecə isə Şuşanı azad etmək uğrunda gedən dillərə dastan o möhtəşəm döyüşdə Təbriz öz uşaqlıq dostu Kamaləddin (Məmmədov Kamaləddin İsrayıl oğlu 10.10.1996 ) və digər yoldaşları ilə birlikdə düşmənə qan udduraraq alınmaz qalamız olan Şuşanı azad etmişdilər.

 Təbriz uşaqlığını bir yerdə keçirdiyi, eyni vaxta döyüşə getdiyi, Qarabağın azadlığı uğrunda çiyin -çiyinə döyüşdüyü dostu Kamaləddinlə birlikdə Şuşada qələbənin elan olunmasına 2 saat qalmış  şəhadətə qovuşdu. Onları son görən döyüş yoldaşları ruhun bədəni tərk edib ali məqama yüksəldiyi vaxt dostların üzündəki sevinci, o gözəl gülüşü heç vaxt unuda bilməyəcəklərini deyirlər. Yoldaşları ilə mühasirədə olanda belə zarafat edib gülən Təbriz və Kamaləddin şəhidlik kimi ali məqamada gülərək yüksəldilər. Hər zaman birlikdə olan bu iki dost noyabrın 13 də Naxçıvana gətirilərək doğulduqları Xök kəndində  dəfn edildilər.

 Qurtuluş günü dünyaya gələrək ailəsinin sevincinə dönən Təbriz azadlıq yolunda canından keçərək 10 milyonluq bir xalqın qüruruna çevrildi. Təbriz  və dostu Kamalədin Ali Baş Komandanın səancamı ilə ölümündən sonra

"Vətən  uğrunda ", "İgidliyə görə " ,  " Şuşanın azad olunmasına görə " medalları ilə təltif  edildilər.

 Tanrının sizə biçdiyi bu qısa, şərəfli ömrünüzü azadlığı uğrunda fəda etdiyiniz bu xalq sizi hər zaman ürəyində yaşadacaq.  Nə qanla yazılan tarix ,nə də bu tarixi yazanlar əsla unudulmazlar ! Nur  içində rahat uyuyun !

   

                     İlahə Allahverdiyeva

 Naxcıvan Dövlət Universiteti "Jurnalistika

ixtisası üzrə  II kurs tələbəsi

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR